“Otokar” şirkəti geniş çeşidli zirehli maşınlarını IDEF-2025-də sərgiləyir

“Otokar” şirkəti geniş çeşidli zirehli maşınlarını IDEF-2025-də sərgiləyir

Türkiyənin quru vasitələri məhsul qrupunda ixracat lideri olan “Otokar” şirkəti IDEF-2025 sərgisində qabaqcıl məhsul və həllərini nümayişi etdirir.

“Poliqon” xəbər verir ki, quru sistemlərindəki uğurlarını qlobal miqyasda böyütməyə davam edən “Otokar”, sərgidə geniş məhsul çeşidindən COBRA II, ARMA, TULPAR, URAL və AKREP II zirehli nəqliyyat vasitələrinin müxtəlif qüllə və missiya avadanlıqları təqdim edir.

IDEF-də “Otokar” stendində Rumıniya sifarişi olan COBRA II zirehli maşınının ilk prototipi nümayiş etdirilir. Həmçinin stenddə yer alan TULPAR-ın 120 mm qüllə ilə təchiz edilmiş versiyası şirkət tərəfindən Türkiyədə ilk dəfə sərgilənir.

Sərgili ilə bağlı fikirlərini bölüşən “Otokar”ın baş direktoru Aykut Özüner, rəhbərlik etdiyi şirkətin Türkiyənin ən təcrübəli quru vasitə istehsalçısı olduğunu vurğulayıb: “33 mindən çox hərbi nəqliyyat vasitəmiz, 40-dan çox ölkədə, 70-dən artıq son istifadəçi tərəfindən aktiv şəkildə istifadə olunur. Bu göstəricilər “Otokar”ın davamlılıq qabiliyyətini və qlobal səviyyədə qazandığı etibarı sübut edir. Topladığımız təcrübə, bilik, dizayn, sınaq və istehsal qabiliyyətlərimiz sayəsində müştərilərimizin cari və gələcək tələblərinə sürətlə cavab veririk. Artıq yalnız məhsul deyil, texnologiya da ixrac edirik. Xaricdə texnologiya transferi və lokal istehsal imkanlarımızla seçilirik. Quru vasitələri sahəsində ölkəmizi təmsil edərkən, ixracatımızla Türkiyə iqtisadiyyatına da güc qatırıq”.

Şirkətin son illərdə əldə etdiyi nailiyyətləri quru vasitələri məhsul qrupu üzrə ixracat liderliyi ilə taclandırdığını bildirən “Otokar”ın baş direktorunun müavini Sedef Vehbinin sözlərinə görə, əvvəl Estoniya, sonra isə Rumıniyadan alınan sifarişlərlə şirkət quru vasitələrindəki uğurunu başda Avropa olmaqla, qlobal miqyasda davam etdirir.

“Bu razılaşmalar “Otokar” məhsullarının, qabiliyyətlərinin və texnologiya ustalığının dünyada qəbul olunduğunun ən konkret sübutudur. IDEF-2025-də nümayiş etdirdiyimiz platformalar yenilikçi yanaşmamızın və peşəkarlığımızın göstəricisidir. Beynəlxalq aləmdə qazandığımız uğurlar hər zaman bizim üçün qürur mənbəyidir. Eyni zamanda, ölkəmizin ehtiyac və tələbləri istiqamətində də daima hazırıq”, – deyə S.Vehbi qeyd edib.

Türkiyədə və ixrac bazarlarında sərhəd mühafizəsi, daxili təhlükəsizlik və sülhü qoruma əməliyyatları da daxil olmaqla, bir çox missiyada uğurla xidmət göstərən və 20-dən artıq ölkədə aktiv istifadə olunan COBRA II, IDEF sərgisində iki ayrı variantda yer alır. Rumıniya sifarişi ilə beynəlxalq uğurunu bir daha sübut edən COBRA II, yüksək qorunma səviyyəsi, hərəkət qabiliyyəti, geniş daxili tutumu və daşıma imkanı ilə seçilir. COBRA II ballistik, mina və ƏPQ (əldəqayırma partlayıcı qurğu) təhdidlərinə qarşı üstün qoruma təmin edir. Ən çətin ərazi və iqlim şərtlərində yüksək performans təqdim edən bu vasitə, fərqli vəzifələrə ideal uyğunlaşma təmin edir. Modular quruluşu ilə zirehli personal daşıyıcı, silah platforması, yerüstü radar platforması, KBRN kəşfiyyat maşını, komanda-idarəetmə maşını və ambulans kimi müxtəlif sahələrdə istifadə oluna bilir.

IDEF-2025-də COBRA II Rumıniya üçün istehsal etdiyi açıq qülləli konfiqurasiyası və 25 mm-lik MIZRAK qülləli versiyası ilə sərginin diqqət çəkən vasitələri arasında yer alır. Xüsusilə 25 mm MIZRAK qülləsi yüksək kalibrli atəş gücünü kompakt və yüngül dizaynla birləşdirərək sahə missiyalarında əməliyyat effektivliyi və taktiki üstünlük baxımından əhəmiyyətli yenilik sayılır.

