Polşa və Böyük Britaniya “Brimstone” raketli tank qırıcısı hazırlayır

Polşa və Böyük Britaniya “Brimstone” raketli tank qırıcısı hazırlayır

Polşanın “Polska Grupa Zbrojeniowa” (PGZ) qrupunun doqquz şirkəti “Brimstone” raketli yeni tank qırıcısının hazırlanması üçün Böyük Britaniyanın MBDA şirkəti ilə müqavilə imzalayıb.

“Poliqon” xəbər verir ki, bu barədə MBDA şirkətinin məbuat xidməti məlumat yayıb.

Müqavilə “Brimstone” tank əleyhinə idarə olunan raketlərdən (TƏİR) istifadə etməklə təkərli və ya tırtıllı döyüş maşınlarının hazırlanmasına və istehsalına imkan verəcək. Bu, PGZ və Böyük Britaniya tərəfdaşları arasında əməkdaşlıq haqqında 2019-cu il müqaviləsinin davamıdır.

“Çətin vaxtlarda arxalana biləcəyiniz tərəfdaşların olması yaxşıdır. MBDA UK şirkətinin rəhbərlik etdiyi Böyük Britaniyanın müdafiə sənayesi ilə əməkdaşlığımızı gücləndiririk. Bugünkü müqavilə ölkənin son nəsil “Brimstone” raketlərinin yaradılması istiqamətində atılan növbəti addımdır. Polşa-Böyük Britaniya əməkdaşlığı nəticəsində Polşa Silahlı Qüvvələri və Müttəfiq qüvvələrə birgə təklif ediləcək və şirkətlərimiz də tədarük zəncirinə daxil olacaq”, – deyə PGZ SA şirkətinin baş direktoru Sebastian Çvalek (Sebastian Chwałek) bildirib.

Müqavilə Polşa və xarici bazarlarda tank əleyhinə komplekslərin sifarişçi tərəfindən müəyyən edilmiş tank qırıcısı eskadrilya modulunun elementləri ilə inteqrasiyası və Polşanın PGZ obyektlərində “Brimstone” raketlərinin istehsalı sahəsində gələcək əməkdaşlıq üçün əsasdır.

MBDA UK şirkətinin icraçı direktoru Kris Allam (Chris Allam) tank qırıcılarının tədarükü proqramının həyata keçirilməsi PGZ və MBDA şirkətlərinin möhkəm olan əlaqələrin daha da inkişafı üçün imkan yaradacağını bildirib: ““Brimstone” ətrafında əməkdaşlığımızı dərinləşdirməklə biz, Polşanın hərbi və sənaye potensialının inkişafına birgə dəstək verəcəyik və şirkətlərimizin strateji ambisiyalarını artıracağıq”.

Polşa ordusu tank əleyhinə imkanlarını gücləndirmək üçün zirehli transportyorlar əsasında yeni tank qırıcıları əldə etmək proqramına başlayıb. Bundan başqa, bu proqramın məqsədi köhnə sovet istehsalı olan naqilli tuşlamalı 9P133 “Malyutka” tank əleyhinə raket kompleksindən istifadə edən köhnəlmiş döyüş maşınlarını əvəz etməkdir.

Müqavilə WZM SA, WZU SA, OBRUM sp. z o. o., Jelcz sp. z oo, Rosomak SA, həmçinin PGZ-OTTOKAR konsorsiumunun nümayəndələri PGZ SA (konsorsium lideri), HSW SA, MESKO SA və WZE SA şirkətləri tərəfindən də imzalanıb.

Xatırladaq ki, “Brimstone” raketi MBDA UK beynəlxalq konsorsiumu tərəfindən Böyük Britaniya Silahlı Qüvvələri üçün hazırlanıb. O, hərəkət edən hədəfləri yüksək dəqiqliklə vurmağa imkan verən aktiv radiolokasiya özütuşlama başlığı ilə təchiz olunub.

1 16

PGZ və MBDA arasında müqavilənin imzalanması

2 16

MBDA şirkətinin “Brimstone” raketi

3 11

“Brimstone” raketlərini zirehli təkərli buraxma qurğusunun konsepsiyası

4 10

“Brimstone” raketlərini zirehli tırtıllı buraxma qurğusunun konsepsiyası

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS