Prezident İlham Əliyev Tərtər və Bərdə rayonlarına səfər edib – FOTO

Prezident İlham Əliyev Tərtər və Bərdə rayonlarına səfər edib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtər və Bərdə rayonlarında səfərdə olub.

“Poliqon” xəbər verir ki, dövlət başçısı Tərtər şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyev Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoyub.

Dövlət başçısı Tərtər rayonunun Talış kəndində və Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldıb. Azərbaycan Prezidenti Talış kəndində ermənilər tərəfindən dağıdılmış alban-udi və pravoslav kilsələrində olub. “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışını edib.

Sonra, Prezident İlham Əliyev Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin “Smerç” raketləri ilə hücumu nəticəsində Tərtər şəhərinin sakini Sahib İsmayılovun dağılmış evinə baxıb və onun yerinə inşa edilən yeni evdə yaradılan şəraitlə tanış olub. Rayon mərkəzində Ermənistan silahlı birləşmələri tərəfindən Tərtər rayonuna müxtəlif tipli reaktiv yaylım atəşi sistemləri və artilleriya qurğularından atılmış mərmilərə baxıb.

Daha sonra, dövlət başçısı Bərdə rayonuna gəlib, ulu öndər Heydər Əliyevin Bərdə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyev Bərdə Peşə Liseyinin açılışında iştirak edib.

Səfərdən geniş reportaj oktyabrın 4-də təqdim olunacaq.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş