“Rheinmetall” Ukrayna üçün adı açıqlanmayan ölkədən mərmi sifarişi alıb
Almaniyanın “Rheinmetall” şirkəti Ukrayna Silahlı Qüvvələrinə 142 milyon avro dəyərində 155 mm-lik artilleriya mərmiləri tədarük edəcək.
“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, Ukrayna üçün bu sifarişi adı açıqlanmayan NATO tərəfdaşı ölkə edib.
Sifarişə əsasən, 155 mm-lik mərmilər “Rheinmetall”ın İspaniyadakı törəmə şirkəti olan “Rheinmetall Expal Munitions” tərəfindən istehsal olunacaq və 2025-ci ildə Ukrayna Silahlı Qüvvələrinə təhvil veriləcək.
Xatırladaq ki, cari ilin oktyabr ayında Almaniya hökuməti Ukrayna üçün “Rheinmetall”a 100 mindən çox 155 mm-lik artilleriya mərmisi sifariş edib. Bu mərmilərin 2023-2024-cü illər ərzində Ukraynaya çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, artilleriya mərmilərinə artan təlabatı nəzərə alan “Rheinmetall” şirkəti həm Almaniyanın, həm də digər NATO və Aİ ölkələrinin ehtiyacını ödəmək üçün 2024-cü ildə Almaniya, İspaniya, Cənubi Afrika və Avstraliyadakı zavodlarında sursat istehsalını kütləvi şəkildə artırmağı və illik istehsal gücünü təxminən 700.000 ədəd artilleriya mərmisinə çatdırmağı planlaşdırır.