Regional fokus: Qazaxıstanın dəniz sənayesi

Regional fokus: Qazaxıstanın dəniz sənayesi

Son illər özünün milli müdafiə sənayesinin yaradılması istiqamətində önəmli addımlar atan Qazaxıstan Respublikası qısa müddət ərzində xarici ölkə tərəfdaşları ilə birlikdə bir sıra layihələrin icrasına başlamışdır. Daha çox qərb şirkətləri ilə əməkdaşlığa meyillənən Qazaxıstan öz hərbi sənaye kompleksini formalaşdıraraq özünəməxsus model yaradıb. Birgə müəssisələrin fəaliyyəti sayəsində qısa müddətdə xarici ölkələrdən modern texnologiyalar ölkəyə gətirilib. Xəzərdə hərbi potensialını sürətələ gücləndirən Qazaxıstan, son illərdə yeni hərbi bazaların inşası, gəmilərin və gəmi əleyhinə raket sistemlərinin alınması istiqamətində addımlar atmağa nail olmuşdur. Məqalədə Qazaxıstanın dəniz hərbi sənayesininin inkişaf mərhələlərindən bəhs edilir.

Məlumdur ki, 2006-cı ildən dənizdə öz hərbi qüvvə və vasitələrini gücləndirməyə çalışan Qazaxıstan ötən dövr ərzində Hərbi Dəniz Qüvvələri (HDQ) və Sərhəd Xidmətinin Sahil Mühafizə bölmələrinə məxsus olan texnikaları mütamadi olaraq modernləşdirərək, gəmi parkına müasir gəmilər daxil etmişdir. Nəticədə HDQ-nin yenidən formalaşma prosesi daha da intensivləşmiş, yeni gəmilər alınmış və ya daxili imkanlar hesabına onların tikintisi həyata keçirilib. Beynəlxalq qurumların hesabatlarında da bildirilib ki, bu illər ərzində Qazaxıstan dəniz donanmasının gücləndirilməsi istiqamətində xaricdən müxtəlif gəmilər, raket sistemləri və ya digər müdafiə təyinatlı hərbi məhsullar alıb.

Qazaxıstan öz donanmasını yeni gəmilərlə gücləndirir

Xəzərdə ən müasir avadanlıqlarla təchiz olunmuş Hərbi Dəniz Qüvvələri yaratmağı hədəf olaraq qarşıya qoymuş Qazaxıstan dövləti 2008-2012-ci illərdə Rusiyadan 4 ədəd MTU-4000 dizel mühərriklə təchiz edilmiş 20970 layihəli “Katran” tipli kiçik artilleriya-raket kateri, 1 ədəd 01340 layihəli “Jayık” hidroqrafiya gəmisi əldə edib. Bu katerlərin müasir silahlarla təchiz edilməsi üçün Rusiyanın “Taktik Raket Silahları Korporasiyası”na X-35 “Uran-E” gəmi əleyhinə raketlərin ilk sifarişlərini vermişdir. Şirkətin açıqladığı məlumata görə, həmin il Qazaxıstanın “Kazspetsexport” şirkəti ilə 30 milyon ABŞ dolları dəyərində müqavilə imzalanmışdır. Korporasiyanın 2010-cu il üçün hesabatında yer alan məlumatlara görə, Qazaxıstanın sifarişi üzrə çatdırılmalar 2013-cü ildə tamamlanmalı idi.

