Müdafiə naziri: Yeni nəsil silahların Azərbaycan Ordusunun arsenalına daxil edilməsi məsələsi birbaşa Ali Baş Komandanın nəzarətindədir
Ordumuzun imkan və qabiliyyətlərinin artırılması, qoşunların hərtərəfli və fasiləsiz maddi-texniki təminatının keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni silahların, texnikanın, hərbi əmlakın alınması, silahlanmaya qəbul edilməsi istiqamətində işlər aparılır.
“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun IDEF-2023 sərgisinin iştirakçıları üçün POLİQON jurnalına açıqladığı mesajda deyilib.
General-polkovnik Zakir Həsənov bildirib ki, dünyanın ən müasir, yeni nəsil silah və hərbi texnikasının Azərbaycan Ordusunun arsenalına daxil edilməsi məsələsi birbaşa Ali Baş Komandanın şəxsi nəzarətindədir: “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, ordu sıralarında genişmiqyaslı islahatlar bu gün də aparılır, Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılması prosesi davam edir.
Məhz iki qardaş ölkə arasında 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu gün ordumuz regionun ən güclü hərbi strukturu və dünya orduları sırasında layiqli və yüksək yer tutmuş, vahid komandanlıq altında mərkəzdən idarə olunan, vətənimizin müdafiəsində ayıq-sayıq dayanan ordudur”.
Nazirin sözlərinə görə, hazırda dünyada baş verən hərbi-siyasi proseslər, dövlətlərin təhlükəsizliyinə olan yeni təhdidlər hərbi-texniki əməkdaşlıq və müasir texnologiyaların mübadiləsi məsələləri daha da aktuallaşdırıb. Bu səbəbdən də dövlət başçısının tapşırığına əsasən Vətən müharibəsindən sonra Azərbaycanın hərbi qüdrətinin daha da artırılması məqsədilə yeni silahların alınması prosesi davam edir.
“Bildiyiniz kimi, qardaş Türkiyə Respublikası ilə Azərbaycan arasında min illərə söykənən dostluq və əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycan yenidən müstəqilliyini bərpa etdikdən sonra bu münasibətlər yeni müstəviyə qədəm qoydu və bütün sahələrdə qarşılıqlı maraqlara xidmət edən əməkdaşlığa start verildi. Bu gün hərbi, hərbi-texniki sahədə ilbəil artan əlaqələrimiz, strateji tərəfdaşlıq, müttəfiqlik səviyyəsində davam edir”, – deyə Zakir Həsənov vurğulayıb.