Qazaxıstan istehsalı yeni “Alan-2” döyüş maşını ilk dəfə Bakı yollarında – ÖZƏL

Qazaxıstan istehsalı yeni “Alan-2” döyüş maşını ilk dəfə Bakı yollarında – ÖZƏL

Qazaxıstanın “Kazakhstan Paramount Engineering” (KPE) şirkətinin yeni hazırladığı “Alan-2” zirehli nəqliyyat vasitəsi Bakıda keçiriləcək ADEX-2022 sərgisində ilk dəfə nümayiş olunacaq.

Bu barədə “Poliqon”a KPE şirkətindən məlumat verilib.

Şirkət mütəxəssislərinin sözlərinə görə, ötən günlərdə Qazaxıstanda təqdimatı keçirilən “Alan-2” zirehli döyüş maşını “Tiqr” zirehli maşın sinifinə daxildir, lakin parametrlərinə görə onu üstələyir. “Alan-2” çətin missiyalar üçün yüksək performans və faydalı yükgötürmə qabiliyyəti ilə seçilən zirehli nəqliyyat vasitəsidir.

4×4 təkər formuluna malik olan “Alan-2” çoxməqsədli nəqliyyat vasitəsi gülləkeçirməz şüşə və zirehli korpusa malikdir. “Alan-2” hərbi, xüsusi əməliyyatlar, sülhməramlı missiyaları, hüquq-mühafizə və təhlükəsizlik, habelə sərhəd mühafizəsi və fövqəladə hallarda yardım xidmətləri daxil olmaqla, müxtəlif missiyalar üçün nəzərdə tutulub.

Yüksək manevr qabiliyyətinə malik olan “Alan-2” zirehli maşını heyətin təhlükəsizliyi üçün yüksək mühafizə təmin edir. Zirehli maşının dizaynı onu müxtəlif əməliyyatlar və tapşırıqlara uyğun konfiqurasiya etməyə imkan verir.

Nəqliyyat vasitəsinin uzunluğu 6200 mm, eni 2550 mm və hündürlüyü 2550 millimetrdir. Üçü ekipaj üzvü olmaqla ümumilikdə 9 personal daşımaq qabiliyyətinə sahib zirehli maşının boş halda kütləsi 9000 kq, döyüş ağırlığı isə 12000 kiloqram təşkil edir. “Alan-2” avtomatik sürətlər qutusu və 285 at gücündəki turbo dizel mühərriklə təchiz edilib ki, bu da ona maksimum 130 km/saat sürətlə hərəkət imkanı verir.

Əlverişsiz, dağlıq və çətin keçilən ərazilərdə rahat hərəkət edə bilməsi üçün difernsial kild ilə təchiz olunan nəqliyyat vasitəsi 500 km məsafə qət etmək bacarığına malikdir.

“Alan-2” 5.56×45, 7.62×39 və 12.7×99 mm-lik zireh deşən sursatlara qarşı üstün ballistik müdafiə təmin edir. Həmçinin zirehli döyüş maşını RQD-5, RQ-42, F1 əl qumbaralarına və 500 qram ağırlığa qədər olan TNT partlayışlarına qarşı davamlıdır. Bundan başqa döyüş maşını yanğın söndürmə, bioloji və kimyəvi mühafizə sistemləri, əlavə güc bloku ilə də təchiz olunub.

Məlumatda o da qeyd olunub ki, “Alan-2” müxtəlif döyüş modulları ilə silahlandırıla və istəyə uyğun olaraq həm aktiv, həm də passiv zirehlə təmin edilə bilər.

Poliqon.az

CATEGORIES
TAGS