Müdafiə Nazirliyi təsdiqlədi: Azərbaycan Ordusu “Odundağ” yüksəkliyini tutub

Müdafiə Nazirliyi “Odundağ” yüksəkliyinin Azərbaycan Ordusu tərəfindən tutulması barədə xəbəri təsdiqləyib.

Bu barədə “AzeriDefence”nin sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Bəzi elektron kütləvi informasiya vasitələrində Ermənistandakı mənbələrə istinadən Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən “Odundağ” yüksəkliyinin Azərbaycan ordusunun nəzarətinə keçməsi və ətraf erməni ərazilərinin asanlıqla müşahidə edilməsi barədə məlumat yayılıb. Faktı təsdiq edərək bildiririk ki, həqiqətən həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib”, – deyə Müdafiə Nazirliyi bəyan edib.

Qeyd edək ki, “Odundağ” yüksəkliyi Ermənistanın Noemberyan rayoonu ilə Azərbaycanın Qazax rayonunun sərhədində – Bağanis kəndi yaxınlığında yerləşir.

CATEGORIES
TAGS