“Otokar” Estoniya Ordusuna ARMA 6×6 zirehli transportyorlarını tədarük edəcək

“Otokar” Estoniya Ordusuna ARMA 6×6 zirehli transportyorlarını tədarük edəcək

Türkiyənin “Otokar” şirkəti Estoniya Ordusuna 130 milyon avro dəyərində ARMA 6×6 zirehli transportyorları tədarük edəcək.

“Poliqon” “Otokar”a istinadən xəbər verir ki, ARMA 6×6-ların tədarükü ilə bağlı müqavilə Estoniya Müdafiə İnvestisiyaları Mərkəzinin (ECDI) baş direktoru Maqnus Valdemar Saar və “Otokar”ın baş direktor müavini Sedef Vehbi tərəfindən imzalanıb.

Müqaviləyə əsasən, zirehli transportyorların Estoniya Ordusuna çatdırılmasına 2024-cü ilin ikinci yarısında başlanması və 2025-ci ildə tamamlanması planlaşdırılıb.

Bundan başqa, Türkiyənin milli müdafiə naziri Yaşar Güler ​​və Estoniyanın müdafiə naziri Hanno Pevkurun iştirakı ilə keçirilən imza mərasimində iki ölkənin nazirləri arasında xoş niyyət məktubu (LOI), ardınca isə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı Haluk Görgün və ECDI baş direktoru Magnus Valdemar Saar arasında müdafiə sənayesində əməkdaşlıqla bağlı protokol imzalanıb.

Tədarük ilə bağlı fikirlərini bölüşən şirkətin baş direktor müavini Sedef Vehbi, “Otokar”ın müdafiə sənayesi sahəsində qlobal oyunçu olduğunu bildirib: “ARMA 6×6 maşınlarımızla Estoniya Silahlı Qüvvələrinə xidmət edəcək olmaqdan qürur duyuruq. Türkiyənin aparıcı quru sistemləri istehsalçısı olan “Otokar”ın 33 minə yaxın hərbi maşını 5 qitədə 40-dan çox dost və müttəfiq ölkədə xidmət göstərməyə davam edir. Qlobal səviyyədəki biliklərimiz, mühəndislik uğurlarımız, tədqiqat-inkişaf və texnologiya imkanlarımızla istifadəçilərimizə ən yaxşı məhsul və xidmətləri təqdim etmək üçün çalışırıq”.

O qeyd edib ki, “Otokar” şirkəti hazırda NATO və BMT-nin quru sistemləri üzrə tədarükçüləri sırasındadır: “Estoniya ilə imzaladığımız bu müqavilə bizim ARMA çoxtəkərli zirehli döyüş maşını ailəmiz üçün əlamətdardır. Dünyanın müxtəlif coğrafiyalarında və iqlim şərtlərində özünü doğrultmuş ARMA 6×6 ikinci dəfə NATO üzvü olan bir ölkənin inventarında yer alacaq. ARMA 6×6 avtomobilimizin Estoniya Silahlı Qüvvələrinin çətin dəyərləndirməsində beynəlxalq rəqiblərini geridə qoyaraq seçilməsindən qürur duyuruq. Bu müqaviləni Estoniya Silahlı Qüvvələri ilə “Otokar” arasında uzunmüddətli əməkdaşlığın başlanğıcı kimi  qiymətləndiririk”.

“Otokar”ın yüksək taktiki və texniki xüsusiyyətlərə malik olan ARMA 6×6 zirehli transportyoru hazırda müxtəlif coğrafiyalardakı 5 fərqli istifadəçinin inventarında aktiv şəkildə xidmət göstərməkdədir. ARMA 6×6 üstün hərəkət, yüksək mina və ballistik müdafiə bacarıqları ilə birlikdə istifadəçiyə orta və yüksək çaplı silah sistemlərini inteqrasiya etmək imkanı verir.

ARMA 6×6 xüsusilə yüksək döyüş ağırlığı və geniş daxili həcmi ilə diqqət çəkir. O, tələb və ehtiyaclara uyğun şəkildə müxtəlif silah və qüllə sistemləri ilə təchiz edilə bilər. ARMA ailəsi zirehli transportyor, zirehli döyüş maşını, komanda-idarəetmə və KBRN kəşfiyyat vasitəsi kimi müxtəlif missiyalarda istifadə oluna bilər.

CATEGORIES
TAGS