
Ankarada keçirilən NATO Sammitinin Müdafiə Sənayesi Forumunda Alyans ölkələri növbəti beş il ərzində pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə imkanlarının inkişafına 40 milyard ABŞ dollarından çox vəsait yatıracaqlarını açıqlayıblar.
“Poliqon” xəbər verir ki, həmçinin 2027-ci ilin sonunadək hazırlanan dron operatorlarının sayının beş dəfə artırılması hədəflənir.
Sürətli satınalma prosesini dəstəkləmək məqsədilə NATO PUA əleyhinə sistemlər üçün xüsusi bazar platforması yaradacaq. Bu platforma vasitəsilə təqdim olunan sistemlərin NATO tərəfindən sınaqdan keçirildiyi, NATO standartlarına uyğun olduğu və satınalma üçün əlçatan olduğu təmin ediləcək.
Dron operatorlarının hazırlanmasını gücləndirmək üçün müttəfiqlər NATO-nun çoxmillətli “Flight Training Europe” (NFTE) təşəbbüsündən də istifadə edəcəklər. Hazırda bütün uçuş heyətlərinin hazırlığını koordinasiya edən bu təşəbbüsün fəaliyyəti dron operatorlarının təlimini də əhatə edəcək şəkildə genişləndiriləcək.
Forum çərçivəsində Finlandiya, Fransa və İsveç NFTE təşəbbüsünə qoşularaq üzv ölkələrin sayını 20-yə çatdırıblar. Təşəbbüs iştirakçı dövlətlərə səkkiz ölkədə yaradılmış 16 uçuş təlim mərkəzindən istifadə etmək imkanı verir.
Bundan əlavə, NATO-nun Dəstək və Satınalma Agentliyi (NSPA) müttəfiq ölkələr üçün müşahidə məqsədli pilotsuz uçuş aparatlarının tədarükü ilə bağlı yüz milyonlarla ABŞ dolları dəyərində müqavilə imzalayıb.
NATO bildirir ki, pilotsuz uçuş aparatları müasir müharibələrin xarakterini əsaslı şəkildə dəyişdirərək döyüş meydanında həlledici amillərdən birinə çevrilib. Effektiv müdafiə isə PUA-ların operativ şəkildə aşkarlanması, müəyyən edilməsi və zərərsizləşdirilməsi qabiliyyətindən asılıdır. Bu təşəbbüslərin Alyansın döyüş hazırlığını və dayanıqlığını əhəmiyyətli dərəcədə artıracağı vurğulanır.




