Pakistan SH-15 özüyeriyən haubitsanın növbəti partiyasını təhvil almağa hazırlaşır
Pakistan Ordusu Çinin NORINCO şirkəti tərəfindən istehsal edilən SH-15 özüyeriyən haubitsanın növbəti partiyasını təhvil almağa hazırlaşır.
“Poliqon” “Defensetalks”a istinadən xəbər verir ki, SH-15 özüyeriyən haubitsanın ikinci partiyası 56 ədəddən ibarətdir.
Xatırladaq ki, Pakistan Ordusu Çinin NORINCO şirkəti ilə 236 ədəd SH-15-in satın alınmasına dair 512 milyon ABŞ dolları dəyərindəki müqaviləni 2019-cu ildə imzalayıb.
155 mm çaplı SH-15 özüyeriyən habubitsa 6×6 təkər formuluna malik “Shaanxi” maşınının şassisi üzərində yerləşir. O, NORINCO tərəfindən yerli istifadə üçün hazırlanmış PCL-181 özüyeriyən haubitsasının ixrac variantıdır.
Zirehli kabinədən və yük bölməsindən ibarət maşının yük hissəsində quraşdırılan 155 mm-lik top NORINCO tərəfindən inkişaf etdirilib. Onun zirehli kabinəyə sahib olması heyəti kiçik çaplı silahların atəşindən və artilleriya mərmilərinin qəlpələrindən mühafizə etməyə imkan verir.
Əlavə məlumat üçün bildirək ki, BMT-nin Adi Silahlar Reyestrinə əsasən, SH-15 özüyeriyən haubitsanın 54 ədədlik ilk partiyasısı sifarişçiyə 2021-ci ildə çatdırılıb. Bəzi açıq mənbələrdə bu çatdırılmanın 2022-ci ildə həyata keçirildiyi qeyd edilib. Stokholm Sülh Araşdırmaları İnstitutunun (Stockholm International Peace Research Institute – SIPRI) 2022-ci il üçün olan hesabatında isə 2021-2022-ci illər ərzində 108 ədəd SH-15 özüyeriyən haubitsanın Pakistana təhvil verilməsi ilə bağlı məlumat öz əksini tapıb.