“Otokar”ın yüksək taktiki və texniki xüsusiyyətlərə malik çox təkərli modular zirehli maşını ARMA, IDEF-də iki fərqli variantda və beş müxtəlif avadanlıq konfiqurasiyasında nümayiş olunur:

  • ARMA 6×6 zirehli döyüş maşını 25 mm-lik MIZRAK qülləsi ilə;
  • ARMA 8×8 zirehli döyüş maşını 30 mm-lik MIZRAK qülləsi ilə.

Bundan əlavə, ARMA zirehli maşını ASELSAN stendində üç fərqli avadanlıqla sərgilənir:

  • ARMA 8×8 KORKUT aşağı hündürlüklü hava hücumundan müdafiə maşını;
  • ARMA 6×6 PUHU PUHU Mobil V/UHF elektron dəstək sistemi maşını;
  • ARMA 6×6 HPEM EJDERHA antidron yüksək güclü elektromaqnit sistem maşını.

“Otokar”ın asimmetrik təhdidləri nəzərə alaraq hazırladığı ARMA II 8×8 zirehli maşını, dünyada öz sinfində ən yüksək ballistik, mina və ƏPQ qorumasını yüksək keçicilik qabiliyyəti ilə birgə optimal şəkildə təqdim edir. 40 ton maksimum çəkisi olan (yüklə birlikdə) bu zirehli maşın, döyüş şəraitində daha çox daşıma qabiliyyəti və yüksək qoruma təmin etməklə yanaşı, 120 mm kalibrədək ağır silah sistemlərinin inteqrasiyasına da imkan verir. Yüksək texnologiyaya sahib olan ARMA II, 6 silindrli, turbo dizel və 720 at gücündə mühərriklə təchiz olunub. Üç illik inkişaf mərhələsindən sonra bütün sınaqlardan uğurla keçmiş bu vasitə, zirehli döyüş maşınından tutmuş zirehli personal daşıyıcısına, komanda-idarəetmə maşınında hava hücumundan müdafiəyə qədər bir çox müxtəlif vəzifəyə uyğun çoxməqsədli platforma olaraq hazırlanıb.

Genişləndirilə bilən gövdə strukturu sayəsində əlavə daxili həcm əldə edən ARMA II, texniki xidmət, təmir və ambulans kimi tapşırıqlarda da uğurla istifadə edilə bilər. O, bununla da öz sinfinin ən üstün vasitəsi hesab olunur. ARMA II, IDEF-2025 sərgisində “John Cockerill” şirkətinin 105 mm-lik qülləsi ilə nümayiş etdirilir.

“Otokar”ın TULPAR piyada döyüş maşını (PDM) yüksək hərəkət qabiliyyəti, güclü atəş gücü və dayanıqlı qorunma xüsusiyyətləri ilə diqqət çəkir. 28.000 kq-dən 45.000 kq-yə qədər genişlənə bilən modul konstruksiyası sayəsində müxtəlif konfiqurasiyalar üçün eyni gövdə və alt sistemlərdən istifadə etmək mümkündür. Ən sərt iqlim şəraitlərində və ağır relyefdə sınaqdan keçirilmiş TULPAR, üstün ballistik və mina əleyhinə qorunmaya malikdir. 120 mm-ə qədər yüksək atəş gücü tələb edən tapşırıqlarda effektiv həllər təqdim edən TULPAR, üstün hərəkət qabiliyyəti sayəsində əsas döyüş tanklarının ağırlıqlarına görə hərəkət edə bilmədiyi dar küçələrdə, zəif körpülərdə və meşəlik ərazilərdə də fəaliyyət göstərə bilir. IDEF-2025 sərgisində TULPAR, 30 mm-lik MIZRAK qülləsi və “Leonardo” şirkətinin HITFACT MkII 120 mm-lik qülləsi ilə təchiz olunmuş iki fərqli konfiqurasiyada təqdim olunur.

Qlobal miqyasda özünü sübut etmiş AKREP zirehli maşın ailəsi əsasında inkişaf etdirilən AKREP II, zirehli kəşfiyyat, müşahidə və silah platforması kimi dizayn edilib. Aşağı silueti, yüksək hərəkət və dözümlülük qabiliyyəti ilə müasir orduların hazırkı və gələcək tələblərinə cavab vermək üçün hazırlanmış AKREP II, 90 mm-ə qədər silah daşımağa uyğun modular quruluşu ilə seçilir.

