Qazaxıstanda “Birləşdik-2024” regional əməliyyat-taktiki komanda-qərargah təlimi başlayır – FOTOLAR

Qazaxıstanda “Birləşdik-2024” regional əməliyyat-taktiki komanda-qərargah təlimi başlayır – FOTOLAR

Qazaxıstanın Manqistau vilayətində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə keçirilən “Birləşdik-2024” (“Бірлестік-2024”) regional əməliyyat-taktiki komanda-qərargah təlimi başlayır.

“Poliqon” xəbər verir ki, təlimdə hərbi tapşırıqlar “Oymaşa” poliqonunda, eləcə də Tokmak burnundan iki kilometr aralıda yerləşən dəniz zonasında keçiriləcək.

İyulun 8-dən 17-dək davam edəcək təlimdə hərbi kontingentlər silahlı münaqişənin qarşısını almaq üçün birgə əməliyyatlar hazırlayıb yerinə yetirəcəklər.

Proqram çərçivəsində 8-11 iyul tarixlərində qoşunların təlim yerinə yerləşməsi və təlim üçün təşkilatlanması həyata keçiriləcək, iyulun 11-də isə açılış mərasimi baş tutacaq.

Qeyd edək ki, təlimlərə 4 minə yaxın hərbçi və 700-ə yaxın silah və hərbi texnika cəlb olunub. Taktiki fəaliyyətlər yerüstü və hava kəşfiyyatı qrupları, dəniz xüsusi təyinatlıları, aviasiya dəstələri, döyüş gəmiləri və katerləri, artilleriya kəşfiyyat qrupları, hücum və tank bölmələrinin iştirakı ilə həyata keçiriləcək.

Təlim çərçivəsində mədəni, istirahət və idman tədbirlərinin keçirilməsi də nəzərdə tutulub.

Azərbaycan ilə region ölkələr arasında əlaqələrin inkişafında kommunikasiya körpüsü rolunu oynayan “Poliqon” hərbi-kosmik texnoloji jurnalı bu şərəfli missiyada üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır. Azərbaycandan “Poliqon” jurnalı olaraq “Birləşdik-2024” əməliyyat-taktiki təlimlərinin media tərəfdaşı qismində çıxış edirik. Bu təlimlər üçün rus dilində “Poliqon” Xüsusi Buraxılışı hazırlanıb. “Poliqon” Xüsusi Buraxılışı təlimlər çərçivəsində iştirakçı ölkələrin rəhbər şəxsləri, qonaqlar və digər iştirakçılar arasında pulsuz yayımlanacaq.

“Birləşdik-2024” regional əməliyyat-taktiki komanda-qərargah təlimlərinin media tərəfdaşı olaraq “Poliqon” jurnalı “Birləşdik-2024”ün gedişatı, təlimlərdə yeniliklər, istifadə olunan silah və hərbi texnika barəsində ictimaiyyəti ətraflı məlumatlarla təmin edəcək.

CATEGORIES
TAGS