Prezident Daxili Qoşunlarının hərbi hissəsinin açılışında iştirak edib – YENİLƏNİB

Ağstafa rayonuna səfəri çərçivəsində Prezident İlham Əliyev martın 4-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.
Bu barədə “AzeriDefence” Prezidentin saytına istinadən məlumat verib.
Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov Ali Baş Komandan İlham Əliyevə raport verib.
Dövlət başçısı hərbi hissədə yaradılan şəraitlə tanış olub. Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov bildirib ki, bu hərbi hissənin inşasına 2018-ci ilin iyun ayında başlanılıb. Ötən il isə tikinti işləri başa çatdırılıb.
Hərbi hissənin ümumi ərazisi 5 hektardır. Burada əsgər yataqxanası, qərargah-kazarma binası, 150 yerlik yeməkxana inşa olunub.
Prezident İlham Əliyev Daxili Qoşunların hərbi silah-sursat və texnikasına baxıb.

















