“Otokar” “Arma 6×6” zirehli maşınını BƏƏ-də nümayiş etdirir
Türkiyənin “Otokar” şirkəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən IDEX-2023 sərgisində “Arma 6×6” zirehli maşınını ilk dəfə nümayiş etdirir.
“Poliqon” xəbər verir ki, “Arma” ailəsinin üzvü olan “Arma 6×6” zirehli maşını üstün hərəkət qabiliyyətinə malikdir.
Yüksək mina və ballistik mühafizə təmin edən “Arma 6×6”nın dizaynı ona orta və yüksək çaplı silah sistemlərinin inteqrasiyasına imkan verir. Bu siyahıya 7.62 mm-lik pulemyotlardan 90 mm-lik toplara qədər müxtəlif silahların quraşdırıldığı döyüş modulları, tank əleyhinə raket sistemləri və zenit-raket kompleksləri aiddir.
“Arma 6×6” rəqiblərindən xüsusi yükgötürmə qabiliyyəti və geniş daxili həcmi ilə seçilir. Yüksək taktiki və texniki xüsusiyyətlərə malik “Arma 6×6”nın ən çətin ərazi və iqlim şəraitində sülhməramlı və humanitar yardım əməliyyatları üçün müxtəlif konfiqurasiyaları mövcuddur.
“Arma 6×6” zirehli transportyoru müşahidə, xilasetmə, zirehli personal daşıyıcısı, zirehli döyüş maşını, komanda idarəetmə, kəşfiyyat və KBRN kəşfiyyat vasitəsi kimi müxtəlif missiyalarda istifadə oluna bilər.
Maksimum 23000 kq ağırlığa, 700 kilometr mənzilə və 10 personal daşımaq bacarığına (sürücü və döyüş maşın komandiri daxil) malik “Arma 6×6” quruda 105 km/saat sürətlə hərəkət etmək, suda isə 9 km/saat sürətlə üzmək imkanına sahibdir. Zirehli texnika avtomatik ötürmələr qutusu və 450 at gücündəki turbo dizel mühərriki ilə təchiz edilib.