
Almaniyanın “Rheinmetall” şirkəti cari ilin ikinci rübünün sonunda 143 metr uzunluğunda olan F123 sinifli BAYERN freqatının modernləşdirilməsi üzrə müqavilə əldə edib.
“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, layihənin məqsədi 1996-cı ildə istismara verilmiş Almaniya Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus freqatın ən azı 2035-ci ilədək döyüş hazırlığını təmin etmək və onun imkanlarını müasir əməliyyat tələblərinə uyğunlaşdırmaqdır.
Xidmət müddətinin uzadılması proqramı çərçivəsində freqatın əsas sistemləri 2029-cu ilədək “Rheinmetall” şirkətinin Vilhelmshafendə yerləşən “Neue Jadewerft” gəmiqayırma zavodunda hərtərəfli modernləşdiriləcək. İşlərə döyüş idarəetmə sisteminin dəyişdirilməsi, gəminin əsas mühəndis sistemlərinin əsaslı təmiri və radar sensor kompleksinin modernləşdirilməsi daxildir.
Bundan əlavə, freqatın hərəkətverici və ötürücü sistemləri əsaslı təmirdən keçiriləcək, sualtı qayıqlara qarşı mübarizə imkanları isə təkmilləşdiriləcək. Həyata keçiriləcək tədbirlər nəticəsində F123 sinifli freqat ən son texnoloji standartlara uyğunlaşdırılacaq və gələcək əməliyyatlarda imkanları əhəmiyyətli dərəcədə artırılacaq.




