Nazir Rəşad Nəbiyev: “TEKNOFEST” Azərbaycanda gənc nəslin texnologiyalara marağının artmasına təkan verəcək
Dünyanın ən böyük texnologiya festivalı “TEKNOFEST” bu il ilk dəfə ölkəsi Türkiyədən kənarda – Azərbaycanda keçirilir. Bu, ölkələrimiz arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürüdür.
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “POLİQON” jurnalına açıqlamasında deyib. Nazir Rəşad Nəbiyevin “TEKNOFEST Azərbaycan” festivalı ilə bağlı mesajını təqdim edirik.
“TEKNOFEST” Türkiyədə 2018-ci ildən təşkil olunur və bu müddət ərzində ilbəil böyüyərək yeni uğurlara, rekordlara imza atıb. Sözün əsl mənasında 100% türk brendi olan “Teknofest” qısa müddətdə dünyanın ən iri texnologiya festivalı statusunu qazanıb.
Azərbaycan ilk dəfə 2022-ci ildə İstanbulda keçirilən “TEKNOFEST”də iştirak edib. Azərbaycan pavilyonunda 11 startap və 1 sahibkar öz layihələrini təqdim edib.
Gənclərin texnoloji sahələrə maraqlarının artırılmasında, milli texnoloji həllərin yaranmasında və nəticə etibarilə bunun bir hərəkata çevrilməsində “TEKNOFEST” kimi təşəbbüslər xüsusi rol oynayır. Qardaş Türkiyənin misalında bunu görmək olar. 44 günlük Vətən müharibəsində mühüm rol oynamış “Bayraktar” məhz bu hərəkatın nəticəsidir.
Azərbaycan da müasir dünyanın yeni çağırışlarına – rəqəmsallaşma və innovasiyaya uyğun insan resursları yetişdirilməsi yolunu seçib. 2021-ci ilin fevral ayında cənab Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində təsbit olunmuş beş istiqamətdən biri məhz “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı”dır.
“TEKNOFEST” Azərbaycan” festivalının müsabiqələrini müəyyən edərkən ölkəmizin milli prioritetləri və gələcək hədəfləri əsas meyar kimi götürülüb. Bu çərçivədə 8 texnoloji müsabiqə, 3 beynəlxalq tədbir keçirilir. Festivalda iştirak üçün ümumilikdə 1000 komanda, 5000-dək şəxs müraciət edib.
“TEKNOFEST” Azərbaycanda ilk növbədə gənc nəslin texnologiyalara marağının artmasına təkan verəcək. Türkiyə təcrübəsinə istinad etsək, görərik ki, festivalın ilk ilində – 2018-ci ildə müsabiqələrdə iştirak üçün 20 000 nəfər müraciət edib. 2021-ci ildə isə bu rəqəm 10 dəfə artaraq 200 000 nəfərə çatıb.
“TEKNOFEST” gənclərə yeni bilik və təcrübələr əldə etməsinə şərait yaradacaq. Bunlardan əlavə, Azərbaycan startapçılarına yeni imkanlar yaradacaq. “Teknofest” çərçivəsində keçiriləcək “TAKE OFF” Startap Sammiti bu istiqamətdə mühüm rol oynayacaq. Çünki bu, qlobal bazarlara çıxış potensialı olan startapçılarla yanaşı, xarici ölkələrdən investorlar və vençur fondlarının iştirak etdiyi bir platformadır.
İnanıram ki, “Teknofest” ilə ilhamlanan türk və Azərbaycan gəncləri “Bayraktar” kimi uğurlu həllər sayəsində ölkələrimizi dünya dövlətləri arasında ilk sıralara çıxaracaqlar.
“TEKNOFEST Azərbaycan” festivalının bütün iştirakçılarına uğurlar arzulayıram.