REGİONAL FOKUS: BMP-1 piyada döyüş maşınlarının təkmilləşdirilməsi layihələri

REGİONAL FOKUS: BMP-1 piyada döyüş maşınlarının təkmilləşdirilməsi layihələri

İstənilən bir silah və döyüş texnikası nümunəsi uzunmüddətli xidməti ərzində texniki resurslarını başa vurur və köhnəlməyə məruz qalır. Bu səbəbdən də onların ya yeniləri ilə əvəz edilməsi, ya da müasir tələblərə cavab verən səviyyədə təkmilləşdirilməsi həyata keçirilir. Belə ki, zaman keçdikcə bu nümunələrin taktiki və texniki xüsusiyyətləri müasir döyüşün tələblərinə cavab vermir və təkmilləşdirilərək daha da yaxşılaşdırmanı tələb edir. Ümumilikdə silah və döyüş texnikası nümunələrinin təkmilləşdirilməsi dedikdə, onun yeni tələb və normalara, texniki şərtlərə, keyfiyyət göstəricilərinə uyğunlaşdırılması başa düşülür. Təkmilləşdirmənin məqsədi müasir dəstləşdirici elementlərdən və element bazasından istifadə etməklə nümunənin taktiki, texniki və istismar xüsusiyyətlərini yaxşılaşdırmaqdır.

Hazırda dünyanın bir çox ölkəsinin ordularında keçmiş SSRİ Silahlı Qüvvələrinin silahlanmasına 1966-cı ildə qəbul edilmiş və 1966-1983-cü illərdə istehsal olunmuş BMP-1 piyadanın döyüş maşınları (PDM) müxtəlif konfiqurasiyalarda istismar edilməkdə davam edir. BMP-1 PDM-i motoatıcı bölmələrin döyüş meydanına daşınması, döyüş zamanı bölmələrin atəş dəstəyi vəzifələrinin yerinə yetirilməsi, düşmənin canlı qüvvəsi və zirehli hədəfləri ilə mübarizə aparmaq üçün təyin edilib.

İndiki dövrdə BMP-1 PDM dünyanın 40-a yaxın ölkəsinin ordularında silahlanmada qalmaqda davam edir, 10-a yaxın ölkədə isə artıq silahlanmadan çıxarılıb. İndiyədək döyüş maşınının keçmiş SSRİ, müasir Rusiya və digər ölkələrdə 34 növ modifikasiyası istehsal olunub, eləcə də onun bazasında 27 növ hərbi təyinatlı və 9 növ mülki təyinatlı müxtəlif maşınlar yaradılıb. Quruluşunun sadə, istifadəsinin və texniki qulluğunun rahat olması səbəbindən PDM-in təkmilləşdirilməsi hazırda da davam etdirilməkdədir.

BMP-1 döyüş maşınının silahlanmasına 73 mm-lik hamar lüləli 2A28 “Qrom” topu və onunla qoşalaşdırılmış   7,62 mm-lik PKT pulemyotu, həmçinin 9M14M “Malyutka” tank əleyhinə idarə olunan raket (TƏİR) buraxma qurğusu (BQ) və desant bölməsində bərkidilə və nəql edilə bilən 9K32 “Strela-2” daşınan zenit raket kompleksi (DZRK) daxildir.

1960-cı illərin əvvəllərində ordu yeni bir hərbi texnikanın necə istifadə ediləcəyi haqqında dəqiq bir təsəvvürə malik deyildi. Onların təchiz olunduğu hamar lüləli toplar kumulyativ qumbaralarla atmaq imkanına malikdir və 9M14M “Malyutka” TƏİR BQ isə topa üstdən bərkidilib. Standart silahlanma həmişə BMP-1 maşınının “yaralı yeri” hesab edilib.

Buna görə də, 2A28 “Qrom” topunu texniki baxımdan tam hüquqlu tank əleyhinə silah adlandırmaq bir qədər çətindir. Əslində, bu top, düşmən zirehli maşınlarını yalnız 800-900 metrlik yaxın məsafədə məhv etmək üçün əlverişli olan 73 mm-lik SPQ-9 markalı tank əleyhinə dəzgahlı qumbaraatanın qısaldılmış versiyasıdır. Düşmən hədəfini məhv etmək üçün isə, hələ düşmənə yaxınlaşmaq lazımdır. Müqayisə üçün qeyd etmək lazımdır ki, 1960-cı illərdə NATO ordularının silahlanmasında yer alan ABŞ istehsalı M60 tankının topundan 2,5 km-dək məsafədən atılan çapaltı mərmi, BMP-1 PDM-in 16 mm qalınlığındakı zirehini perqament kimi dəlmək imkanın malikdir.