Qazaxistan HDQ nin Mangistau raket artilleriya gəmisi Bakiya səfəri FotoMN

Qazaxistan HDQ-nin “Mangistau” raket-artilleriya gəmisinin Bakıya səfəri Foto:MN

Atış uzaqlığı 5 km-dən 130 km-dək təşkil edən raketlər suüstü hədəflərə 3S25E radarı vasitəsi ilə aktiv və passiv rejimlərdə istiqamətləndirilmişdir. İstehsalçı müəssisənin kataloq məlumatlarına əsasən, “Uran-E” raketləri dalğanın 5¸6 ballıq dəniz şəraitində tətbiq oluna bilər. 3M24 “Uran” (digər adı X-35) gəmi əleyhinə raket kompleksi, gəmilərə bazalaşdırılan qanadlı raket yerləşdirilmiş konteyner, işəsalma qurğusu, avtomatlaşdırılmış idarəetmə sistemi və yerüstü raket yoxlama-diaqnostika avadanlıqlarından ibarətdir. Yığcam ölçülərə malik “Uran-E” raket kompleksini orta və kiçik qabaritli gəmilərdə asanlıqla istifadə etmək mümkündür. “Uran-E” kompleksi X-35 tipli raketlərlə 5000 tona qədər su basımına malik gəmilərin məhv edilməsi üçün nəzərdə tutulmuşdur. Dünya okeanlarında, sərt iqlim şəraitində müvəffəqiyyətlə sınaqdan çıxmış “Uran-E” gəmi əleyhinə raket kompleksi eyni vaxtda altı sayda suüstü hədəfə qarşı tətbiq oluna bilər. 20970 layihəli “Katran” tipli kiçik artilleriya-raket kateri “Uran-E” raketləri ilə yanaşı “Pozitiv M-31.2” radiolokasiya stansiyası, MP-123-02 “Bagira” artilleriya qurğusuna malikdir.

Rusiya ilə əməkdaşlıq çərçivəsində Qazaxıstan Hərbi Dəniz Qüvvələri 2015-ci ildə Rusiyanın “Nevski gəmiqayırma zavodu”nda inşa olunmuş 10750E layihəli “Alatau” adlı mina-tral gəmisinin alınması üçün müqavilə bağlayıb və gəmi 2017-ci ildə Qazaxıstan HDQ-nə təhvil verilmişdir. Gövdəsi plastik-şüşə lifli materiallardan hazırlanmış “Alatau” gəmisinin su basımı 165 tondur. Gəmi məsafədən idarə edilən sualtı aparatlarla, habelə AK-306 artilleriya qurğusu, 12.7 mm çaplı “Kord” pulemyotu, həmçinin “İqla” daşınan zenit-raket kompleksləri ilə təchiz edilib. Tral gəmisinin uzunluğu 32 metr, eni 7 metr, maksimal surəti 12 düyün, üzmə uzaqlığı 650 mil, ekipaj 14 nəfər və muxtariyyəti 5 gündür. Müasir mina əleyhinə vasitələrlə təchiz edilmiş gəmi ən yeni hidroakustik stansiyalara malikdir.

Орал

Qazaxıstan HDQ-nin 0250 “Bars MO” layihəli “Oral” raket-arilleriya gəmisi

Qazaxıstanın “Zenit” gəmiqayırma zavodundunun tərsanələrində 2012-2017-ci illərdə inşa edilmiş 0250 “Bars-MO” layihəli 4 ədəd raket-artilleriya gəmisi donanmanın silahlanmasına daxil edilib. Bu gəmilərdən “Qazaxıstan” 2012-ci ildə, “Oral” 2013-cü ildə, “Sariarka” 2014-cü ildə, “Mangistau” raket-artilleriya gəmisi isə 2017-ci ildə donanmanın döyüş sıralarına daxil edilmişdir. Su basımı 240 ton, uzunluğu 46 metr təşkil edən 0250 “Bars-MO” layihəli gəmilər hər birinin gücü 2240 kVt olan 2 ədəd TBD620V16 “Deutz” mühərriki ilə təchiz olunmuşdur. Gəminin sürəti 30 düyün, fasiləsiz üzmə uzaqlığı 1200 mil, ekipaj heyəti 23 nəfərdir. Bu gəmilər 6 ballıq dəniz şiddəti gücündə dalğalara hesablanmışdır. “Bars-MO” layihəli “Qazaxıstan” gəmisinin arsenalında 1 ədəd 25 mm çaplı 2M-3M artilleriya qurğusu, 1 ədəd 23 mm-lik ZU-23-2 topu, 40 lüləli 122 mm-lik BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, qeyd olunan layihə üzrə ikinci “Oral” gəmisində isə 30 mm çaplı AK-306 artilleriya qurğusu, “İqla” daşınan zenit raketləri və “Baryer-VK” raketləri ilə silahlandırılmış “Arbalet-K” zenit-raket sistemi yer alır. “Oral” gəmisinin silah arsenalında hava hücumundan müdafiə sistemi, döyüşün idarə edilməsi imkanları avadanlıqları isə Ukraynanın İPÇK, “Kvant”, “Kvant-Radiolakasiya”, “Ostop” və “Tranzas-Ukraina” dövlət şirkətləri tərəfindən yaradılmışdır. “Arbalet-K” sistemi reaktiv, turbovintli və pərli təyyarələrin, həmçinin vizual görünüş şəraitində helikopterlərin məhv edilməsi üçün nəzərdə tutulub. Sistemdə “İqla” tipli idarə olunan zenit raketləri istifadə olunur. Hədəfi məhvetmə uzaqlığı 5000 metrə qədər, məhvetmənin minimal hündürlüyü 10 m, hədəfi aşkaretmə uzaqlığı gündüz 12, gecə vaxtı isə 7 kilometrdir. “Baryer-VK” kompleksi sahildəki hərəkətli və hərəkətsiz zirehli hədəfləri, həmçinin RK-2V raketlərindən istifadə etməklə helikopterlər və möhkəmləndirilmiş atəş nöqtələrini məhv etmək üçündür. Maksimal atış uzaqlığı 7500 metr, maksimal uzaqlığa uçuş vaxtı 30 saniyədir.

Qazaxıstan HDQ-nin 250 “Bars-MO” layihəli gəmilərinin ilk ikisi Ukrayna istehsalı olan “Delta-250” radarı ilə komplektləşdirilib. Adıçəkilən radar suüstü və hava hədəflərini aşkaretmə imkanı verir. İnformasiyaların emalı zamanı naviqasiya məlumatları, meteo məlumatlar nəzərə alınır. İki ölçülü dairəvi icmal radarı hədəflərin koordinatlarının təyini ilə yanaşı, naviqasiya səmtləşməsinin məsələlərinin həlli, yüksəldilmiş naviqasiya təhlükəsizliyi kimi məsələlərə baxılır. 150 MHz tezlikdə, santimetrlik dalğa diapazonunda işləyən radarın aşkarlanma məsafəsi 96 km təşkil edir. Kiçik ölçülü (2,3 m2) hava hədəflərini isə 8 km-dən 30 km-dək məsafədə aşkarlama qabiliyyətinə malikdir. Dəniz hədəflərinin aşkar olunma uzaqlığı yalnız düzxətli görünüş məsafəsi ilə məhdudlaşdırılıb. Radar eyni zamanda 50 hədəfi müşayiət etməyə imkan verir. Stansiya inteqrasiya edilmiş öz-özünə nəzarət sisteminə malikdir ki, bu zaman operatorun hərəkətlərinin və hədəflər haqqında məlumatların avtomatik qeydiyyatı nəzərdə tutulur.

