Qazaxıstan PUA istehsalı üçün Türkiyə ilə birgə müəssisə yaratmaq istəyir
Qazaxıstanda PUA istehsalı üçün Türkiyə şirkətləri ilə birgə müəssisənin yaradılması istiqamətində işlər aparılır.
“Poliqon” “Kazinform”a istinadən xəbər verir ki, bunu Qazaxıstan müdafiə nazirinin müavini Sultan Kamaletdinov deyib.
O bildirib ki, Qazaxıstanda pilotsuz uçuş aparatlarının (PUA) sayının artırılmasına xüsusi diqqət yetirilir: “Son zamanlar dünya ölkələrində baş verən silahlı münaqişələr pilotsuz uçuş aparatlarının mühüm rol oynadığını göstərir. Bu baxımdan biz ölkəmizdə sözügedən istiqamətdə müvafiq addımlar atırıq. İndi biz PUA-ları həm alırıq, həm də özümüz istehsal etməyə başlamışıq.
Bizim İsrail və Çindən alınan pilotsuz uçuş aparatlarımız var. Türkiyə şirkətləri ilə birgə müəssisənin yaradılması istiqamətində işlər aparılır. Eyni zamanda, yerli PUA-ların sınaqdan keçirilməsi ilə bağlı fəaliyyətlər davam etdirilir”.