Pentaqon Ukraynaya 1 milyard dollarlıq yeni hərbi yardım paketinə icazə verib

Pentaqon Ukraynaya 1 milyard dollarlıq yeni hərbi yardım paketinə icazə verib

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukrayna Silahlı Qüvvələrinə 1 milyard dollarlıq yeni hərbi yardım paketinə icazə verib.

Bu barədə “Poliqon” ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Pentaqonun mətbuat katibi vəzifəsini icra edən Todd Breassile bildirib ki, 1 milyard dollar dəyərində hərbi yardım Ukraynanın kritik təhlükəsizlik və müdafiə ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub. Onun sözlərinə görə, bu icazə Bayden Administrasiyasının 2021-ci ilin avqust ayından Ukrayna üçün ABŞ Müdafiə Nazirliyinin inventarından on səkkizinci avadanlığın çıxarılaraq tədarük edilməsidir.

Yeni hərbi yardım paketinə aşağıdakılar daxildir:

  • HIMARS yaylım atəşli reaktiv sistemlər üçün əlavə sursat;
  • 75.000 ədəd 155 mm-lik artilleriya sursatı;
  • 20 ədəd 120 mm-lik minaatan sistemi və 20.000 ədəd 120 mm-lik minaatan sursatı;
  • NASAMS zenit-raket kompleksləri (ZRK) üçün döyüş sursatları;
  • 1000 ədəd “Javelin” və yüzlərlə AT4 tipli daşınan tank əleyhinə qumbaraatanlar;
  • 50 ədəd zirehli tibbi maşın;
  • “Claymore” piyada əleyhinə minalar;
  • C-4 partlayıcı maddələr, söküntü üçün sursatlar və avadanlıqlar;
  • ilk tibbi yardım dəstləri, sarğılar, monitorlar və digər avadanlıqlar daxil olmaqla tibbi ləvazimatlar.

HIMARS

Ümumilikdə, Amerika Birləşmiş Ştatları Bayden Administrasiyasının başlanğıcından bəri Ukraynaya təxminən 9,8 milyard dollar təhlükəsizlik yardımı ayırıb. 2014-cü ildən bəri ABŞ Ukraynaya 11,8 milyard dollardan çox təhlükəsizlik yardımı ayırıb. 2014-cü ildə Ukraynada inqilabdan sonra başlayan ordu quruculuğu prosesinə NATO bu ölkəyə ciddi dəstək verib. Ukrayna ordusu və hüquq mühafizə orqanları yenidən formalaşdırılıb. Rusiyanın Ukraynaya hücumu qarşısında bu ölkəyə əsas silah dəstəyi verən ABŞ olub. Rəsmi Vaşinqton bu ilin əvvəlindən etibarən Ukraynaya hərbi təyinatlı yardımları artırıb. Ən son aprelin 13-də prezident Bayden Ukraynaya 800 milyon dollarlıq silah və sursat yardımı paketini açıqlayıb.

Stokholm Beynəlxalq Sülh Araşdırma İnstitutunun (SIPRI) məlumatına görə, ABŞ ümumilikdə 2014-cü ildən müharibə başlayana qədər Ukraynaya 1300 ton silah və sursat göndərib. Bu, 2,5 milyard dollar deməkdir. ABŞ-ın Ukraynaya 2014-cü ildən davam edən maddi-texniki yardımının bir hissəsi olaraq ABŞ Ukrayna Silahlı Qüvvələrinə 2015-ci ildə açıqlanmayan sayda şəhər döyüşləri üçün effektli silahlardan sayılan “Barrett” və DTA SRS-A1 snayper tüfəngləri; DRTG-73 tank əleyhinə reaktiv qranatları; 9,5 milyon dollar dəyərində 72 ədəd RQ-11B “Reyvn” PUA-ları; 2015-ci ilin iyulunda 100-dən çox, 2017-ci ilin yanvarında isə 40 ədəd yolsuzluq şəraiti üçün nəzərdə tutulan “Hummer” hərbi avtomobili; 2016-cı ildə 14,5 və 24 km məsafədə düşmənin artilleriya və minomyot qurğularını, reaktiv atəş sistemlərinin dislokasiya olduğu məkanları müəyyənləşdirə bilən 4 ədəd /TPQ-36 və 10 ədəd AN/TPQ-49 markalı artilleriyanın yerini aşkarlayan radar sistemləri göndərib.