Yerli katerlər

Быстроходный патрульный катер проекта 0210 Айбар

0210 layihəli “karaqanda” kateri

Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin sifarişi əsasında “Zenit” Ural Zavodu tərəfindən 2015-2019-cu illərdə xarici mütəxəssislərin iştirakı ilə dizayn edilmiş bir neçə sürətli müdaxilə katerləri (SMK) inşa edilərək dəniz xüsusi təyinatlılarının istifadəsinə verilmişdir. 2016-cı ilin iyul ayında istifadəyə verilmiş xüsusi təyinatlı katerin uzunluğu 13 m, eni 3.5 metr, su basımı isə 12 ton təşkil edir. Dənizdə iki günlük muxtariyyətə malik olan katerin sürəti 30 düyün, üzmə uzaqlığı 350 dəniz milidir. Heyəti cəmi 2 nəfər təşkil edən kater 8 nəfər xüsusi təyinatlı götürür. Sözügedən katerin “Pella” Sankt-Peterburq Gəmiqayırma Zavodu ASC-nin mütəxəssisləri ilə birlikdə CB-90 və onun klonu sayılan 03160 “Raptor” layihəsi üzərində yaradıldığı bildirilir. Bundan başqa 2016-cı ildə “Zenit” gəmiqayırma zavodunda “Laşın” adlı sürətli müdaxilə kateri inşa edilmişdir. “Laşın” kateri əsasən diversiya qruplarına qarşı mübarizə, habelə limanları, estakadaları və neft platformalarını qorumaq üçün nəzərdə tutulmuşdur. “Zenit” zavodunun layihələndirdiyi diversiya əleyhinə katernin su basımı 70 ton, dənizdə qalma müddəti 7 gün, üzmə uzaqlığı 600 mildir. Tam təchizatlı 15 nəfər xüsusi təyinatlını götürə bilən katerin digər texniki parametrləri açıqlanmır. Kater 2017-ci ilin avqust ayında HDQ-nin inventarına qəbul edilmişdir.

Sahil Mühafizəsinin imkanları

Qazaxıstan Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sifarişi ilə “Zenit” zavodunda Rusiya ilə birgə, 2006-2012-ci illərdə 4 ədəd 22180 layihəli – 201 “Sərdar”, 202 “Sakşı”, 203 “Jenis” və 204 “Semser” sərhəd gözətçi gəmisi inşa edilib və istismara buraxılmışdır. 230 ton su basımına malik 7 bal dəniz şiddətli dalğalara davamlı gəmilərin uzunluğu 42.3 metr, sürəti 25-30 düyün, dənizdə qalma müddəti 10 gün və heyəti 25 nəfərdir. Qeyd olunan layihə üzrə gəmilərdən “Sərdar” 30 mm-lik 2A-42 topu ilə silahlanmış BMP-2 qülləsi, “Jenis” isə 1 ədəd 2 lüləli 25 mm-lik 2M-3M artilleriya qurğusu ilə təchiz edilmişdir. Bundan başqa Sahil Mühafizəsinin ehtiyaclarını qarşılamaq məqsədilə, 2016-cı ildə “Zenit” gəmiqayırma zavodunda 22180 layihəli gəmilərin bazasında 0300 layihəli “Sarbaz”, 2019-cu ildə “Nur-Sultan” adlı sərhəd gözətçi gəmisi tikilib. “Sarbaz” və “Nur-Sultan” gəmiləri idarə olunan silah kompleksi ilə təchiz edilmişdir. Uzunluğu 42 metr, eni 7,8 metr, su basımı 240 ton olan “Nur-Sultan” gəmisinin sürəti 30 düyün, üzmə uzaqlığı 1200 km, heyəti 27 nəfərdir. 2019-cu il ərzində gəmi yoxlama və sınaqlardan keçirilərək Xəzər dənizində istismara verilib.

FC 19 kater

FC-19 tipli sürətli kater

Yerli müəssisələrin (“Zenit” zavodu və “Nİİ Hidropribor”) hesabına bu dönəmdə Qazaxıstan Sahil Mühafizəsi üçün 1 ədəd 190 “Saqım” layihəli sərhəd, 1 ədəd KS-701 “Karlıqaş”, 1 ədəd 102 “Şaqala” layihəli kiçik sərhədçi, 18 ədəd 110 “Sapsan-M” və “Sapsan-2M” layihəli, o cümlədən 7 ədəd “Burkit” (1400 M “Qrif”) layihəli və “Berkit-M” layihəli, 5 ədəd FC-19 tipli sürətli kater tikilib. FC-19 tipli katerlərin su basımı 26 ton, sürəti 55 düyünə yaxın, ekipajı 8 nəfərdir. Dənizdə 3 günədək qala bilən katerin silahlanmasına iriçaplı pulemyot və snayper tüfəngi daxildir.

