
“Airbus” şirkətinin mütəxəssisləri A400M hərbi nəqliyyat təyyarəsi ilə bağlı Qazaxıstan Hərbi Hava Qüvvələrinin pilotlarına təlimlər keçir.
“Poliqon” Qazaxıstan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, A400M-lə əlaqədar ölkədə keçirilən təlimlərdə təyyarəni uçuracaq pilotların və ona qulluq göstərəcək texniki heyətin bilik və bacarıqları inkişaf etdirilir.
Qeyd edək ki, Qazaxıstan hökuməti 2021-ci ilin sentyabr ayında “Airbus” şirkətinə iki ədəd A400M hərbi nəqliyyat təyyarəsi sifariş edib. Qazaxıstan HHQ ilk A400M təyyarəsini ötən ilin dekabr ayında təhvil alıb. İkinci A400M-in isə 2026-cı ildə Qazaxıstan HHQ-yə təhvil verilməsi planlaşdırılıb.
A400M-in boş kütləsi 66.5 ton, maksimum yükqaldırma qabiliyyəti isə 37 tondur. Təyyarə vasitəsilə həm yüklər, həm personal, həm də çəkisi 32 tona qədər olan döyüş maşınları daşına bilər. Heyəti 2-4 nəfər, uçuş tavanı 12200 metr və maksimum sürəti 802 km/saat olan təyyarənin maksimum yüklə uçuş uzaqlığı 3300 km təşkil edir.









