“Otokar” “Tulpar”ı Madriddə nümayiş etdirir

“Otokar” “Tulpar”ı Madriddə nümayiş etdirir

Türkiyənin “Otokar” şirkəti 17-19 may tarixlərində İspaniyanın Madrid şəhərində keçirilən FEINDEF-2023 Beynəlxalq Müdafiə və Təhlükəsizlik sərgisində “Tulpar” piyada döyüş maşınını (PDM) nümayiş etdirir.

Bu barədə “Poliqon”a “Otokar” şirkətindən məlumat verilib.

“Tulpar” ailəsinin “Tulpar” orta ağırlıqlı tankı və “Tulpar” PDM-i hərəkət qabiliyyəti, yüksək atəş gücü və dözümlülük xüsusiyyətləri ilə seçilir. “Tulpar” zirehli vasitələri gələcək qlobal tələblərə tam cavab vermək üçün 28000 kq-dan 45000 kq-a qədər dəyişən variantları olan çoxməqsədli texnika kimi dizayn edilib. Şirkət mütəxəssislərinin sözlərinə görə, modulluğun gələcəyə yönəlmiş perspektivi sayəsində geniş çeşidli zirehli texnika variantlarında ümumi şassi və komponentlərdən istifadə edilməklə əməliyyat çevikliyi artırılacaq.

Dünyanın müxtəlif yerlərində müxtəlif istifadəçilər tərəfindən ən çətin iqlimlərdə və ərazilərdə sınaqdan keçirilmiş “Tulpar”, təhlükələrə uyğun olaraq konfiqurasiya edilə və miqyaslana bilən zireh quruluşu ilə öz sinfində ən yaxşı ballistik və mina mühafizəsinə malikdir. “Tulpar”, yüksək atəş gücü tələb edən missiyalarda effektiv həll təmin etməklə yanaşı, müxtəlif yaşayış məntəqələri və yüngül körpülərdən tutmuş meşəlik ərazilərə, xüsusən də əsas döyüş tanklarının işləyə bilmədiyi yumşaq səthlərə qədər hər cür döyüş mühitində xidmət göstərə bilir.

Qeyd edək ki, “Otokar” Türkiyənin ən böyük özəl sərmayəli müdafiə sənayesi şirkətidir. Qlobal müdafiə sənayesindəki mövqeyini hər il daha yüksək səviyyələrə qaldıran “Otokar” şirkətinin NATO və BMT təchizatçısı kimi 33 minə yaxın zirehli texnikası 40-dan artıq ölkənin silahlı qüvvələri və təhlükəsizlik qurumlarında istifadə olunur. Hazırda “Otokar”ın hərbi maşınları 60-dan çox son istifadəçi tərəfindən müxtəlif iqlim şərtlərində və müxtəlif coğrafi ərazilərdə aktiv şəkildə xidmətdədir.

Poliqon.az

CATEGORIES
TAGS