“Otokar”ın “Akrep II” zirehli döyüş maşını və “Tulpar” PDM-i BƏƏ-də sərgilənir

“Otokar”ın “Akrep II” zirehli döyüş maşını və “Tulpar” PDM-i BƏƏ-də sərgilənir

Türkiyənin “Otokar” şirkəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən IDEX-2023 sərgisində özünün təkərli və tırtıllı zirehli döyüş maşınlarını nümayiş etdirir.

“Poliqon” xəbər verir ki, bunlar arasında 4×4 təkər formullu “Akrep II” və “Tulpar” piyadanın döyüş maşını da (PDM) yer alıb.

“Otokar” şirkəti “Akrep II” zirehli maşın ailəsinin “Akrep IIe” elektrik versiyasını ilk dəfə 2019-cu ildə, “Akrep IId” dizel versiyasını isə 2021-ci ildə təqdim edib. Eyni zamanda şirkət  “Akrep II”nin hibrid versiyasının da təqdimatını ötən il həyata keçirməyi planlaşdırırdı.

“Akrep II” istifadəçilərin hər cür kəşfiyyat və müşahidə əməliyyatları daxil olmaqla, çox sayda silah sistemlərinin inteqrasiyasına imkan verən, kiçik siluetli, yüksək ballistik qorumalı zirehli maşın ehtiyaclarını qarşılamaq məqsədilə hazırlanıb. “Akrep II”də sükan, sürətlənmə və əyləc kimi sistemlərin əsas mexaniki komponentləri elektriklə idarə olunur (drive-by-wire). Bu funksiya da avtomobili uzaqdan və avtonom idarəetməyə imkan verir.

Maksimum ağırlığı 15000 kq olan “Akrep II”nin ekipaj üzvü 3 nəfərdən (sürücü, döyüş maşın komandiri və operator) ibarətdir. “Akrep II” müştəriyə 3 güc qurğusu seçim haqqı verir: elektrik, hibrid və 360 at gücündə turbo dizel mühərrik. Bununla belə “Akrep II” özünün həm asfaltda, həm də yolsuzluq şəraitində üstün performans bacarığını qoruyur və istifadəçiyə maksimum 110 km/saat sürətlə hərəkət etmək qabiliyyəti təmin edir.

IDEX-2023-də sərgilənən “Akrep II”yə baxdıqda onun üzərinə Belçikanın “John Cockerill” şirkətinin istehsal etdiyi 90 mm-lik silah sistemi ilə təchiz olunan CSE 90LP döyüş modulunun quraşdırıldığını görmək mümkündür.  CSE 90LP istifadəçiyə həm gecə, həm də gündüz vaxtı, istənilən hava şəraitində atəş açmaq bacarığı verir.

“Tulpar” ailəsinin “Tulpar” orta ağırlıqlı tankı və “Tulpar” piyadanın döyüş maşını hərəkət qabiliyyəti, yüksək atəş gücü və dözümlülük xüsusiyyətləri ilə seçilir. “Tulpar” zirehli vasitələri gələcək qlobal tələblərə tam cavab vermək üçün 28000 kq-dan 45000 kq-a qədər dəyişən variantları olan çoxməqsədli texnika kimi dizayn edilib. Şirkət mütəxəssislərinin sözlərinə görə, modulluğun gələcəyə yönəlmiş perspektivi sayəsində geniş çeşidli zirehli texnika variantlarında ümumi şassi və komponentlərdən istifadə edilməklə əməliyyat çevikliyi artırılacaq.

Dünyanın müxtəlif yerlərində müxtəlif istifadəçilər tərəfindən ən çətin iqlimlərdə və ərazilərdə sınaqdan keçirilmiş “Tulpar”, təhlükələrə uyğun olaraq konfiqurasiya edilə və miqyaslana bilən zireh quruluşu ilə öz sinfində ən yaxşı ballistik və mina mühafizəsinə malikdir. “Tulpar”, yüksək atəş gücü tələb edən missiyalarda effektiv həll təmin etməklə yanaşı, müxtəlif yaşayış məntəqələri və yüngül körpülərdən tutmuş meşəlik ərazilərə, xüsusən də əsas döyüş tanklarının işləyə bilmədiyi yumşaq səthlərə qədər hər cür döyüş mühitində xidmət göstərə bilir.

IDEX-2023-də “Mızrak-30” döyüş modulunun yeni məsafədən idarə olunan versiyası ilə nümayiş etdirilən “Tulpar”ın mina partlayışlarına qarşı qoruması NATO STANAG 4569 səviyyəsinə uyğundur. Mina, əldəqayırma partlayıcılar, kimyəvi və kinetik enerjili sursatlara qarşı müdafiə qabiliyyətinə sahib maşının ağırlığı 32 ton, yedən hündürlüyü 450 mm, heyəti 3 nəfərdir.

“Tulpar”ın desant bölməsində 9 nəfər yerləşir. 720 at (530 kW) gücündə MTU 8V199 turbodizel mühərriklə təchiz olunmuş zirehli maşının maksimum sürəti 70 km/saat, geri hərəkətdə 40 km/saat, gediş ehtiyatı 600 kilometrdir.

“Mızrak-30” döyüş modulunda 30 mm-lik avtomatik top, topla qoşalaşdırılmış 7,62 mm-lik pulemyot, lazer tuşlamalı L-UMTAS tank əleyhinə idarə olunan raket kompleksi, tüstü qumbaraatanı, elektro-optik sistem və kiçik dirək (maçta) quraşdırılıb. Əsas kompozit zireh 14,5 mm-lik gülləyə, ön proyeksiyada isə 25 mm-lik zirehdələn mərmiyə qarşı qorunmanı təmin edir. Modul zireh qurmaq imkanı nəzərə alınıb.

Poliqon.az

CATEGORIES
TAGS