
Türkiyənin aparıcı raket sistemləri istehsalçısı olan “Roketsan” şirkəti SAHA 2026 sərgisində dörd yeni məhsulunun ilk dəfə təqdimatını edib.
“Poliqon” xəbər verir ki, bunların arasında NEŞTER mini ağıllı sursatı, CİRİT antidron raketi, CİDA görmə xəttindən kənar uzunmənzilli tank əleyhinə raketi və mini qanadlı raket yer alıb.
NEŞTER, MAM-L məhsulunun bir variantı olaraq minimum yan zərər prinsipi ilə yüksək dəqiqlikli zərbələr endirmək üçün hazırlanıb. Klassik həllərdən fərqli olaraq NEŞTER, malik olduğu yaxınlaşma sensoru sayəsində hədəfə təmasdan əvvəl aktivləşən və kəsici bıçaqlar ehtiva edən özünəməxsus döyüş başlığına sahibdir. Partlayıcı maddə istifadə etməyən bu quruluş sayəsində kütləvi məhvetmə əvəzinə hədəflərə birbaşa olaraq yüksək dəqiqliklə zərbə endirmək mümkündür.
CİRİT antidron raketi sahədə özünü sübut etmiş CİRİT lazerlə idarəolunan raketinin yeni versiyası kimi PUA-lara qarşı istifadə edilən yüksək qiymətli zenit raketlərə güclü alternativ təşkil edir. Bu sayədə havadan gələn təhdidlərə qarşı bahalı platforma və sursatları işə salmadan uyğun döyüş şəraitində CİRİT antidron ilə hədəfin effektiv şəkildə məhv edilməsi mümkün olacaq. Bundan əlavə, bu versiya yaxınlaşma sensoru və antidron döyüş başlığı ilə seçilir.
CİDA, uzunmənzilli tank əleyhinə raket sistemləri ailəsinin ən yeni üzvü olaraq, görmə xəttindən kənar istifadə imkanı, sürətli hücum qabiliyyəti və hibrid axtarıcı başlığı ilə seçilir. O, yüksək dəqiqlikli zərbə imkanları ilə sahədəki tələbatlara birbaşa cavab verən həll kimi təqdim olunur. Analoqlarla müqayisədə daha uzaq məsafədən hədəfi zərərsizləşdirmək qabiliyyətinə malik olan bu sistem, quru, dəniz və hava platformalarına inteqrasiya oluna bilməsi ilə əməliyyat sahəsində ciddi üstünlük yaradacaq.
Mini qanadlı raket isə aşağı qiymətli quruluşunu yüksək əməliyyat effektivliyi ilə birləşdirən yeni nəsil həll kimi ön plana çıxır. Analoqları ilə müqayisədə təqdim etdiyi uzunmənzil, daha ağır döyüş başlığı və çoxsaylı daşıma imkanları sayəsində, xüsusilə hava hücumundan müdafiə sistemlərinə qarşı sahədə mühüm güc amilinə çevriləcək. Bu sistem, həmçinin hədəf xəttindən vizual kəşfiyyat məlumatı toplamaq qabiliyyəti ilə istifadəçilərə əməliyyat baxımından əlavə çeviklik təqdim edir.