Yaxın təmas döyüşündə heyətin nişan almaq üçün çox vaxtı olmadığından, dəqiqədə 6 atəşə qədər olan aşağı atəş tempi, əllə yerinə yetirilən yenidən doldurma prosesi və silah sisteminin sabitləşməsi üçün stabilizatorun olmaması 2A28 “Qrom” topunu piyadalarla mübarizədə də təsirsiz hala gətirir. 15O-lik kiçik qalxma bucağı isə yüksəkliklərə işləmək tələbi olan şəhər binaları arasında və dağlıq ərazilərdə onu yararsız edirdi.

Bütün sadalanan halları nəzərə alaraq, müxtəlif ölkələrdə yerinə yetirilən təkmilləşdimə layihələri ilk növbədə silah sistemlərinə təsir göstərib. BMP-1 PDM-dən ştat silahlanmalı qüllə çıxarılıb və onun yerinə avtomatik top, TƏİR kompleksi və digər silahlarla təchiz edilmiş yeni döyüş modulları quraşdırılıb. Əlavə elektronika və elektrik ötürücülər birləşdirilib. Bəzi hallarda gövdəyə, mühərrikə və transmissiyaya da dəyişikliklər edilib. Yaşının çox olmasına baxmayaraq, bu maşının şassisi mütəxəssislər tərəfindən hələ də uğurlu və etibarlı kimi tanınır.

Rusiya Federasiyasının “Muromteplovoz” Açıq Səhmdar Cəmiyyəti (ASC) BMP-1 döyüş maşınının BMP-1M səviyyəsinə qədər təkmilləşdirilməsini yerinə yetirib. Təkmilləşdirmə zamanı standart döyüş qülləsi yeni MB2-03 və MB2-05 döyüş modulları ilə əvəz edilib. PDM-də MB tipli döyüş modullarının quraşdırılması BMP-2 PDM döyüş bölməsinə bənzər xüsusiyyətlər əldə etməklə yanaşı, növbəti üstünlükləri də təmin edir:

–        MB tipli döyüş bölmələrinin daha kiçik qabarit ölçüləri səbəbindən BMP-1 döyüş maşının faydalı həcmi artır;

–        silah blokunun kənarda quraşdırılması səbəbindən daxili həcm qazla çirklənmir;

–        təkmilləşdirilmiş nişangah kompleksi quraşdırılır;

–        avtomatik rejimdə atəş bucaqları artır: 180°

  • üfüqi müstəvidə – 330°-dən 360°-yə qədər;
  • şaquli müstəvidə – 35°-dən 70°-yə qədər;
  • yan əyilmədə – -4° ilə -5° arasında.

Təkmilləşdirmədən sonra döyüş maşının kütləsi 13,6 ton təşkil edir. Döyüş maşınına MB2-03 döyüş modulu quraşdırıldıqda PDM əsas silah olaraq 30 mm-lik 2A72 avtomatik topu və onunla qoşalaşdırılmış 7,62 mm-lik PKTM pulemyotu, 30 mm-lik AQ-17 avtomatik qumbaraatanı və maskalanma üçün 81 mm-lik 902V “Tuça” tüstü qumbaraatanı ilə silahlandırılır. MB2-05 döyüş modulunda isə 30 mm-lik 2A72 avtomatik topu və onunla qoşalaşdırılmış 7,62 mm-lik PKTM pulemyotu, 2 ədəd “Konkurs” TƏİR BQ və maskalanma üçün 902V tüstü qumbaraatanı nəzərdə tutulub. Hər iki döyüş modulunda silahları sabitləşdirməkdən ötrü iki müstəvili elektro-mexaniki stabilizator və gecə-gündüz rejimlərində işləyən TKN-4QA nişangahı quraşdırılıb.

BMP 1AM Basurmanin Uralvaqonzavod

Rusiyanın təkmilləşdirilmiş BMP-1AM “Basurmanin” PDM

Rusiya Federasiyasının “Uralvaqonzavod” Elmi-İstehsalat Korporasiyası” BMP-1 döyüş maşını təkmilləşdirərək onu BMP-1AM “Basurmanin” səviyyəsinədək yüksəldib. Təkmilləşdirmə zamanı maşının standart döyüş qülləsi BTR-82A zirehli transportyorunun döyüş modulu ilə dəyişdirilib. Nəticədə döyüş maşını 30 mm-lik 2A72 avtomatik topu, topla qoşalaşdırılmış 7,62 mm-lik PKTM pulemyotu, gecə-gündüz rejimlərində işləyən TKN-4QA-01 zenit nişangahı ilə kombinələşdirilmiş atəşi idarəetmə sistemi, silahların sabitləşdirilməsi üçün iki müstəvili stabilizator və çıxarılma variantlı 9K115 “Metis” TƏİR kompleksi ilə təchiz olunub. Köhnə 300 at gücünə malik UTD-20 mühərriki BMP-2 PDM üçün nəzərdə tutulmuş eyni gücə sahib UTD-20S1 mühərriki ilə əvəz edilib. Keçidlik qabiliyyətini artırmaqdan ötrü ştat torsion valları yüksək yüklənmə qabiliyyətli torsion valları ilə dəyişdirilib. Maşının R-123M radiostansiyası R-168-25U-2 radiostansiyası ilə əvəz edilib və AVSK-2U daxili rabitə və kommutasiya aparatı quraşdırılıb. Subasma qanadlarının quraşdırılması sayəsində üzmə və suda hərəkət qabiliyyəti artırılıb. Təkmilləşdirmə nəticəsində PDM-in resursu bərpa edilib. Maskalanmanın təmin edilməsi üçün 81 mm-lik 902V “Tuça” tüstü qumbaraatanı quraşdırlıb. Təkilləşdirmədən sonra döyüş maşının kütləsi 13 tondan 14,3 tona qalxıb. Təkmilləşdirilmiş döyüş maşını alçaqdan uçan hava hədəfləri ilə mübarizə aparmaq imkanına malikdir.

Rusiyanın daha bir müəssisəsi, “Vısokotoçnıye kompleksı” Elmi-İstehsalat Birliyi BMP-1 PDM-in BMP-1M səviyyəsinədək təkmilləşdirməsi layihələrini hazırlayıb. Layihələrə əsasən BMP-1 PDM üzərində standart döyüş qülləsinin əvəzinə həm “Bereq”, həm də “Berejok” döyüş modullarının, 300 at gücünə malik UTD-20 dizel mühərrikinin əvəzinə “Barnaultransmaş” şirkətinin istehsalı 360 at güclü UTD-23 mühərrikinin, zirehli və qəfəsli ekranların quraşdırılması imkanı nəzərdə tutulub. Eləcə də şassinin yüksəldilmiş yükqaldırmalı dayaq vərdənələrinin, böyük həcmli hidravlik amortizatorların, yüksək xüsusiyyətli torsionların, yüksəldilmiş möhkəmlikli rezin-metal şarnirli tırtılların quraşdırılması ilə təkmilləşdirilməsi mümkündür.

Üzərində “Bereq” döyüş modulu yerləşdirilmiş BMP-1M döyüş maşınının silahlanmasına 30 mm-lik 2A42 avtomatik topu, onunla qoşalaşdırılmış 7,62 mm-lik PKTM pulemyotu və qüllənin sağ yan tərəfində yerləşdirilmiş 2 ədəd 9K135 “Kornet-EM” TƏİR BQ daxildir. Bundan başqa, maşın, tuşlayıcının gecə və gündüz atəş aparmasını təmin edən TPVP tipli nişangahı, müasir tuşlayıcı pultu və videomonitoru, komandirin tuşlayıcı funksiyalarına üstünlük vermə imkanı ilə gecə/gündüz rejimli ballistik hesablayıcılı avtomatik atəşi idarəetmə sistemi, külək sensoru, TV və İQ rejimlərdə işləyən hədəfi müşayiətetmə avtomatı və iki müstəvili silah stabilizatoru ilə təchiz edilib. Nəticədə döyüş maşınının kütləsi 13 tondan 14 tona yüksəlib. Atəş aparmaq üçün hesabatlar və məlumatlara düzəlişlər ballistik hesablayıcı tərəfindən avtomatik yerinə yetirilir. Təkmilləşdirmədən sonra döyüş maşını alçaqdan uçan hava hədəfləri ilə mübarizə aparmaq imkanı əldə edib.

“Berejok” layihəsində BMP-1 PDM-in üzərinə BMP-2 PDM-in təkmilləşdirilmiş döyüş qülləsi yerləşdirilib. Bu zaman maşın 30 mm-lik 2A42 avtomatik topu və onunla qoşalaşdırılmış 7,62 mm-lik PKTM pulemyotu, 30 mm-lik AQ-30M avtomatik qumbaraatanı və qüllənin yan tərəflərində yerləşdirilmiş 4 ədəd 9K135 “Kornet-EM” TƏİR BQ ilə silahlandırılıb. Bu layihədə, döyüş maşını tuşlayıcının gecə və gündüz atəş aparmanı təmin edən TPVP tipli nişangahı, komandirin gecə/gündüz funksiyalı nişangahı, gecə/gündüz rejimli avtomatik atəşi idarəetmə sistemi, ballistik hesablayıcı, TV və İQ rejimlərdə işləyən hədəfi müşayiətetmə avtomatı və iki müstəvili silah stabilizatoru ilə təchiz edilib. Bunun nəticəsində döyüş maşınının kütləsi 13 tondan 15,6 tona qədər artıb. Atəş aparmaq üçün hesabatlar və məlumatlara düzəlişlər ballistik hesablayıcı sayəsində avtomatik yerinə yetirilir. Təkmilləşdirmədən sonra döyüş maşını alçaqdan uçan hava hədəfləri ilə mübarizə apara bilir.

Polşa Respublikasında hələ Sovet dövründə lisenziya əsasında istehsal edilən və BWP-1 adlandırılan PDM-in təkmilləşdirilməsi həyata keçirilib. Təkmilləşdirmə işləri yerli WZM şirkəti tərəfindən yerinə yetirilib. Təkmilləşdirilmiş döyüş maşını xarici olaraq orijinala çox az bənzəyir. Köhnədən qalan yalnız gediş hissəsinin tırtıl lentləri və vərdənələridir. Sonrakı model BMP-2 PDM-dən keçən yan ekran-sallar da qalmaqdadır. Eyni zamanda, gövdə əhəmiyyətli dəyişikliklərə məruz qalıb, hündürləşdirilib, buna görə də zirehin arxasındakı insanlar üçün daha əlverişli şərait yaranıb. Maşının daxilində yeni rabitə vasitələri, kondisioner və yanğınsöndürmə sistemi, həmçinin dairəvi görünüş sistemi nəzərdə tutulub. Döyüş maşını, TƏİR tuşlanmasından maskalayan SSP-1 “Obra 3” lazer xəbərdarlıq sistemi ilə təchiz olunub. Yanacaq çənlərin yeri dəyişdirilib və qüllənin bünövrəsi çıxarılıb. Standart döyüş qülləsi “John Cockerill 1030” döyüş modulu ilə əvəz olunub. Atəş gücü, insansız döyüş modulundakı 30 mm-lik və ya 40 mm-lik “Bushmaster Mk 44” avtomatik topu ilə gücləndirilib, eləcə də 7,62 mm-lik pulemyot da topla qoşalaşdırılıb. Zirehli hədəfləri və digər obyektləri məhv etmək üçün sağ tərəfdə qoşalaşdırılmış “Spike-LR” TƏİR BQ quraşdırılıb. Döyüş maşınının 300 at gücünə malik UTD-20 mühərriki Almaniya istehsalı 326 at gücünə malik yeni MTU 6R 106 TD21 mühərriki ilə əvəz edilib. Ballistik müdafiə NATO STANAG 4569 standartının 3-cü səviyyəsinə qədər yüksəldilib və nəticədə 60 metr məsafədə 155 mm-lik mərminin partlamasına qarşı davamlı olub. Təkmilləşdirmədən sonra döyüş maşını alçaqdan uçan hava hədəfləri ilə mübarizə aparmaq imkanına sahiblənib.

BWP 1 Wojskowe Zaklady Motoryzacyjne S.A.

Polşada təkmilləşdirilmiş BWP-1 PDM

BWP-1 (BMP-1) PDM-in BWP-40 adlandırılan digər təkmilləşdirilməsini Polşanın “Huta Stalowa Wola” və İsveçin “Bofors” şirkətləri birlikdə yerinə yetirib. Təkmilləşdirmə zamanı döyüş maşınının standart döyüş qülləsi İsveçin CV-90 (Stridsfordon 90) PDM-nin 40 mm-lik L/70B avtomatik toplu döyüş qülləsi ilə əvəz edilib. Qüllədə 7,62 mm-lik pulemyot topla qoşalaşdırılıb. Bundan başqa, qüllənin gövdə hissəsində işıqlandırıcı raketləri buraxmaq üçün iki lüləli “Liran” sistemi quraşdırılıb. BWP-1 PDM-də daha böyük və daha ağır qülləni quraşdırmaqdan ötrü maşının konstruksiyasında növbəti dəyişikliklər edilib: desant bölməsinin damındakı iki ön lyuk ləğv edilib, maşın komandirinin lyuk qapağı qaynaqlanıb və desant bölməsi yenidən qurulub. Təkmilləşdirmədən sonra PDM-in desant bölməsinin tutumu tam təchiz edilmiş 8 nəfər atıcı-desantdan 6 nəfərə (bəzi mənbələrə görə – 4 nəfərə) enib. Yeni qüllənin yerləşdirilməsi ilə maşının hündürlüyü 2,07 m-dən 2,57 m-ə qədər, kütləsi isə 13 tondan 15,4 tona qədər artıb. Döyüş maşınının mühərriki və hərəkətli hissəsi olduğu kimi qalıb. Maksimal hərəkət sürəti saatda 60 km-dir. Təkmilləşdirmədən sonra BWP-40 PDM alçaqdan uçan hava hədəfləri ilə mübarizə aparır.

Çex Respublikasının “Excalıbur Army” şirkəti 1970-1989-cu illər ərzində BMP-1 PDM-in lisenziyası əsasında keçmiş Çexoslovakiyada istehsal edilən BVP-1 döyüş maşınını təkmilləşdirib. Təkmilləşdirmə nəticəsində yaradılan yeni maşın MGC-1 adlandırıb. Təkmilləşdirmə zamanı standart qüllə 14,5 mm çaplı əsas və ona qoşalaşdırılmış 7,62 mm pulemyotlu MGC-14,5 döyüş modulu ilə əvəz edilib. Qüllənin yan və arxa hissələri ERA və ya NXRA tipli dinamik müdafiə ilə təchiz olunub. PDM-in arxa hissəsinə quraşdırılmış SLAT aktiv ballistik mühafizə sistemi RPQ qumbaralarından və yüngül TƏİR-dən qorunmanı təmin edir. Nüfuz edən mərmi qəlpələrindən müdafiəni təmin etmək məqsədi ilə döyüş maşınında STANAG 4569 standartının 4-cü səviyyəsinə uyğun əlavə passiv blok quraşdırılıb. Alt hissənin mina partlayışına davamlığı artırılıb, STANAG 4569 standartının 2-ci səviyyəsinə uyğun müdafiənin təmin etmək məqsədi ilə asma oturacaqlar quraşdırılıb. Maşının bütün gövdəsi RPQ qumbaralarına qarşı müdafiə məqsədi ilə qəfəsli şəbəkə ekranla örtülüb.

Sonradan işlər Slovakiyanın “VOP Trenčín” və “EVPÚ” şirkətləri ilə birlikdə davam etdirilib və döyüş maşınına yeni TURRA 30 döyüş modulu quraşdırılaraq BVP-M2 SKCZ variantı yaradılıb. TURRA 30 modulu, 30 mm çaplı 2A42 avtomatik topu, onunla qoşalaşdırılmış 7,62 mm-lik pulemyot və İsrailin bir cüt “Spıke LR” və ya Rusiyanın “Konkurs” TƏİR BQ ilə təchiz edilib. Bundan əlavə, döyüş modulu 8 ədəd tüstü qumbaraatanı ilə təchiz olunub. Maşının desant bölməsi böyüdülüb və idarəetmə bölməsi dəyişdirilib. Baza olaraq, STANAG 4569 standartının 1-ci səviyyəsinə uyğun gövdənin dib hissəsi və 2A səviyyəsinə uyğun tırtılın altında minadan müdafiə, 2-ci səviyyəsinə uyğun isə mərmilərdən müdafiə səviyyəsinə malikdir. 300 at gücünə malik ştat UTD-20 mühərrikinin əvəzinə 408 at gücündə yeni “Caterpillar” C9.3 turbo mühərriki quraşdırılıb. Maşının hərəkət sürəti saatda 70 km, yanacaq üzrə gediş ehtiyatı 500 km-dir. Əlavə olaraq, mərmilərdən qorunma səviyyəsini 4-cü səviyyəyə qədər artırmaq, kondisioner, qoruyucu qəfəsli şəbəkə ekranları, yeni radiostansiya, naviqasiya sistemi və digər əlavə avadanlıqlar quraşdırmaq mümkündür. Qabarit ölçülərinin artması və çoxsaylı konstruktiv dəyişikliklər PDM-in döyüş kütləsinin 18 tona qədər artmasına səbəb olub. Təkmilləşdirmədən sonra döyüş maşını alçaqdan uçan hava hədəfləri ilə mübarizə aparmaq kimi imkana sahiblənib.

Ukrayna müdafiə sənayesi müəssisələri BMP-1 PDM-i BMP-1U “Şkval” səviyyəsinə qədər təkmilləşdiriblər. Standart BMP-1 qülləsinin yerinə “Şkval” döyüş modulu quraşdırılıb. Quraşdırılmış yeni avadanlıq, köhnə döyüş bölməsindən daha böyük həcm tutduğu üçün desant sayı 6 nəfərə endirilib. Həmçinin, döyüş maşınının konstruksiyasında BMP-2 PDM-dən götürülmə yeni subasma qanad-salları, tırtıllar və aparıcı təkərlər quraşdırılıb. Silah kompleksinin sabitləşdirilməsindən ötrü döyüş modulunda SVU-500 silah stabilizatoru ilə tətbiq edilib. Döyüş modulunda 30 mm-lik ZTM-1 (2A42) və ZTM-2 (2A72) avtomatik topunun quraşdırılması mümkündür. Bundan başqa KT-7,62 (PKTM) və KT-12,7 (NSV “Utyos”) pulemyotları da quraşdırılır. Tanklarla və digər zirehli texnikalarla mübarizə aparmaq üçün “Baryer” və ya 9M113 “Konkurs” TƏİR BQ nəzərədə tutulub. Hava hədəflərinə qarşı “İqla” DZRK döyüş maşının silahlanmasına daxil edilib. Maşında köməkiçi silah olaraq 30 mm-lik AQ-17 avtomatik qumbaraatanı yerləşdirilib. Döyüş modulunun sağ və sol hissələrində 81 mm-lik 902V “Tuça” tüstü qumbaraatanı quraşdırılıb.

