
Pentaqon əlavə “Switchblade 300” süzən sursatları sifariş verib
“AeroVironment” şirkəti ABŞ Ordusuna 20.6 milyon dollar dəyərində “Switchblade 300” süzən sursatları (kamikadze PUA) tədarük edəcək.
“Poliqon” xəbər verir ki, bu barədə “AeroVironment” şirkəti məlumat yayıb.
Məlumatda bildirilib ki, “Switchblade 300” süzən sursatlarının alınması ilə bağlı şirkət və ABŞ Silahlı Qüvvələri arasında müqavilə cari ilin avqustun 18-də imzalanıb. Müqavilənin şərtinə görə, 2023-cü ilin iyuluna qədər “Switchblade 300” süzən sursatlarının ABŞ Ordusuna təhvil verilməsi planlaşdırılıb.
Xatırladaq ki, ötən il də “Switchblade 300” süzən sursatlarının alınması üçün ABŞ Silahlı Qüvvələri və “AeroVironment” şirkəti arasında 122,5 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.
“Switchblade” süzən sursatları düşmənin canlı qüvvəsini və yüngül zirehli texnikalarını məhv etmək üçün təyin edilib.
“Switchblade 300” süzən sursatı hədəfləri görmə hüdudlarından kənarda vurmaq üçün yaradılıb. Quru, dəniz və ya hava platformalarından buraxılış borusundan buraxıla bilir. Canlı qüvvəyə qarşı olmaqla, kütləsi 2,5 kq, uçuş məsafəsi 10 km-ə qədər və havada qalma müddəti 10 dəqiqədir. Uçuş sürəti saatda 60 km təşkil edir. Döyüş atımı 40 mm-lik qumbaranın atımı ilə eynidir.
“Switchblade 300” süzən sursatı daxilində PUA olan borudan və ya “Multi-Pack Launcher – MPL” modul sistemindən buraxıla bilir. 6 ədəd süzən sursat olan blokun kütləsi 73 kq, yenidən doldurulma müddəti 30 saniyədir. Sistem 2-dən 20-yədək buraxma qurğusununun birləşdiyi kompleks kimi tətbiq edilə bilir.
Qeyd edək ki, ötən ilə qədər ABŞ qanunvericiliyindəki ixrac qadağası səbəbindən uzun müddət “Switchblade” süzən sursatlarının yeganə sifarişçisi ABŞ Hərbi Hava Qüvvələri olub. 2021-ci ildə Böyük Britaniyanın bu sursatları sifariş verməsi onu “Switchblade”nin ilk xarici sifarişçisi edib.