“Otokar” ALPAR insansız döyüş maşınını ilk dəfə təqdim edib – VİDEO

“Otokar” ALPAR insansız döyüş maşınını ilk dəfə təqdim edib – VİDEO

Türkiyənin “Otokar” şirkəti Sakaryadakı müəsssisəsində təşkil etdiyi mətbuat konfransında qlobal bazarlarda fərq yaradan imkanlarını açıqlayıb və yeni quru platformalarını təqdim edib.

“Poliqon” “Otokar”a istinadən xəbər verir ki, təqdim edilən yeni texnikaların sırasında yer alan ALPAR insansız döyüş maşını, ilk dəfə geniş ictimaiyyətə nümayiş olunub.

ALPAR, “Otokar” tərəfindən silahlı qüvvələrin robot və insansız quru vasitəsi ehtiyaclarını ödəmək üçün döyüş meydanında insanlı və pilotsuz elementlərlə birlikdə tapşırıqları yerinə yetirə biləcək insansız platforma olaraq hazırlanıb. O, insansız quru platformaları arasında ağır sinif adlandırılan (Heavy Class) seqmentə aiddir. Şirkətin bildirdiyinə görə, ağır sinifdə inkişaf etdirilmiş ilk insansız döyüş maşını olan ALPAR, Türkiyə müdafiə sənayesi üçün bir ilkdir.

Serialı hibrid elektrikli güc qurğusu sayəsində tamamilə səssiz şəkildə işləyə bilən insansız döyüş maşını, avtonom və uzaqdan idarəetmə imkanlarına sahibdir. Tırtıllı şassi ilə təchiz edilən ALPAR, aşağı istilik izi, təyyarədə daşınma qabiliyyəti və tez dəyişdirilə bilən batareya infrastrukturu ilə seçilir. Həmçinin, o, daxili bölməsində əlavə mini pilotsuz quru vasitəsi də daşıya bilir ki, bu da onun əməliyyat qabiliyyətini artırır.

ALPAR, sahib olduğu avtonom və süni intellekt sistemləri ilə aşağıdakı problemlərin həllini hədəfləyir:

  • Döyüş meydanında şəxsi heyət riskinin azaldılması;
  • Süni intellekt və data analitikasından istifadə etməklə əməliyyat sahəsindəki personalın sayını azaldaraq tapşırıqların, xüsusən də gündəlik fəaliyyətlərdəki müvəffəqiyyətin artırılması;
  • Döyüş meydanında pilotsuz uçuş aparatları və digər elementlərlə əlaqə quraraq əməliyyat meydanında effektivliyin artırılması.

O, maksimum 15 ton ağırlığa, 3 ton faydalı yük daşımaq bacarığına, 500 km mənzilə və 70 km/saat hərəkət sürətinə malikdir. Üstün imkanları ilə seçilən ALPAR-ın, zirehli döyüş maşını, kəşfiyyat-müşahidə maşını, tank qırıcısı, antidron maşını, logistik xidmət və rele avtomobili kimi versiyaları mövcuddur.

Əlavə olaraq qeyd edək ki, “Otokar” şirkəti 25-28 iyul tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək IDEF-2023 Beynəlxalq Müdafi Sənayesi Sərgisində özünün yeni və döyüş meydanında sübut olunmuş məhsullarını nümayiş etdirəcək.

Poliqon.az

CATEGORIES
TAGS