Polşa Ordusu ABŞ istehsalı hücum helikopterləri ilə silahlanacaq

Polşa Ordusu ABŞ istehsalı hücum helikopterləri ilə silahlanacaq

Polşada keçirilən “Kruk” tenderində ABŞ istehsalı olan “Viper” və “Apache” helikopterləri finala çıxıb.

“Poliqon”un məlumatına görə, bunu Polşanın müdafiə naziri Mariuş Blaşçak (Mariusz Błaszczak) “Kruk” proqramı üzrə seçilən finalçıların adlarını açıqlayarkən deyib.

“Kruk” proqramı çərçivəsində Polşa Müdafiə Nazirliyi 32 ədəd hücum helikopteri əldə etmək niyyətindədir. Yeni döyüş maşınları silahlanmada olan köhnə sovet istehsalı Mi-24 “Krokodil” (NATO təsnifatı üzrə “Hind”) helikopterlərini əvəz edəcək.

Qeyd edək ki, Polşada keçirilən “Kruk” tenderində dörd iddiaçı iştirak edib: “Airbus Helicopters” şirkətinin “Tiger”, “Bell Helicopter” şirkətinin AH-1Z “Viper”, TUSAŞ şirkətinin T129 ATAK və “Boeing” şirkətini AH-64E “Apache” helikopterləri.

AH-1Z “Viper” helikopteri “Bell Helicopter” şirkəti tərəfindən AH-1 “Super Cobra” helikopterinin bazasında hazırlanıb və 2010-cu ildən ABŞ Dəniz Piyadaları Korpusunun silahlanmasındadır. O, 296 km/saat sürət yığa bilir, maksimal icazə verilən uçuş sürəti 411 km/saat, kreyser sürəti isə 248 km/saatdır. 1150 kq döyüş yükü ilə döyüş radiusu 231 km-dir. Uçuş müddəti 3,3 saat, praktiki uçuş tavanı 6096 m-dir. Onun qalxma sürəti 14,2 m/s, şaquli qalxma sürəti isə 9,7 m/s-dir. Helikopter 750 atəş yığımından ibarət döyüş dəsti olan 20 mm-lik M197 üçlüləli topla silahlanıb, həmçinin idarə olunan və idarə olunmayan “Hydra 70”, AIM-9 “Sidewinder”, AGM-114 “Hellfire” və digər silahlar üçün altı dirəyə (pilona) malikdir. Heyəti iki nəfərdən ibarətdir.

McDonnell Douglas AH-64 “Apache” hücum helikopteri 1984-cü ildə ABŞ Ordusunun silahlanmasına qəbul edilib və 1989-cu ilin dekabrında ABŞ-ın Panama işğalı zamanı ilk döyüş vəftizini yerinə yetirib. AH-64 “Apache” dünyada ən çox yayılmış hücum helikopteridir və 14 ölkənin ordularının silahlanmasındadır. Helikopterin silahlanması uzaqdan idarə olunan 30 mm-lik avtomatik M230 “Chain Gun” topundan, həmçinin idarə olunan AGM-114 “Hellfire” və idarə olunmayan “Hydra 70” raketlərdən ibarətdir. Döyüş dəstinə 1200 ədəd 30 mm-lim atəş yığımı, 4×4 ədəd AGM-114 “Hellfire” “hava-yer” sinifli raket və 4×19 ədəd 70 mm-lik “Hydra 70” idarə olunmayan aviasiya raketi daxildir.

Helikopter kevlar zirehləri və poliakrilat zireh lövhələri ilə qorunur. Buna görə də yüksək yaşamaq qabiliyyətinə malikdir. Maşın hətta 12,7 mm çaplı güllə və ya 23 mm-lik qəlpəli-fuqas mərmi ilə vurulduqdan sonra da uçuşa davam edə bilir – onun bütün əsas sistemləri təkrarlanır. O, 300 km/saat sürət yığa bilir, maksimal icazə verilən uçuş sürəti 365 km/saat, kreyser sürəti isə 265 km/saatdır. 1990 kq döyüş yükü ilə döyüş radiusu 345 km təşkil edir. Uçuş müddəti 3,57 saat, praktiki uçuş tavanı 6100 m-dir. Onun şaquli qalxma sürəti 12,7 m/s-dir. Heyət iki pilotdan ibarətdir ki, onların hər biri müstəqil olaraq helikopteri və onun silahlarını idarə edə bilir.

AH 64 Apache helikopteri

AH-64 “Apache” helikopteri

AH 1Z Viper helikopteri

AH-1Z “Viper” helikopteri

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS