Qazaxıstanda 117 ədəd hərbi təyyarə hərraca çıxarılıb

Qazaxıstanda 117 ədəd hərbi təyyarə hərraca çıxarılıb

Qazaxıstanda sovet istehsalı olan 117 köhnə qırıcı və bombardmançı təyyarə hərraca çıxarılıb.

“Poliqon” “Qolos naroda” saytına istinadən xəbər verir ki, köhnə təyyarələrin satışı onun hərbi hissələrin ərazisində utilizasiyası şərti ilə həyata keçirilir.

Qazaxıstanın dövlət obyektlərinin satışı üzrə elektron platformadakı elanın keçidinə əsasən, bütün lot üzrə start qiyməti bir milyard tengedən (1.5 milyon ABŞ dollarından çox) çoxdur.

Satıcı Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin Dövlət Müdafiə Sifarişi Komitəsinin “Kazspetsexport” təsərrüfat idarəetmə hüququna malik dövlət müəssisəsidir.

Ticarət platformasının saytında hərracın təsvirində “Satış obyekti ləğv edilmək şərti ilə 81 ədəd olan aviasiya texnikalarının satışıdır”, olaraq qeyd edilib. Nəşrin məlumatına görə, 1975-1989-cu illərdə istehsal edilmiş 81 təyyarə hazırda Almatı vilayətinin Jetıgen qəsəbəsindəki hərbi hissədə yerləşir. Bütün lot üzrə start qiyməti 1 milyard 19 milyon 782 min 199 tengedir. Həmçinin Qaraqanda vilayətindəki hərbi hissədə 230.5 milyon tenge dəyərində 11 təyyarə, Semeydə 358.3 milyon tenge dəyərində 10 təyyarəd və Çimkənddə 194.8 milyon tenge dəyərində 15 təyyarə saxlanılır.

Hərbi texnika istifadə üçün uyğun deyil. Bildirilir ki, bu hərbi təyyarələr yararsız vəziyyətdədir, mənəvi köhnəlmə səbəbindən modernləşdirilməsi iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir. Texniki vəziyyəti və unikallığını nəzərə alaraq, onların başqa məqsədlər üçün, o cümlədən ehtiyat hissələri mənbəyi kimi istifadəsi mümkün deyil.

“Kazspetsexport” müəssisəsi hərraca əsasən mühərrikləri və bort qida blokları olmayan MiQ-31 səsdən iti sürətli qırıcı-tutucu, MiQ-27 qırıcı-bombardmançı, MiQ-29 və Su-24MR taktiki kəşfiyyat təyyarələrini, eləcə də Su-24 taktiki cəbhə bombardmançılarının planerlərini çıxarıb.

Qazaxıstan Respublikası Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin əmrinə əsasən, döyüş təyyarələri Qazaxıstan Silahlı Qüvvələrinin Hərbi Havs Qüvvələrinin (HHQ) hərbi hissələrinin ərazisində utilizasiya yolu ilə məhv edilməlidir.

“Kazspetsexport” müəssisəsinin məlumatına görə, oktyabrın 26-da səhər saatlarına planlaşdırılmış, start qiyməti 1 miyard 19 milyon 782 min 199 tenge olan hərrac baş tutmayıb. Yeni hərracın başlaması noyabrın 11-nə planlaşdırılıb və başlanğıc qiyməti yarıya qədər aşağıdır.

Qeyd etmək lazımdır ki, Qazaxıstan Sovet istehsalı olan köhnəlmiş döyüş təyyarələri parkını tədricən müasirləri ilə əvəz edir. Xüsusilə, Qazaxıstan hərbi pilotları Rusiyanın istənilən hava şəraitində və günün istənilən vaxtında fəaliyyət göstərə və yer hədəflərinə hava zərbələri endirə bilən Su-30SM çoxməqsədli qırıcıları ilə uçurlar. Həmçinin modernləşdirilmiş L-39C “Albatros” təlim təyyarələri də istismardadır.

Əhəd Vahidoğlu            

CATEGORIES