Qərb ölkələrinin, xüsusilə də ABŞ-ın “Xəzər mühafizləri” proqramı çərçivəsində 2001-2009-cu illərdə Xəzər dənizində Qazaxıstana yardımları olub. Adıçəkilən proqram üzrə Qazaxıstan ABŞ-dan 15 ədəd “Aerobot”, 4 ədəd “Archangel” tipli patrul kateri, Cənubi Koreyadan 3 ədəd “Sea Dolphin” layihəli kiçik gözətçi gəmisi, Ukraynadan 4 ədəd “Kalkan” və 4 ədəd “Qrif” tipli kater satın alıb. Hazırda sonunculardan 3 ədədi Qazaxıstan Sahil Mühafizəsinin sərəncamındadır.

Gəmi əleyhinə raket sistemlərinin alınması

Qazaxıstan HDQ Fransanın “MBDA Systems” şirkəti ilə 2014-cü ilin may ayında imzaladığı müqavilə ilə “Exocet MM40 Block 3” gəmi əleyhinə mobil sahil raket batareyasını sifariş verən ilk dövlət olmuşdur. Müqavilə çərçivəsində Qazaxıstan HDQ-nin döyüş qabiliyyətinin artırılması və sahil obyektlərinin müdafiəsi məqsədilə iki “Exocet MM40 Block 3” batareyası almağı planlaşdırıb. Mobil sahil mühafizə kompleksi 1 mobil sensor, 1 taktik-idarəetmə mərkəzi və hər birində 4 raket yerləşən 2 ədəd mobil atəş qurğusundan ibarətdir. “Exocet MM40 Block 3” raketinin atış məsafəsi 200 km, döyüş başlığı 155 kq təşkil edir. Kompleks İspaniyanın “İndra Sistemas” şirkətinin istehsalı olan radiolokasiya sistemi ilə komplektləşdirilib. Hazırda Qazaxıstanda “Kazakhstan Engineering” və “İndra Sistemas” şirkətinin birgə müəssisəsi radiolokasiya sistemlərinin istehsalı və servis xidmətlərinin təşkili ilə məşğuldur. TRI-40 turboreaktiv mühərrikə malik “MM40 Block 3” raketinin uçuş uzaqlığı 97 dəniz mili (180 km-dən çox) təşkil edir. Raket hədəfə müxtəlif bucaq altında zərbə endirməyə imkan verir.

Exocet MM40 Block 3 gəmi əleyhinə mobil sahil raket batareyasi

“Exocet MM40 Blosk 3” gəmi əleyhinə mobil sahil raket batareyası

Qazaxıstanın “Ziksto” Səhmdar Cəmiyyəti 2016-cı ildə dəniz minalarının, “Kazakhstan Engineering” şirkətinə daxil olan S.M.Kirov adına Maşınqayırma zavodu isə torpeda istehsalına başladığını açıqlayıb. Müəssisələrdə Qazaxıstan Müdafiə Nazirliyinin sifarişi əsasında Hərbi Dəniz Qüvvələrinin ehtiyacının qarşılanması məqsədilə dəniz minaları və torpedalar istehsal olunur.

2018-ci ildə Qazaxıstan HHQ-nin silahlanmasında X-31A gəmi əleyhinə qanadlı raketin yer aldığına dair informasiyalar meydana çıxmışdır. Özütuşlanan aktiv radiolokasiya başlığına malik X-31A raketi 95 kq döyüş başlığına və 70 km atış uzaqlığına malikdir.

