Pakistan VT-4 tankını rəsmən təqdim etdi

Pakistan VT-4 tankını rəsmən təqdim etdi

Martın 29-da Pakistan Günü münasibəti ilə təşkil edilmiş hərbi paradda Çin istehsalı VT-4 tankı keçid edib.

“Poliqon” bu görüntüləri yayımlayan Çin Azadlıq Ordusunun rəsmi “Chinamil” portalına istinadən xəbər verir ki, bununla Pakistan Çin tanklarının alınmasını rəsmi olaraq təsdiqləyib.

Paradda yeddi tank – üç ədədb T-80UD və 3 ədəd “Al Khalid”, eləcə də bir ədəd VT-4 keçib. Bununla belə, Çin və Pakistan alqı-satqının detallarını və döyüş tanklarının alınmış miqdarını açıqlamırlar.

Tankdan başqa, Çin istehsalı olan digər texnikalar da paradda iştirak edib. Bunlara misal olaraq, xüsusilə Z-9 helikopterini, Çin və Pakistanın birlikdə istehsal etdiyi JF-17 “Thunder” qırıcısını və K-8 təlim təyyarəsini göstərmək olar.

Çinin VT-4 (MBT-3000 – Main Battle Tank 3000) tankı NORİNCO (North Industries Corporation) şirkəti tərəfindən yaradılması 2012-ci ildə başa çatmış və ixrac üçün nəzərdə tutulmuş yeni əsas döyüş tankıdır. Tank “Type 90-II” prototip tankının ailəsinə daxil olmaqla, konstruktiv cəhətdən MBT-2000/“Al-Khalid” (VT-1A) tankının əsaslanır.

Əsas silahı 22 atəş yığımlıq avtomatik doldurucuya sahib 125 mm-lik hamar lüləli topdur. Bundan əlavə, döyüş maşını topdan 5 km məsafəyə atılan idarəolunan raketlərlə silahlandırıla bilir. Uzaqdan idarə olunan 12,7 mm pulemyot qüllənin damına və qoşalaşdırılmış 7,62 mm-lik pulemyot qülləyə quraşdırılıb. Əlavə silahlandırma olaraq 8 ədəd 76 mm-lik tüstü və 4 ədəd şrapnel qumbaraatanı mövcuddur. Tank ikinci nəsil termal nişangahla, rəqəmsal atəşi idarəetmə sistemi, GPS peyk naviqasiya sistemi və yeni yanğınsöndürmə sistemi ilə təchiz edilib.

Tank kombinə edilmiş mərmi əleyhinə və əlavə reaktiv müdafiə sistemləri ilə təchiz edilib. Güc qurğusu 1300 at gücünə sahib dizel mühərrikidir.

52 ton ağırlığında olan tank şossedə 70 km / saata qədər sürətlə hərəkət edə bilir. Yanacaq üzrə gediş ehtiyatı 500 km-dir. Tankın lüləsi irəli baxmaqla uzunluğu 10,1 m, eni 3,5 m, hündürlüyü isə 2,4 metrdir. Tankın heyəti 3 nəfərdən – tank komandiri, tuşlayıcı-operator və sürücü-mexanikdən ibarətdir.

Qeyd etmək yerinə düşər ki, Pakistandan başqa bu tank Tayland və Nigeriya tərəfindən alınıb. Və artıq Nigeriya ordusu tərəfindən “Boko Haram” terror təşkilatına qarşı cari ilin 8 yanvar tarixində keçirilən “Tura Takai Bango” antiterror əməliyyatında ilk dəfə döyüşdə tətbiq edilib.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS