Prezident İlham Əliyev: Ermənistanın genişmiqyaslı və sürətli silahlanması mümkün olan sülhü poza bilər

Prezident İlham Əliyev: Ermənistanın genişmiqyaslı və sürətli silahlanması mümkün olan sülhü poza bilər

Ermənistanın genişmiqyaslı silahlanma kampaniyası hesab edirəm ki, bölgə üçün növbəti təhdid mənbəyidir.

“Poliqon” xəbər verir ki, bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib.

Dövlət başçısı vurğulayıb ki, bu il Azərbaycan üçün ən narahatedici məqam Ermənistanın silahlanmasıdır: “Bunun heç bir məntiqi izahatı yoxdur. Ermənistan öz işğalçılıq siyasətində tamamilə iflasla üz-üzə qalmışdır. 2020-ci və ondan sonra 2023-cü illərdəki hərbi məğlubiyyətləri onlara düz yol göstərməli idi. Biz də buna çalışırdıq və bu gün də öz səylərimizi davam etdiririk. Mən dəfələrlə həm rəsmi bəyanatlarımda, həm Ermənistan tərəfi ilə apardığımız danışıqlar əsnasında onlara xəbərdarlıq etmişəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək. Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar. Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır”.

Prezident İlham Əliyevin sözlərinə görə, Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü bu sülhü, mümkün olan sülhü poza bilər.

“Bir şeyi də qeyd etməliyəm, Azərbaycan, sadəcə olaraq, bu məsələ ilə bağlı tamaşaçı rolunda olmayacaq. Otuzillik işğal, dağıntılar, Qarabağın, Şərqi Zəngəzurun viran qoyulması, Xocalı soyqırımı, bir milyon insanımızın Ermənistanın ucbatından qaçqın, köçkün vəziyyətində yaşaması bizim xatirimizdən heç vaxt silinməyəcək. Biz bunu heç vaxt unutmayacağıq. Ermənistanın işğalçılıq siyasəti və mahiyyəti daim nəzərə alınmalıdır. Ona görə bir daha özümə borc bilib Ermənistan rəhbərliyinə növbəti xəbərdarlıq edirəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Bir də ki, bizimlə hərbi və istənilən sahədə rəqabət aparmaq onların iqtidarında deyil”, – deyə Azərbaycan Prezidenti qeyd edib.

CATEGORIES
TAGS