AKREP II-nin daimi 4×4 hərəkət sistemi və opsional olaraq təqdim olunan sükanlanabilən arxa oxu, maşına unikal manevr qabiliyyəti qazandırır. Palçıq, qar və su gölməçələri kimi bütün növ ərazi şəraitlərində üstün hərəkət və yol tutuş imkanına sahib olan AKREP II, arxa hissəsinə yerləşdirilmiş “U” tipli güc bloku sayəsində istifadəçilərə həm kompakt dizayn, həm də yüksək qoruma təqdim edir. Fərqli döyüş tapşırıqlarına uyğunlaşdırıla bilən AKREP II, müşahidə, zirehli kəşfiyyat, hava hücumundan müdafiə, tank əleyhinə döyüş, atəş dəstəyi və irəlidə müşahidə missiyalarında istifadə edilə bilər. IDEF-2025 sərgisində AKREP II 4×4 “John Cockerill”in 90 mm-lik qüllə sistemi ilə təqdim olunur.

IDEF-2025 sərgisində “Otokar” stendində nümayiş etdirilən nəqliyyat vasitələrindən biri də COBRA II mina və pusquya qarşı qorumalı (COBRA II MRAP) nəqliyyat vasitəsidir. Xüsusilə ixrac bazarlarında diqqət çəkən COBRA II MRAP, riskli bölgələrdə yüksək sağ qalma qabiliyyəti təmin etmək məqsədilə hazırlanıb. Bu sinifdəki digər vasitələrdən fərqli olaraq, istifadəçilərin yüksək ballistik və mina əleyhinə qorunma ilə yanaşı yüksək daşıma tələblərini bənzərsiz hərəkət qabiliyyəti ilə birlikdə təqdim edir. Dünyadakı oxşar MRAP-larla müqayisədə COBRA II MRAP-ın ağırlıq mərkəzinin aşağı olması, ona yalnız sabit yollarda deyil, eyni zamanda çətin relyef şəraitində də üstün hərəkət qabiliyyəti və bənzərsiz yol tutuşu təmin edir. Aşağı silueti ilə yüksək sağ qalma üstünlüyü təmin edən bu vasitə, modul quruluşu ilə döyüş sahəsində istifadəçilərinə logistik üstünlüklər təqdim edir. Fərqli daxili düzülüş variantları ilə 11 nəfərə qədər şəxsi heyət daşıma qabiliyyətinə malikdir və istifadəçi tələblərinə uyğun olaraq 3 və ya 5 qapılı şəkildə konfiqurasiya edilə bilir.

İnnovativ yanaşmanın orijinal məhsulu olan URAL platforması, müxtəlif istifadəçilərin fərqli konfiqurasiyalarda olan 4×4 taktiki nəqliyyat vasitəsi tələblərini çox yönlü və modular bir həll ilə qarşılamaq məqsədilə hazırlanıb. Modular quruluşu və ölçüləri sayəsində müxtəlif tapşırıqların tələb etdiyi avadanlıqlar, silah sistemləri və konfiqurasiyalara asanlıqla uyğunlaşdırıla bilən URAL platformasının, istifadəçi tələblərinə uyğunlaşdırılmış versiyaları hazırda həm ölkə daxilində (Türkiyədə), həm də xaricdə bir çox missiyada istifadə olunur. URAL platforması IDEF-2025 sərgisində zirehli personal daşıyıcı versiyası ilə təqdim edilir.

IDEF sərgisi çərçivəsində “Otokar” tərəfindən nümayiş etdirilən nəqliyyat vasitələri bunlardır:

“Otokar” stendində sərgilənən vasitələr:

  • COBRA II 4×4 Rumıniya variantı – açıq qüllə ilə
  • COBRA II 4×4 zirehli personal daşıyıcı – 25 mm-lik MIZRAK qüllə ilə
  • COBRA II MRAP – açıq qüllə ilə
  • AKREP II 4×4 – “John Cockerill” 90 mm-lik qüllə ilə
  • URAL 4×4 zirehli personal daşıyıcı
  • ARMA 6×6 zirehli döyüş maşını – 25 mm-lik MIZRAK qüllə ilə
  • ARMA 8×8 zirehli döyüş maşını – 30 mm-lik MIZRAK qüllə ilə
  • ARMA II 8×8 zirehli döyüş maşını – “John Cockerill”in 105 mm-lik qülləsi ilə
  • TULPAR PDM-i – 30 mm-lik MIZRAK qüllə ilə
  • TULPAR PDM-i – “Leonardo”nun HITFACT MkII 120 mm-lik qülləsi ilə

ASELSAN stendində sərgilənən “Otokar” platformaları:

  • ARMA 8×8 KORKUT aşağı hündürlüklü hava hücumundan müdafiə maşını;
  • ARMA 6×6 PUHU PUHU Mobil V/UHF elektron dəstək sistemi maşını;
  • ARMA 6×6 HPEM EJDERHA antidron yüksək güclü elektromaqnit sistem maşını.
CATEGORIES
TAGS