SRS A1

Habelə, 2018-ci ilin fevral ayında təxminən 5.8 milyon dollar dəyərində ümumi sayı 2500 ədəd olan AN/PVS-14 gecəgörmə cihazları verib. Bundan başqa, 2018-2020-ci illərdə Ukrayna ABŞ-dan 360 ədəd “Javelin” raketi və 47 ədəd işəsalma qurğusu əldə edib. ABŞ-ın Müdafiə Nazirliyi 2020-ci maliyyə ilində Ukraynaya əlavə olaraq 250 milyon dollar dəyərində hərbi yardım edəcəyini açıqlayıb və 2020-ci ilin aprel ayında açıqlanmayan sayda “Toyota Land Cruiser 70” şassisində xüsusi təyinatlı nəqliyyat vasitələri bağışlayıb. Habelə, 2021-ci ilin noyabr ayında Qara və Azov dənizlərinin Ukraynaya aid hissəsində təhlükəsizliyi təmin edəcək “İsland” sinif “Fastiv” və “Sumi” adlı iki ədəd patrul kateri çatdırılıb. Hələ 2022-ci ilin yanvar ayında ABŞ Ukrayna Ordusuna 40 mm çaplı Mk.19 (Mark 19) dəzgahlı avtomatik qumbaraatanlarını və onlar üçün döyüş sursatlarını tədarük edib. ABŞ-ın hərbi yardımını gətirən yeddinci aviareys isə 85 ton 40×53 mm-lik M430A1 HEDP qəlpəli-kumulyativ qumbaralı atəş yığımlarını çatdırıb.

Javelin

ABŞ cari ilin aprel ayında elan etdi ki, Ukraynaya helikopterlər göndərəcək. Pentaqonun sözçüsü Con Kirbi Ukraynaya verilən silah və texnikaların içərisində Mİ-17 helikopterlərinin olacağını açıqladı. Bundan başqa sonuncu yardım paketinə 155 mm-lik haubitsalar, artilleriya radarları, hava müşahidə radarları, taktiki pilotsuz uçuş aparatları, raket və zirehli avtomobillər daxil edilib. Bu artıq hücum silahlarıdır və siyahıdan belə anlaşılır ki, Pentaqon Ukraynanı uzun müddətli müharibəyə hazırlayır.

Bununla da ABŞ-ın son bir il ərzində Ukraynaya hərbi yardımlarının həcmi 3 milyard dolları keçib. Bu, Ukraynanın mövcud hərbi büdcəsinin yarısından çoxdur. Ümumilikdə ABŞ prezidenti 2021-ci ildə Ukraynaya 1,2 milyard dollar, bu ilin fevralında 350 milyon, martda isə 200 milyon və daha sonra 800 milyon dollarlıq silah və sursat yardımı ayırıb. Cari ilin mart ayının 10-da ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya ümumilikdə 13,6 milyard ABŞ dolları dəyərində yardımın göndərilməsi barədə qərar qəbul edib.

Martın 16-da ABŞ-ın Ukraynaya ayırdığı 800 milyon dollarlıq silah-sursat yardımı paketində bir ordunun uğurlu müdafiə üçün ehtiyacı olan əksər silahlar vardı. 800 milyon dollarlıq hərbi yardım paketinə aşağıdakılar daxildir:

  • 800 ədəd “Stinger” zenit-raket kompleksi;
  • 6000 ədəd AT-4 tank əleyhinə qumbaraatan;
  • 5000 ədəd tüfəng;
  • 2000 ədəd süngü;
  • 1000 ədəd daşınan tank əleyhinə idarə raket kompleksi (TƏİRK), o cümlədən 500 ədəd “Javelin” TƏİRK;
  • 1000 ədəd tapança;
  • 400 ədəd pulemyot;
  • 400 ədəd qırma (saçma) tüfəngi;
  • 100 ədəd pilotsuz uçuş aparatı;
  • 100 ədəd digər model qumbaraatan;
  • 25 min ədəd zirehli gödəkcə;
  • 25 min ədəd dəbilqə;
  • atıcı silahlar üçün patronlar, qumbaraatan və minaatanlar üçün sursatlar (ümumi sayı 20 milyondan çox).

