ASELSAN ASOJ-234U radar və rabitə qarışdırma sistemini inkişaf etdirir
Türkiyənin ASELSAN şirkəti İHASOJ layihəsi çərçivəsində ASOJ-234U radar və rabitə qarışdırma sistemini inkişaf etdirir.
“Poliqon” xəbər verir ki, bunu ASELSAN-ın baş direktoru Ahmet Akyol “SavunmaSanayiST.com” açıqlamasında deyib.
O bildirib ki, ASOJ-234U sistemi pilotsuz uçuş aparatlarının (PUA) istifadəsi üçün nəzərdə tutulub. Şirkət ASOJ sayəsində Türkiyənin PUA bacarıqları ilə elektron müharibə qabiliyyətlərinin birləşdirilməsini və bununla da “stand-off jammer” işinin dünyada ilk dəfə pilotsuz uçuş aparatları üzərindən aparılmasını hədəfləyib.
A.Akyolun sözlərinə görə, hazırda ASOJ-234U-nun inkişafı uğurla davam edir və sistem “Baykar” şirkətinin “Akıncı” PUA-ları tərəfindən istifadə olunacaq.
“Elektron müharibə bizim həqiqətən mükəmməllik mərkəzi adlandıra biləcəyimiz bir fəaliyyət sahəmizdir. Türkiyə Silahlı Qüvvələri ilə 30 ildən artıqdır dənizdə, quruda və havada kritik həllər inkişaf etdirmişik. ASOJ, oyunu dəyişdirən bir yanaşma ilə bunu taclandıracaq məhsulumuzdur. Bu məsələdə çalışan bütün tərəfdaşlarıma təşəkkür edirəm”, – deyə ASELSAN-ın baş direktoru qeyd edib.