
Admiral Məhəmməd Zakaullah müdafiə naziri Zakir Həsənov, DSX rəisi Elçin Quliyev, HDQ komandanı Şahin Məmmədovla görüşüb
Pakistan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı, admiral Məhəmməd Zakaullah Azərbaycanda səfərdədir.
“AzeriDefence”nin məlumatına görə, səfər çərçivəsində Məhəmməd Zakaullahı Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev qəbul edib.
Hər iki görüşdə Azərbaycanla Pakistan arasında əlaqələrin yüksək səviyyədə olmasından söz açılıb. Həmçinin, hərbi əməkdaşlığın daha da artırılmasının əhəmiyyəti vurğulanıb.
Daha sonra admiral Məhəmməd Zakaullah Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazasına gəlib. Burada onu HDQ-nın komandan əvəzi, 1-ci dərəcəli kapitan Şahin Məmmədov qarşılayıb.
Məhəmməd Zakaullah fəxri qaravul önündən keçib, sonra Azərbaycan Dövlət Himni səslənib. Admiral Azərbaycanın ümummilli lider Heydər Əliyevin hərbi bazadakı abidəsi önünə gül dəstəsi qoyub. Ümummilli liderin xatirəsi bir dəqqəlik sükutla yad edilib.
Sonra Pakistan və Azərbaycan hərbi dəniz qüvvələrinin komandanlarının iştirakı ilə nümayəndə heyyətlərinin geniş tərkibli görüşü keçirilib.
Görüşdə HDQ-nın komandan əvəzi Şahin Məmmədov Azərbaycanın bu sahədə son illər əldə etdiyi nailiyyətlərdən, xüsusən də ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı ilə HDQ-nin xidməti şəraitinin yaxşılaşdırılması üçün görülən işlərdən danışıb.
Ş. Məmmədov Azərbaycan hərbi dənizçilərinin pakistanlı həmkarları ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu da qeyd edib.
Admiral Məhəmməd Zakaullah isə qonaqpərvərliyə görə, Ş. Məmmədova təşəkkürünü bildirib. O, ölkələrimiz arasında hərbi dəniz qüvvələri sahəsində həyata keçirilən əməkdaşlıqdan məmun olduğunu söyləyib.
Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında davam etdirilib.
Sonra Pakistan HDQ-nın nümayəndə heyəti Azərbaycan HDQ-nın yeni bazası ilə tanış olub.

















