“Roketsan” Azərbaycanın müdafiəsinə daha da güc qatmağı hədəfləyir

“Roketsan” Azərbaycanın müdafiəsinə daha da güc qatmağı hədəfləyir

“Roketsan” şirkəti 24-26 sentyabr tarixlərində Bakıda keçirilən ADEX-2024 sərgisində geniş məhsul çeşidini nümayiş etdirib.

“Poliqon” xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinə təqdim etdiyi bir çox yüksək texnologiyalı sistemləri ilə etibarlı həll tərəfdaşı olan “Roketsan” PUA sursatlarından tutmuş tank əleyhinə və raket sistemlərinə qədər onlarla məhsulunu ADEX-də nümayiş etdirərək dost və qardaş ölkə Azərbaycanın müdafiəsinə daha da güc qatmağı hədəfləyib.

Həmçinin “Roketsan” regionun ən mühüm müdafiə sərgilərindən olan ADEX sayəsində region ölkələri ilə də əməkdaşlıqlarını genişləndirməyi hədəfləyib.

“Roketsan”ın baş direktoru Murat İkinci ADEX-də iştirak etmələri ilə bağlı açıqlama verib. O bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq bağı müdafiə sənayesində də özünü göstərir: “Özünü sahədə dəfələrlə sübut etmiş, performansı ilə analoqlarından fərqlənən məhsullarımız Azərbaycanın Şanlı Qarabağ Qələbəsində də mühüm rol oynayıb. İndi isə ADEX ilə yeni əməkdaşlıqlara qapı açırıq. Qardaş Azərbaycanda keçirilən ADEX-i sektorun ən mühüm beynəlxalq sərgilərindən biri kimi görürük. Bir çox məhsulumuz və güclü heyətimizlə iştirak etdiyimiz ADEX sərgisindəki stendimizdə başda azərbaycanlı dostlarımız olmaqla bütün beynəlxalq iştirakçıları qəbul etdik və məhsullarımızı onlara təqdim etdik”.

M.İkincinin sözlərinə görə, “Roketsan” dünən olduğu kimi bu gün də, sabah da qabaqcıl texnologiyaya malik məhsulları ilə Azərbaycanı və Azərbaycan Silahlı Qüvvələrini gücləndirməyə davam edəcək.

“Türkiyə və “Roketsan” olaraq Azərbaycana hər cür imkan və dəstəyi verməyə davam edəcəyik. ADEX sərgisində həyata keçirdiyimiz görüşlərdən sonra yeni xoş xəbərləri açıqlamağı səbirsizliklə gözləyirik”, – deyə şirkətin baş direktoru vurğulayıb.

“Roketsan” şirkətinin ADEX-2024 sərgisində nümayiş etdirdiyi məhsullar:

  • MAM-L, MAM-T və MAM-T IIR mini ağıllı sursatları;
  • İHA-122 və İHA-230 “hava-yer” tipli səsdən sürətli ballistik raketləri;
  • Qısa mənzilli KARAOK, orta mənzilli OMTAS və artırılmış məsafəyə malik uzun mənzilli UMTAS-GM tank əleyhinə raket sistemləri;
  • CİRİT lazer tuşlamalı raketi;
  • SUNGUR daşınan zenit-raket kompleksi;
  • TEBER və LAÇİN tuşlama dəstləri;
  • ÇAKIR qanadlı raketi;
  • ATMACA gəmi əleyhinə raketi;
  • SOM stand-off sursatı;
  • TRG-122, TRG-300 və TRLG-230 “yer-yer” tipli raketləri;
  • BARBAROS sahil mühafizə sistemi;
  • ALKA istiqamətləndirilmiş enerji silah sistemi;
  • BURÇ mobil hava hücumundan müdafiə sistemi;
  • KMC-U taktiki raket buraxma sistemi;
  • METE lazerlə idarə olunan mini raket sistemi.
CATEGORIES
TAGS