Modernləşdirmə və yeni layihələr

Ötən müddət ərzində donanmanın modernləşdirilməsi istiqamətində çalışmaları davam etdirən Qazaxıstan Müdafiə Nazirliyi Cənubi Koreyanın “STX Offshore & Shipbuilding Co.”, Türkiyənin STM şirkəti ilə müqavilələr imzalamışdı. KADEX-2016 sərgisində isə Qazaxıstanın Müdafiə Nazirliyi Almaniyanın “Abeking&Rasmussen”, Türkiyənin DEARSAN şirkətləri arasında yeni gəmilərin inşasına dair memorandumlar imzalanıb. DEARSAN-ın Qazaxıstan HDQ-nə təklif etdiyi 65 metrlik gəminin sürəti 30 dəniz mili olacaq. Qazaxıstan donanmasında “Nur” layihəsi olaraq adlanan gəminin silah, sensor və radioelektron sistemlərinin bir qismi ASELSAN şirkəti tərəfindən istehsal ediləcək.

Ötən dövrdə Avropa ölkələri ilə hərbi dənizçilik sahəsində əməkdaşlığı genişləndirən Qazaxıstan 2015-ci ildən Fransanın “ECA Group” şirkətindən sualtı nəzarət-kəşfiyyat aparatlarını (AUV və ROV) alaraq donanmanın istifadəsinə daxil etmişdir. “ECA Group” şirkətinin açıqladığı məlumata görə, imzalanmış müqavilə çərçivəsində Qazaxıstan HDQ-nə 2 ədəd A9M avtonom sualtı nəqliyyat vasitəsi, 2 ədəd K-STER I yoxlama vasitəsi və bir neçə K-STER C mina zərərsizləşdirmə sisteminin çatdırılması təmin olunub. Müqavilə üzrə “ECA Group” tərəfindən Qazaxıstan HDQ-nin heyətinə yeni avadanlıqların istifadəsi üzrə iki həftəlik təlim keçirilib.

2015-ci ilin əvvəllərində İngiltərənin “Griffon Homework Hovercraft” şirkəti Qazaxıstanla GRIFFON 8100TD hava yastıqlı, iki motorlu katerinin alqı-satqısına dair danışıqlar apardığını da açıqlayıb. Dəniz səthində yüksək sürətlə hərəkət edən GRIFFON 8100TD kateri logistik və amfibiya əməliyyatlarına dəstək, habelə bərə xidmətində istifadə olunur. Uzunluğu 22.5, eni isə 11 metr təşkil edən kater 12 ton yük və ya 70 sərnişin daşımağı bacarır. Alümin gövdəli kater iki ədəd su soyutmalı 630kW (840 at gücündə) “Iveco” dizel mühərrikləri ilə təchiz olunub.

Sürətli müdaxilə katerləri axtarışında

Son illər dənizdə imkanlarını genişləndirən Qazaxıstanın Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsi böyük gözətçi gəmiləri ilə yanaşı dəniz xüsusi təyinatlı bölmələrin tələblərinə uyğun konfiqurasiya edilmiş sürətli müdaxilə katerləri (SMK) nəzərdə tutulmuşdur. “Poliqon” jurnalının müxtəlif mənbələrdən əldə etdiyi məlumatlara görə, ötən illərdə Qazaxıstanın Hərbi Dəniz Qüvvələri tərəfindən xüsusi əməliyyat qüvvələri üçün bir neçə şirkətin fərqli modellərini nəzərdən keçirir. Bu platformalar arasında daha çox üzərində dayanılanı İsveçin “Dockstavarvet” şirkətinin CB-90 SMK-ləridir. Ötən müddətdə Qazaxıstan bu katerlərlə yaxından maraqlandığı, hətta lisenziyalı istehsalı ilə məşğul olan bir neçə istehsalçı ilə görüşdüyü məlumdur. ABŞ da daxil olmaqla, dünyanın müxtəlif regionlarında dəniz xüsusi təyinatlıları və sahil mühafizə qüvvələrinin istifadəsində yer alan İsveçin “Dockstavarvet” şirkətinin CB-90 SMK-ləri analoqlarından kiçik qabaritləri və zəif radar izinə görə fərqlənir. Uzunluğu 14.90 m, eni 3.85 m, çəkisi 18 ton təşkil edən bu katerlərin nəqliyyyat vasitələrinin üzərində, ro-ro tipli gəmilərdə və təyyarələrdə nəql edilə bilməsi CB-90 üçün əlavə avantajlar yaradır. Hər biri 625 at gücündə iki “Scania DSİ 14 V8” dizel mühərrik və 2 ədəd “Kamewa FF waterjet”ə malik katerin sürəti 45 düyün (1 düyün = 1852 metr/saat), üzmə uzaqlığı 240 dəniz mili təşkil edir.

