“Otokar”ın baş direktoru Rumıniyanın təzminat tələbinə aydınlıq gətirib

“Otokar”ın baş direktoru Rumıniyanın təzminat tələbinə aydınlıq gətirib

Xəbər verdiyimiz kimi, Rumıniya Milli Müdafiə Nazirliyinə bağlı “C.N. Romtehnica S.A.” şirkəti 1059 ədəd 4×4 taktik təkərli yüngül zirehli maşının tədarükünü nəzərdə tutan proqram çərçivəsində Türkiyənin “Otokar” şirkətindən təzminat tələb etmişdi.

“Poliqon” xəbər verir ki, “Otokar”ın baş direktoru Aykut Özüner tender çərçivəsində indiyə qədər görülən işlər, yaranan kompensasiya iddiaları və layihənin gedişatı ilə bağlı “Anadolu Agentliyi”nə açıqlama verib.

Türkiyədə istehsal olunan 278 ədəd COBRA II zirehli maşının hamısının Rumıniyaya tədarükünün tamamlandığını bildirən Aykut Özüner, bu vasitələrdən 194 ədədinin artıq Rumıniya Ordusunun inventarına daxil edildiyini, qalanlarının isə qəbul prosedurlarının ötən ilin dekabr ayından bu yana davam etdiyini söyləyib.

Rumıniya ilə imzalanmış müqavilə çərçivəsində cərimə tədbirləri və təzminat tələblərinin səbəbi ilə bağlı danışan A.Özüner bildirib ki, iş planında bir çox alt proseslər və hədəflər mövcuddur: “Bəzi aralıq hədəflərin vaxtında yerinə yetirilmədiyi iddiası əsasında təzminat tələbi ilə qarşılaşdıq. Müqavilənin tələb etdiyi məxfilik səbəbindən əlavə məlumat paylaşa bilməyirik. Mövzu ilə bağlı hüquqi etirazlarımızı etdik. Rumıniya səlahiyyətli qurumlarının məsələni bütün tərəflər üçün ən doğru şəkildə həll edəcəyinə şübhəmiz yoxdur”.

Baş direktor bu təzminat tələbinin layihənin gedişatına təsiri və müqavilənin ləğvinin mümkün olub-olmaması ilə əlaqədar danışıb. Onun sözlərinə görə, beynəlxalq müdafiə sənayesi müqavilələrində “aralıq hədəf qiymətləndirmələri” zamanı bu cür hallarla qarşılaşmaq mümkündür və dünyada bunun çoxlu nümunələri var: “Son proseslə bağlı bir tərəfdən müştərimizlə qarşılıqlı xoş niyyət və məsuliyyət çərçivəsində danışıqlarımız davam edərkən, digər tərəfdən də layihəyə fokusumuz tam sürətlə davam edir. Müqavilənin ləğvi gündəmdə deyil”.

Rumıniyada istehsal ediləcək qalan 781 ədəd vasitənin istehsala başlanma və xəttdən çıxma təqvimi ilə bağlı danışan A.Özüner vurğulayıb ki, hazırda Rumıniyada istehsala başlamaq üçün tam hazır vəziyyətdədirlər və bu istiqamətdə fəaliyyətlər davam edir.

“Hazırda konkret tarix vermək mümkün deyil. Ancaq xüsusilə qeyd etmək istəyirəm ki, Otokar bu layihəyə yalnız Rumıniya Ordusuna nəqliyyat vasitəsi tədarük etmək üçün deyil, Rumıniyaya müasir, NATO standartlarına uyğun quru platforması istehsal edən bir müəssisə qazandırmaq məqsədi ilə başlayıb və bu məqsədimiz hələ də ən güclü şəkildə davam edir. Rumıniyada sağlam bir müdafiə sənayesi istehsalının qurulması, ölkədən ixrac edə bilən və NATO təchizatçısı səviyyəsində bir müəssisənin yaradılması üçün işlər böyük həssaslıqla davam etdirilir. Rumıniya Müdafiə Nazirliyinə verdiyimiz bu öhdəliyi yerinə yetirmək mövzusunda ən kiçik bir tərəddüdümüz yoxdur. Yerli səbəblərdən bəzi aralıq hədəflərin gecikməsi layihənin ümumi vaxt cədvəlinə və əsas məqsədinə təsir etməyəcək”, – deyə baş direktor qeyd edib.