BMP 1UM Ukrayna scaled

Ukrayna Ordusu üçün təkmilləşdirilmiş BMP-1UM PDM

Döyüş maşının Ukrayna Ordusu üçün nəzərdə tutulmuş növbəti təkmilləşdirilmələri BMP-1UM, BMP-1UMD “Mislivets” və BMP-1TS, ixrac üçün nəzərdə tutulmuş BMP-1M (BMP-MTS) variantlarıdır. BMP-1UM döyüş maşının zirehi gücləndirilib, üzərində yeni rəqəmsal SVU-500-3Ts stabilizatorlu və “Kvant-radiolokasiya” Radiolokasiya Sistemləri Elmi-Tədqiqat İnstitutunun hazırladığı yeni “Tandem-2” nişangah kompleksli KBA-105TB “Şkval-A” döyüş modulu quraşdırılıb. Döyüş maşınında ZTD-2 dizel mühərriki yerləşdirilib. Bunlardan başqa, maşında yeni yanacaq çənləri, SN-3003 peyk naviqasiya cihazı, komandirin təkmilləşdirilmiş TKN-3B nişangahı, təkmilləşdirilmiş mina mühafizəli yeni oturacaqlar nəzərdə tutulub. Desant bölməsinin hündürlüyü 15 sm artırılıb və qapıları rampa ilə əvəz edilib. Tüstü borusunun yeri dəyişdirilib.

BMP-1UMD “Mislivets” PDM-i sadalananlardan əlavə, ZTD-2 mühərriki əvəzinə Almaniyanın “Deutz” şirkətinin 330 at gücünə sahib “Deutz TCD2013 L64V” dizel mühərriki və yeni rəqəmsal atəşi idarəetmə sistemi ilə təchiz edilib. BMP-1TS PDM-i isə “Teximpeks” şirkəti tərəfindən gücləndirilmiş zirehlə, “Sintez” atəşi idarəetmə sistemli “Şkval” döyüş modulunun versiyası olan “Spis” döyüş modulu və “Motorola DM-4601” radiostansiyası ilə təchiz edilib. BMP-1M PDM-in ixrac variantı olaraq, “Tandem-2” müşahidə sistemi və köhnə “Konkurs” TƏİR kompleksi əvəzinə “Luç” Kiyev Dövlət Konstruktor Bürosu tərəfindən hazırlanmış “Baryer” TƏİR kompleksi ilə təchiz edilib. Təkmilləşdirmədən sonra döyüş maşınının bütün variantları alçaqdan uçan hava hədəfləri ilə mübarizə apara bilir.

Keçmiş Çexoslovakiyada Sovet BMP-1 PDM-inin lisenziyası əsasında istehsal edilən BVP-1 döyüş maşınının daha bir təkmilləşdirilməsi Slovakiyanın “Metapol”, “ZTS Dubnica” və Belarusun “140-cı təmir zavodu”-nun birgə səyləri nəticəsində həyata keçirilib. Yeni variant döyüş maşınına “Cobra-S” adı verilib. Təkmilləşdirmə zamanı maşının standart döyüş qülləsi yeni “Cobra” döyüş modulu ilə əvəz edilib. Atəş gücünü artırmaqla yanaşı, düşmən tərəfindən RPQ və yüngül TƏİR-lərin istifadəsi şəraitində sağqalma nisbətini artıran quraşdırılmış dinamik qorunmanın yerləşdirilməsi də təmin edilib. Döyüş modulu 30 mm-lik 2A42 avtomatik topu, onunla qoşalaşdırılmış 7,62 mm-lik PKT pulemyotu, “Konkurs-M” TƏİR BQ və təkmilləşdirilmiş atəşi idarəetmə sistemi ilə təchiz edilib. Silah, aşağı profilli təkyerli qüllənin xaricinə çıxarılıb və iki müstəvidə sabitləşdirilib. Qüllənin yan tərəflərinə 81 mm-lik 902V “Tuça” tüstü qumbaraatanı quraşdırılıb. “Cobra” döyüş modulu, BMP-1 (BVP-1) PDM-in köhnə döyüş qülləsi ilə eyni ümumi qabarit ölçülərinə malik olduğu üçün gövdəyə konstruktiv dəyişikliklər edilməyib. Stabilizator joystik tipli dəstəklə idarə olunur və bütün lazımi məlumatlar xüsusi displeydə əks etdirilir. Nişan almaqdan ötrü operator üçün passiv-aktiv gecə kanallı müasir kombinələşdirilmiş periskopik nişangah nəzərdə tutulub. Döyüş maşını məlumatların ələ keçirilməsini istisna edən müasir radio avadanlığı, kütləvi qırğın silahlarından müdafiə sistemi, yüksək sürətli yanğınsöndürmə sistemi, habelə Almaniyanın DATO-V kondisioner sistemi ilə təchiz edilib.

