Pakistanın Azərbaycandakı səfirliyində Müstəqillik Günü qeyd edilib
Bakıda Pakistanın Müstəqillik Günü qeyd edilib.
“Poliqon” xəbər verir ki, bu münasibətlə Pakistanın Azərbaycandakı səfirliyində tədbir keçirilib.
Tədbir Pakistan dövlət bayrağının qaldırılması ilə başlayıb. Ardınca tədbir iştirakçılarına Pakistan Prezidenti Asif Əli Zərdarinin və Baş nazir Şahbaz Şərifin müraciətləri səsləndirilib.
Tədbirdə çıxış edən Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin, hər iki ölkə arasındakı əlaqələrin hazırkı vəziyyətindən danışıb.
O bildirib ki, Pakistan və Azərbaycan bir-birilərinin ədalətli mövqelərini müxtəlif beynəlxalq platformalarda daim dəstəkləyir.
Daha sonra jurnalistlərə açıqlama verən Qasım Mohiuddin, Azərbaycanla Pakistan arasındakı dostluq əlaqələrini yüksək qiymətləndirdiyini vurğulayıb: “Yaxın keçmişdə Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olub. Mən inanıram ki, həm sizin dövlətin Pakistandakı diplomatik nümayəndəliyi, həm də biz öz tərəfimizdən iqtisadiyyat, müdafiə, eləcə də təhsil sahəsində əməkdaşlığın, o cümlədən xalqlarımız arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi üçün bütün mümkün vasitələrdən istifadə edəcəyik. Pakistan hər zaman, xüsusilə də Qarabağ məsələsində daim Azərbaycanın yanında olub, haqlı mövqeyini dəstəkləyib”.