Təzminat tələbinin digər layihələrə təsirini dəyərləndirən A.Özüner bildirib ki, mövcud vəziyyət yalnız zamanlama və iş planındakı aralıq hədəflərlə bağlıdır. Texniki yetkinlik, istehsal gücü və ya keyfiyyətlə bağlı hər hansı narazılıq yoxdur. Təhvil verilmiş vasitələr artıq istifadə olunur. Üstəlik, “Otokar” NATO və BMT əməliyyatları da daxil olmaqla 40-dan çox ölkədə, 70-dən artıq son istifadəçiyə etdiyi çatdırılmalarla qlobal səviyyədə özünü dəfələrlə sübut etmiş bir markadır. Rumıniya Müdafiə Nazirliyinin “Otokar”l seçməsinin əsas səbəbi də şirkətin bu yetkinlikləridir. Bu gün etibarilə 194 ədəd COBRA II Rumıniya Ordusu tərəfindən istifadə edilir. Bu tip tətbiqlər dünyada bir çox müdafiə layihəsində görülə bilər və figər layihələrə təsir edəcəyi gözlənilmir.

Rumıniyada COBRA II vasitələrinin yerli istehsal ediləcəyi zavodun əsas müştərisinin Rumıniya Silahlı Qüvvələri olacağını vurğulayan baş direktorun sözlərinə görə, hədəflərindən biri də gələcəkdə SAFE proqramı çərçivəsində bu zavoddan region ölkələrinə ixrac həyata keçirməkdir. Bu səbəbdən Rumıniyadakı müəssisənin ölkənin müdafiə sənayesi hədəfləri və “Otokar”ın Avropada böyümə strategiyası çərçivəsində strateji mərkəzə çevrilməsi gözlənilir.

“2017-ci ildə Birləşmiş Ərəb Əmirlikləri üçün dövrünün ən böyük 8×8 taktik təkərli zirehli vasitə müqaviləsini imzaladıq və uğurla tamamladıq. Daha sonra Avropalı rəqiblərimizi geridə qoyaraq Estoniyadan kritik bir sifariş aldıq və onu da uğurla təhvil verdik. Rumıniya, Estoniya və BƏƏ layihələri qlobal uğurlarımızın ən önəmli nümunələri və referanslarıdır. Fərqli coğrafiyalarda mühüm vəzifələr yerinə yetiririk və qazandığımız uğurlardan qürur duyuruq. Xüsusilə Avropadakı uğurlarımız inkişaf etməkdə olan ölkələrdə də səs gətirir. Beynəlxalq bazarlarda bir çox fərqli ehtiyacı izləyirik. Rumıniyanın tırtıllı tenderi bunlardan sadəcə biridir. Hələlik rəsmi tender sənədi dərc edilməyib. Konkret inkişaf olduqda ictimaiyyətlə paylaşacağıq. Qarşıdakı dövrdə daha müxtəlif layihələr həyata keçirməyi və qlobal bazarlarda böyüməyi hədəfləyirik”, – deyə A.Özüner vurğulayıb.

COBRA II layihəsi çərçivəsində Rumıniyada istehsal texnologiyaları və mühəndislik bacarıqlarının inkişafına ciddi töhfə verdiklərini bildirən baş direktor, mövzunun çoxşaxəli və genişmiqyaslı texnologiya transferi olduğunu vurğulayıb. O qeyd edib ki, istehsal prosesi qaynaqdan kəsməyə, boyadan yekun montaja qədər bütün mərhələləri əhatə edəcək və ölkəyə test imkanları da qazandırılacaq.

“Otokar”ın “Türkiyədə istehsal et, dünyaya sat” modelindən “yerli istehsal et, dünyaya sat” modelinə keçidini dəyərləndirən A.Özüner bildirib ki, son dövrlərdə bütün bölgələrdə milli təhlükəsizlik və iqtisadi inkişaf baxımından yerli müdafiə sənayesi imkanlarının əhəmiyyəti daha çox ön plana çıxır.

““Otokar” olaraq müşahidə etdiyimiz bu ehtiyaca cavab verə bilmək üçün yerli əməkdaşlıqları, birgə məhsul inkişafını və yerli istehsal modelini mənimsəyir, qlobal bazarlarda dost və müttəfiq ölkələr üçün güclü bir iş tərəfdaşı olmağı hədəfləyirik. Bu mövzu uzun müddətdir strategiyalarımız arasında yer alır. Bu istiqamətdə fərqli ölkələrdəki strukturlaşmalarımızı da gücləndiririk. Bu gün BƏƏ-də, Rumıniyada və Qazaxıstanda mövcud olan iştirak şirkətlərimiz bu hədəfimizin ən konkret göstəriciləridir”, – deyə baş direktor vurğulayıb.

CATEGORIES
TAGS