Mühəndis qoşunları 492 hektar ərazini minalardan təmizləyib

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar örtüyündən təmizlənir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərinə yeni təminat yolları çəkilir.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azad edilmiş ərazilərdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində aprel ayının 1-dən 15-dək olan müddət ərzində 492 hektar ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib.
İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 15000 hektardan artıq ərazi minalardan təmizlənib. Ümumilikdə 6095 ədəd piyada əleyhinə, 2172 ədəd tank əleyhinə və 9368 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.
Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərdə mühəndis işləri davam etdirilir.





