RegionXəbərlər

Özbəkistan Prezidenti xüsusi və hərbi texnika istehsal edən müəssisədə olub

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Nurafşan şəhərində yerləşən “Nurafşon maxsus texnika” müəssisəsində olub.

Bu barədə “Poliqon” Özbəkistan Prezidentinin rəsmi saytına istinadən xəbər verib.

Bildirilib ki, Özbəkistanda avtomobil və maşınqayırma sənayesinin modernləşdirilməsinə, onun rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılmasına xüsusi diqqət yetirilir.

50 milyon ABŞ dolları dəyərində həyata keçirilən layihə çərçivəsində 25,8 hektar ərazidə yaradılmış “Nurafşon maxsus texnika” müəssisəsində KRANTAS markası altında xüsusi təyinatlı avtomobillər, hərbi texnika və müxtəlif mexanizmlər istehsal olunur. Müəssisədə 300-dən çox yüksəkixtisaslı mütəxəssis daimi işlə təmin edilib.

İstehsalatda istifadə olunan avadanlıq və texnologiyalar ABŞ, Almaniya, İtaliya, İsveç, Rusiya, Çin və Türkiyədən gətirilib.

Fəaliyyət göstərdiyi dövr ərzində müəssisədə təxminən 2,5 min ton metal konstruksiya, 300-dən çox avtomobil üstqurğusu, 200-dən artıq şassi və 20 traktor istehsal edilib. Ötən il sifarişçilərə ümumi dəyəri 275 milyard Özbəkistan somu (22.7 milyon ABŞ dollar) olan texnika və mexanizmlər təhvil verilib.

Müəssisə idxalı əvəz edən məhsulların istehsalını genişləndirir. İnkişafın növbəti mərhələsi çərçivəsində Daşkənd şəhərinin Yanqihayot rayonunda 10 hektar ərazidə yeni zavodun tikintisi planlaşdırılır. Bu, ildə 15-18 milyon ABŞ dolları dəyərində məhsul istehsalının lokallaşdırılmasına imkan verəcək.

Şavkat Mirziyoyev istehsal prosesləri, hazır məhsullar və müasir texnoloji həllərlə tanış olub. Sənaye sahəsinin məsul şəxsləri və mühəndislərlə söhbət zamanı istehsalın lokallaşdırılmasının genişləndirilməsi, sənaye kooperasiyasının inkişafı və yüksək əlavə dəyərə malik məhsulların istehsalının artırılması məsələlərinə xüsusi diqqət yetirilib.

Back to top button