
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) ilə Elm və Təhsil Nazirliyinin (ETN) birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “İxtisaslaşmış Akademik Tədris proqramı”nın 2026–2027-ci tədris ilinin payız semestri üzrə test imtahanı və müsahibə mərhələsi keçirilib.
MSN-in Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, ümumilikdə 247 namizədin iştirak etdiyi müsabiqədə Azərbaycan Texniki Universiteti (AzTU), Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Ali Neft Məktəbinin tələbələri öz biliklərini nümayiş etdiriblər.
Komissiyanın tərkibində Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən institutlar, eləcə də müxtəlif ali təhsil müəssisələrinin professor-müəllim heyəti və ixtisaslaşmış mühəndislər iştirak ediblər.
Qeyd edək ki, AzTU-da təşkil olunan proqramın əsas məqsədi müdafiə sənayesi sahəsi üzrə ixtisaslaşmış kadr hazırlığının gücləndirilməsi, gənc mütəxəssislərin bilik və peşə bacarıqlarının inkişaf etdirilməsi, həmçinin bu sahədə təhsil və istehsalat arasında əməkdaşlığın daha da genişləndirilməsidir.







