
Prezident İlham Əliyev: 1990-cı illərin əvvəlindən 3300-dən çox vətəndaşımız mina qurbanı olub
Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində 30 il ərzində 1 milyondan çox mina basdırmışdır.
“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ilə bağlı paylaşımında deyilir.
Dövlət başçısı bildirib ki, Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır: “1990-cı illərin əvvəlindən 3300-dən çox vətəndaşımız mina qurbanı olmuşdur. Vətən müharibəsinin başa çatdığı 2020-ci il noyabrın 10-dan etibarən Ermənistanın mina terroru nəticəsində 300-ə qədər Azərbaycan vətəndaşı həlak olmuş və ya ağır yaralanmışdır”.
“Hazırda azad edilmiş ərazilərimizdə genişmiqyaslı quruculuq işləri aparılır. Müasir texnologiyalara əsaslanan humanitar minatəmizləmə və mina sahəsində maarifləndirmə bu işlərin tərkib hissəsidir. Mən öz həyatını təhlükə altına ataraq gecə-gündüz çalışan minatəmizləyənlərimizin fəaliyyətini yüksək qiymətləndirirəm. Dünyada mina terroruna son qoymaq üçün beynəlxalq səylər artırılmalıdır”, – deyə Prezident İlham Əliyev qeyd edib.