Türkiyə layihələri

ARES Tərsanəsi – ARES 55 SAT

Türkiyə hərbi sənayesinin regionda getdikcə mövqelərini möhkəmləndirməsi digər sahələrdə olduğu kimi, hərbi dənizçilik sektorunda da özünü göstərməyə başlayıb. Hərbi Dəniz Qüvvələrini yeni-yeni qurmağa başlayan Qazaxıstan hazırda Türkiyə tərsanələri ilə bəzi layihələr üzərində müzakirlər aparır. Türkiyədə fəaliyyət göstərən tərsanələrdən hazırda ikisi – “Yonca-Onuk” və “Ares Tərsanəsi” sırf ixtisaslaşdırılmış SMK-lərin istehsalı sahəsində böyük təcrübəyə malikdir. “Dearsan” və TAİS şirkətlərinin bənzər layihələrinin olduğu bildirilsə də, ekspertlər həmin layihələrin sadəcə sürətli sahil mühafizə kateri səviyyəsində olduğunu, dəniz xüsusi təyinatlılarının tələblərini tam qarşılamadığını düşünürlər. Kompozit və alümin gövdəli, yüksək sürətli patrul katerlərinin və açıq dəniz gözətçi gəmilərinin (OPV) inşası sahəsində ixtisaslaşan “Yonca Onuk” və “Ares Tərsanəsi” Türkiyənin Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsi ilə yanaşı 2000-ci illərin əvvəllərindən bir sıra xarici ölkələr (Pakistan, Misir, Qətər, Bəhreyn, Malayziya, Gürcüstan, Nigeriya və s.) üçün müxtəlif ölçülü və təyinatlı dəniz platformalarının istehsalını həyata keçirir.

2018-ci ildə Qazaxıstanda keçirilmiş müdafiə sərgilərində TAİS şirkəti Türkiyədə 5 tərsanənin ortağı olan NSAB (Naval Special Forces Attack Boat) layihəsini HDQ-nin nümayəndələrinə təqdim edib. NSAB layihəli katerin uzunluğu 25.75 m, eni 5.78 metr, heyəti 5 nəfərdir. Kater tam təchizatlı 16 nəfər götürə bilir. 2 ədəd 2600 at gücündə mühərrik və 2 ədəd waterjetlə təchiz edilən katerin sürətinin 50 düyün üzərində olduğu, üzmə uzaqlığının 500 dəniz mili təşkil edildiyi bildirilir. NSAB layihə halındadır və bu günədək istehsal edilmiş nümunəsi mövcud deyil.

Perspektivlər

Qazaxıstan dəniz infrastruktrunun mühafizəsi məqsədi ilə Serbiya ilə birlikdə 50 km atış uzaqlığına malik ALAS-C sahil mühafizə raket sisteminin istehsalını planlaşdırır. Araşdırmalar göstərir ki, Qazaxıstan öz aresenalını daha müasir raket sistemləri ilə gücləndirməyə davam edəcək. Qazaxıstan HDQ-nin inşası planlaşdırılan 75 metrlik “Nur” sinifinə aid gözətçi gəmilərini “Exocet MM40 Block 3” gəmi əleyhinə raketlərlə təchiz edilməsinə dair “MBDA Systems” şirkəti ilə ilkin anlaşma əldə etmişdir. Qazaxıstanın yaxın gələcəkdə satınalma sifarişlərində gəmi əleyhinə raketlərin, sahil mühafizə raket sistemlərinin xüsusi yer tutduğunu görmək olar.

POLİQON JURNALI

CATEGORIES
TAGS