BVP M2 SKCZ Excalibur Army VOP Trencin EVPU

Slovakiya və Belarus şirkətləri tərəfindən birgə təkmilləşdirilən BVP-1 PDM

“Cobra-S” PDM-in daha bir modifikasiyası isə üzməyən BMP-1D PDM şassisindən baza kimi istifadə olunaraq yaradılıb. Gövdənin yan tərəflərində əlavə yerləşdirilən zirehli lövhələrdən və şassinin gediş hissəsini örtən polad ekranlardan ibarət gücləndirilmiş müdafiə tətbq edilib. Bundan başqa, maşının üzərində asma dinamik müdafiə blokları quraşdırılıb. Təkmilləşdirmədən sonra döyüş maşınının hər iki variantı alçaqdan uçan hava hədəfləri ilə mübarizə apara bilir.

Rumıniyada da 1985-2000-ci illərdə BMP-1 PDM-in lisenziyası əsasında istehsal edilmiş MLI-84 döyüş maşınının MLI-84M “Jderul” səviyyəsinədək təkmilləşdirilməsi həyata keçirilib. MLI-84M proqramı üçün sistem inteqratoru Rumıniyanın “SC MFA SA Mizil” şirkətidir. Təkmilləşdirmə zamanı döyüş maşınının yalnız gövdəsi dəyişilməz qalıb. Maşının üzərinə standart döyüş qülləsinin əvəzinə İsrailin “Rafael” şirkətinin yeni OWS-25R döyüş modulu yerləşdirilib. Döyüş modulunun tərkibinə 25 mm-lik “Oerlikon” avtomatik topu, 7,62 mm-lik qoşalaşdırılmış pulemyot və iki tank əleyhinə “Spike LR” TƏİR BQ daxildir. Maşında 355 at güclü 8V-1240-DT-S dizel mühərriki əvəzinə 396 at gücünə malik “Caterpillar C9” mühərriki və yeni transmissiya quraşdırılıb.

MLI 84M 2

Rumıniyada MLI-84M PDM-lər hərbi paradda keçid edərkən

Bütün silahlar insanlı bölmənin xaricində yerləşdirilib və məsafədən idarə olunur. Modula, gecə və gündüz görmə üçün (ehtimal ki, quraşdırılmış lazer məsafəölçənli) kombinələşdirilmiş yeni nişangah-müşahidə cihazına malik olan bir nəfər atıcı-operator xidmət göstərir. Desant üçün yeni oturacaqlar nəzərdə tutulub. PDM-in digər xarici fərqləri, gövdənin yan tərəflərində 6 (hər tərəfdə 3 ədəd) tüstü qumbaraatanının quraşdırılması və aparıcı təkər rayonunda yan ekranların dəyişdirilmiş quruluşudur. Təkmilləşdirmə nəticəsində maşında yeni yanğınsöndürmə avadanlığı və “Harris” şirkətinin kommunikasiya vasitələri quraşdırılıb. Döyüş maşınının küləsi 17 tondur, maksimal hərəkər sürəti saatda 65 km-dir. Təkmilləşdirmə döyüş maşınına alçaqdan uçan hava hədəfləri ilə mübarizə aparmaq imkanı verib.

Yunanıstan Quru Qoşunlarının silahlanmasındakı BMP-1P PDM-ləri üzərinə 23 mm-lik ZU-23-2 zenit qurğusu quraşdırılmaqla təkmilləşdirilib. Zenit qurğusu döyüş qülləsinin yerində yerləşdirilib. Qənaətcil təkmilləşdirmə Yunanıstan Müdafiə Nazirliyinin “308-ci təmir zavodu” tərəfindən yerinə yetirilib. Almaniyanın yenidən birləşməsindən sonra Yunanıstan keçmiş Almaniya Demokratik Respublikası (ADR) Ordusundan 500 ədədə yaxın ZU-23-2 və 501 ədəd köhnəlmiş BMP-1A1 Ost (BMP-1P lisenziyası əsasında ADR-də istehsal edilib) PDM alıb. Yerli mütəxəssislər onları birləşdirərək yüngül zirehli yerüstü və alçaqdan uçan hava hədəfləri ilə mübarizə apara bilən universal BMP-1 GR döyüş maşını əldə ediblər. Bundan başqa, BMP-1A1 GR PDM 7,62 mm-lik PKT pulemyotunun əvəzinə ABŞ-ın 12,7 mm-lik M2 “Browning” pulemyotu ilə təchiz olunub.

