Rektor Vilayət Vəliyev: AzTU “TEKNOFEST Azərbaycan” festivalına 20-yə yaxın layihə verib

Rektor Vilayət Vəliyev: AzTU “TEKNOFEST Azərbaycan” festivalına 20-yə yaxın layihə verib

Azərbaycan Texniki Universiteti “TEKNOFEST”in tərfdaşı olaraq “TEKNOFEST Azərbaycan” festivalına 20-yə yaxın layihə verib.

Bu barədə Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “POLİQON” jurnalına müsahibəsində deyib.

“TEKNOFEST Azərbaycan” festivalının tərafdaşı olan AzTU-nun festivala hazırlıqları və bu festival ilə əlaqədar AzTU qarşısında hansı vəzifələrin durduğu ilə bağlı sualı cavablandıran Vilayət Vəliyev bildirib ki, “TEKNOFEST”də kosmik sənayenin inkişafı ilə bağlı Türkiyə Texnologiya Komandası Vəqfinin rəhbərliyi AzTU-da təqdimat keçirib: “Eyni zamanda “TEKNOFEST”in icraçıları da universitetimizdə olub, treninqlər keçib. Artıq “TEKNOFEST”lə bağlı bütün materialları təhvil almışıq. Festivalın idarə heyəti də formalaşıb və daimi olaraq bizimlə əlaqədədirlər. Bir sözlə, “TEKNOFEST” komandası Azərbaycanda bütün tədbirlərini AzTU-da keçirirlər”.

Rektor qeyd edib ki, “TEKNOFEST” Müşahidə Şurasının sədri və Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vakfı) rəhbəri Səlcuq Bayraktarın “TEKNOFEST Azərbaycan” festivalına hazırlıq prosesində Azərbaycana səfəri çərçivəsində rektorlarla görüşü olub. Bundan başqa, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “ASAN xidmət” tərəfindən AzTU-nun nümayəndə heyətinin də iştirak etdiyi tədbirlər keçirilib.

“AzTU əməkdaşları festivalla bağlı üzərimizə düşən işləri yüksək səviyyədə yerinə yetirirlər. Bu festival üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə kifayət qədər əlaqəli işləyirik. Həmçinin Türkiyənin ayrı-ayrı təşkilatları, əməkdaşlıq etdiyimiz bütün universitetləri ilə birgə çalışırıq. Eyni zamanda, AzTU-da şəhid övladlarını “TEKNOFEST”ə hazırlamaq üçün iki kurs təşkil etmişik”, – deyə AzTU-nun rektoru Vilayət Vəliyev vurğulayıb.

Poliqon.az

CATEGORIES
TAGS