Müdafiə Nazirliyinin yaranmasından 26 il ötür – FOTOLAR

Bu gün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaradılmasından 26 il ötür.

“AzeriDefence”nin məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 1991-ci il tarixli 334 saylı Fərmanı ilə Müdafiə Nazirliyi yaradılıb. General-leytenant Valeh Əyyub oğlu Bərşadlı isə müdafiə naziri təyin edilib.

Fərmanda qeyd olunub: “Azərbaycan Respublikasının milli özünümüdafiə qüvvələrinin yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti tərəfindən qərar qəbul edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyini yaratmaq və Valeh Əyyub oğlu Bərşadlı yoldaşı Azərbaycan Respublikasının müdafiə naziri təyin etmək məqsədəuyğun sayılsın. Bu fərman Azərbaycan Respublikası Ali Sovetinin müzakirəsinə verilsin”.

mn1 e1504629498630

Qeyd edək ki, sentyabr ayının 5-də yaradılan Müdafiə Nazirliyinin ilk heyəti 4 nəfərdən ibarət olub. Bunlar general-leytenant Valeh Bərşadlı, polkovniklər Arif Salahov, Dadaş Rzayev və Telman Mehdiyev idi. Hazırda onlardan iki nəfər D. Rzayev və T. Mehdiyev həyatdadır. V. Bərşadlı müdafiə naziri postunda 11 dekabr 1991-ci il tarixinədək çalışıb.

Valeh Bərşadlı

Valeh Bərşadlı

1991-ci il sentyabr ayının 25-də Dadaş Rzayev milli özünümüdafiə qüvvələrinin komandanı – Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini təyin edilib.

Sentyabr ayının 28-də prezident “Azərbaycan” prospektində əvvəllər Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Komitəsinin yerləşdiyi inzibati binanın (indiki DSX-nin mərkəzi aparatı yerləşən bina) əvəzi ödənilmədən Müdafiə Nazirliyinə verilməsi barədə sərəncam imzalayıb. Eyni sərəncamla Xalq Təhsili Nazirliyinin nəzdində olan C. Naxçıvanski adına  Respublika ixtisaslaşdırılmış orta  ümumtəhsil internat məktəbi Müdafiə Nazirliyinə verilib. Nazirlər  Kabinetinə  Müdafiə  Nazirliyinin  maliyyə, nəqliyyat təminatı və öz fəaliyyətinin digər məsələləri barədəki təkliflərini nəzərdən keçirib həll etmək tapşırılıb.

1991-ci ilin oktyabr ayında Ali Sovet (indiki Milli Məclis) “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanunu və Hərbi Andın mətnini qəbul edib.

Ötən 26 ildə Müdafiə Nazirliyinə general-mayor Tacəddin Mehdiyev (dekabr 1991-fevral 1992), polkovnik Şahin Musayev (1992-ci ilin fevral ayı – əvəz edib), Tahir Əliyev (fevral-mart 1992), Rəhim Qazıyev (mart 1992-fevral 1993), general-mayor Dadaş Rzayev (fevral-iyun 1993), general-mayor Səfər Əbiyev (iyun 1993-avqust 1993 -əvəz edib), general-mayor Vahid Musayev (avqust 1993 – əvəz edib), general-mayor Məmmədrəfi Məmmədov (sentyabr 1993-fevral 1995), general-polkovnik Səfər Əbiyev (fevral 1995- oktyabr 2013) və general-polkovnik Zakir Həsənov (oktyabr 2013 tarixindən bu günə) rəhbərlik ediblər. Tahir Əliyev polis zabiti, Rəhim Qazıyev isə Müdafiə Nazirliyinə rəhbərlik etmiş yeganə qeyri-hərbçidir (1918-1920-ci illərdəki hərbi nazirlər istisna olunmaqla).

Azərbaycanın ən “uzunömürlü” müdafiə naziri olan Səfər Əbiyev bu öostda general-mayor rütbəsindən general-polkovnik rütbəsinədək yüksəlib.

 

 

 

CATEGORIES