QuruXəbərlər

Qazaxıstanda pilotsuz sistemlər və robotlaşdırılmış komplekslər sınaqdan keçirilib

“Spassk” Təlim Mərkəzinin poliqonunda Qazaxıstanda istehsal olunan pilotsuz sistemlərin və robotlaşdırılmış komplekslərin nümayiş sınaqları keçirilib.

Bu barədə “Poliqon” Qazaxıstan Müdafiə Nazirliyinə istinadən xəbər verib.

Bildirilib ki, Qazaxıstan müəssisələri tərəfindən hazırlanmış perspektivli texniki nümunələr döyüş şəraitinə maksimum yaxın mühitdə yoxlanılıb. Təcrübi-hərbi istismar nəticələri bu sistemlərin Qazaxıstan Silahlı Qüvvələrinin silahlanmasına qəbul edilməsi ilə bağlı qərar qəbul edilərkən nəzərə alınacaq.

Sınaqlar zamanı döyüş meydanında geniş spektrli tapşırıqları yerinə yetirə bilən müasir robotlaşdırılmış komplekslər nümayiş etdirilib. Bu sistemlər sursat və mühəndis avadanlıqlarının çatdırılması, yaralıların təxliyəsi, həmçinin müxtəlif yüklərin daşınması üçün nəzərdə tutulub. Bundan əlavə, qarşıya qoyulan tapşırıqdan asılı olaraq onlar PKT pulemyotu və digər atıcı silahlarla təchiz oluna bilir.

Sınaqlar çərçivəsində pilotsuz uçuş aparatları qrupunun (sürü) idarəetmə sisteminin nümayişinə xüsusi diqqət yetirilib. Kompleks bir operatora eyni vaxtda hədəfləri məhv etmək üçün nəzərdə tutulmuş 100-ə qədər pilotsuz uçuş aparatından ibarət qrupu idarə etməyə imkan verir. Həmçinin sistem pilotsuz uçuş aparatlarına qarşı mübarizə aparan mütəxəssislərin hazırlanması prosesində də istifadə olunur.

Sınaqlarda radioelektron mübarizə bölmələri də iştirak edib. Bu isə yerli istehsal olan sistemlərin müasir radioelektron basdırma vasitələrinin təsirinə davamlılığını qiymətləndirməyə imkan verib.

Qeyd edilib ki, belə sınaqların keçirilməsi Qazaxıstanın müdafiə-sənaye kompleksinin inkişafına, müasir texnologiyaların tətbiqinə və Silahlı Qüvvələrin perspektivli silah və hərbi texnika nümunələri ilə təchiz edilməsinə töhfə verir.

Back to top button