Çində də BMP-1 PDM-in təkmilləşdirilməsi yerinə yetirilib. Çin ənənəvi olaraq lisenziya barədə narahat olmayıb və 1990-cı illərin əvvəllərində Sovet BMP-1 PDM-inin tırtılın bəndindən sonuncu vintə qədər surətini çıxararaq özünün ZBD-86 (digər indeksi WZ-501) PDM-nin kütləvi istehsalına başlayıb. İlk dövrlərdə bu maşınlar 2A28 “Qrom” topunun Çin surəti və 9M14 “Malyutka” TƏİR BQ surəti olan HJ-73 “Red Arrow 73” TƏİR BQ ilə silahlandırılıb. Sonra isə, təkmilləşdirmə yerinə yetirilərək indeksin sonuna “A” hərfi əlavə olunub, yeni maşının üzərinə bir yerlik döyüş modulunda Rusiyanın 30 mm-lik 2A72 avtomatik topunun əsasında yaradılmış 30 mm-lik ZPT-99 avtomatik topu və ona qoşalaşdırılmış 7,62 mm-lik PKT pulemyotunun surəti quraşdırılıb. Maşında düşmənin zirehli texniklaları ilə mübarizə aparmaq üçün HJ-73D (9K14 “Malyutka” TƏİRK analoqu) TƏİR BQ nəzərdə tutulub və operator üçün yüksək dəqiqlikli müasir kombinələşdirilmiş nişangah tətbiq edilib. Bütün elektronika müasirləri ilə əvəz olunub. Döyüş modulu hər tərəfində bir dəst olmaqla iki bloklu üç tüstü qumbaraatanı ilə təchiz olunub. Təkmilləşdirilmiş döyüş maşını, ümumilikdə BMP-2 PDM-in ekvivalentidir. Döyüş vəziyyətində kütləsi 13,6 tondur.

WZ 501 3

Çində təkmilləşdirilən BMP-1 piyadanın döyüş maşını ZBD-86A (WZ-501) səviyyəsinə yüksəldilib

Köhnəlmiş texnikaların yeni vəziyyətə gətirilməsi və sıraya qaytarılması bütün dünyada olduqca yayılmış bir tətbiqdir. Bu ucuz və sürətlə yerinə yetirilir, həmçinin çox zəhmət tələb etmir. Bütün hallarda, müasir bort silahlanma kompleksi əldə edən BMP-1, bu və ya digər şəkildə döyüş qabiliyyətlərinə görə BMP-2 piyadanın döyüş maşınına yaxınlaşır və hətta bəzi cəhətlərinə görə onu üstələyir.

Bütün nəzər yetirilən layihələr bir daha onu sübut edir ki, bir çox müharibələrdə iştirak etmiş, istismarda sadə və texniki qulluqda rahat olan BMP-1 piyadanın döyüş maşınının təkmilləşdirilməsi labüddür. Təbii ki, hələ keçən əsrin 60-cı illərinin ilk yarısında yaradılan texnika artıq köhnəlib, resurslarını bitirib və müasir döyüşün tələblərinə cavab vermir. Zəif zireh müdafiəsinə və sadə nişangahlara sahibdir. 73 mm-lik hamar lüləli 2A28 “Qrom” topu və hələ də istifadə olunan birinci nəsil 9K11 “Malyutka” TƏİR komplkesi artıq müasir zirehli hədəflərə qarşı təsirli deyil. Göründüyü kimi bütün təkmilləşdirmələr zamanı döyüş maşınının həm hərəkətlik qabiliyyəti yüksəldilmiş, həm də atəş gücü və atış məsafəsi artırılmış, həmçinin hədəfləri vurma imkanları genişləndirilmişdir. Texnikalara quraşdırılan döyüş modullarının müxtəlif növ yeni və özünü doğrultmuş silahları artıq BMP-1 piyadanın döyüş maşınına yeni nəfəs verərək onun müasir döyüşün tələblərinə uyğunlaşdırılmasına vəsilə olmuşdur. Müxtəlif ölkələrdə yerinə yetirilən təkmilləşdirmə layihələrinə nəzər saldıqdan sonra belə nəticəyə gəlmək olur ki, qocaman BMP-1 piyadanın döyüş maşını bundan sonra da uzun müddət xidmətdə qalacaq. PQ

Əhəd Əzizov

POLİQON JURNALI

CATEGORIES
TAGS