Stinger

Bundan başqa, 16 ədəd Mİ-17 helikopteri, pilotsuz və avtonom suüstü dəniz döyüş vasitələri (USVs), 100 ədəd “Switchblade 300” və 100 ədəd “Switchblade 600” süzən sursatlar (kamikadze PUA), o cümlədən “Switchblade”yə bənzər 121 ədəd yeni “Phoenix Ghost” taktiki pilotsuz uçuş aparatı, 100 ədəd “RQ-20 Puma” kəşfiyyat dornları, açıqlanmayan sayda APKWS lazer tuşlamalı aviasiya raketləri, 200 ədəd M113 zirehli döyüş maşını və 100 ədəd HMMWV zirehli avtomobili, 10 ədəd AN/TPQ-36 artilleriya əleyhinə radarı, 2 ədəd AN/MPQ-64 “Sentinel” hava müşahidə radarı, artilleriya əleyhinə və dronları izləmək üçün nəzərdə tutulmuş 4 ədəd radar və 4 ədəd minaatan əleyhinə radar, 72 ədəd 155 mm-lik M777 tipli uzaq mənzilli haubitsa və bu haubitsalar üçün 72 ədəd yedək maşını, 144 min ədəd artilleriya mərmisi, 18 ədəd 155 mm-lik M198 haubitsaları və 40 000 artilleriya mərmisi, habelə kimyəvi, bioloji, radioloji və nüvə (KBRN) mühafizə vasitələri, tibbi avadanlıqlar, 2000-dən çox optik və lazer məsafəölçən, C-4 partlayıcı maddə və maneələri aradan qaldırmaq üçün partladıcı avadanlıqlar, M18A1 “Claymore” piyada əleyhinə minalar ABŞ-ın Ukraynaya silah-sursat yardımları arasındadır.

Switchblade-300

Aprelin 28-də ABŞ Nümayəndələr Palatası Ukrayna üçün lend-liz haqqında qanun layihəsini qəbul etməklə Ukraynaya böyük bir yardım paketi işə düşmüş oldu. Nümayəndələr Palatasının qəbul etdiyi lend-liz və Ukraynada demokratiyanın qorunması haqqında qanun onunla əsaslandırılıb ki, həmin tədbir silahlı münaqişə dövründə ölkənin bundan sonra da müdafiə edilməsi üçün Ukraynaya silah tədarükünü əhəmiyyətli dərəcədə sürətləndirməyə kömək edəcək. Qanun qəbul ediləndən sonra Prezident Co Bayden Ukraynaya müdafiə vasitələrinin təqdim edilməsi və ya icarəyə verilməsi üçün daha geniş səlahiyyətlərə malik olacaq.

Yardım paketinin həcminin 30 milyard dollar olduğu ehtimal edilir. Bunun təxminən 20 milyardlıq hissəsi silah və hərbi texnika olacaq. İlkin məlumatlara əsasən lend-liz nəticəsində və ABŞ-ın Ukraynaya əvvəllər elan etdiyi 20 milyard dollarlıq hərbi yardımın bir hissəsi kimi Kiyevə üçüncü nəsil M1A2 “Abrams” tankları; M2A3 piyada döyüş maşınları; M109A6 “Paladin” özüyeriyən artilleriya qurğuları; təkərli şassi üzərində HIMARS yaylım atəşli reaktiv sistemləri; universal MLRS M270 YARS atıcı qurğuları; Norveçin NASAMS 2 hava hücumundan müdafiə sistemi; “Patriot” ZRK; 4-cü nəsil F-16 C/D çoxfunksiyalı yüngül qırıcıları; S-300 hava hücumundan müdafiə sistemi veriləcək.

M2 Bradley 1

Göründüyü kimi, ABŞ silahlarının əsas hissəsi müdafiə xarakterlidir və böyük ordunu dayandırmaq üçün nəzərdə tutulub. Silahların həcminə və təyinatına baxdıqda bunların planlı olaraq seçildiyi aydın olur. Məlum olduğu kimi, bütün müasir müharibələr həm də yeni silahlar üçün sınaq meydanıdır. Ukrayna müharibəsində NATO silahları Rusiya silahlarına qarşı növbəti dəfə sınaqdan çıxarıldı. Bu müharibədə ən çox diqqəti cəlb edən silahlar isə dronlar və tank əleyhinə raket qurğuları oldu.

Patriot System 2

Poliqon.az

CATEGORIES
TAGS