“Roketsan” yeni nəsil “Çakır” qanadlı raketinin təqdimatını keçirib

“Roketsan” yeni nəsil “Çakır” qanadlı raketinin təqdimatını keçirib

Türkiyənin “Roketsan” şirkəti quru, dəniz və hava platformalarından atıla bilən “Çakır” adlı yeni nəsil qanadlı raketini təqdim edib.

“Roketsan” şirkətindən “Poliqon”a verilən məlumata görə, yeni “Çakır” raketi təyyarə və helikopterlərdən, pilotsuz uçuş aparatlarından, o cümlədən taktiki təkərli quru nəqliyyat vasitələri və suüstü platformalardan atıla bilər.

Müasir texnologiyaya əsaslanan və təsirli döyüş başlığına sahib “Çakır” qanadlı raketi istifadəçiyə quru və dəniz hədəflərinə qarşı əməliyyat baxımından geniş imkanlar verir. 150 kilometrdən artıq atış uzaqlığına malik “Çakır” qanadlı raketinin əsasən suüstü hədəflərə, sahilə yaxın quru və suüstü hədəflərə, habelə strateji quru hədəflərinə, sahə hədəflərinə və mağaralara qarşı tətbiq edilməsi nəzərdə tutulub.

Türkiyənin “Kale Arge” şirkəti tərəfindən hazırlanan yerli və milli KTJ-1750 turboreaktiv mühərrikə sahib “Çakır” raketi dizaynının verdiyi çevikliyi sayəsində, missiya planlama əsnasında müəyyən edilmiş üçölçülü dönüş nöqtələri ilə bağlı tapşırıqları asanlıqla yerinə yetirə bilir. “Çakır”, hədəf üzərində vuruş nöqtəsi seçimi və unikal döyüş başlığı ilə hədəfləri yüksək dəqiqliklə məhv etmək qabiliyyətinə malikdir.

Təkmil ara mərhələ və terminal yönləndirmə sistemləri ilə “Çakır” hədəflərini bütün hava şəraitində yüksək dəqiqliklə vura bilir. Şəbəkəyə əsaslanan məlumat bağlantısı sayəsində raket hədəfə doğru irəliləyərkən istifadəçi seçiminə bağlı olaraq, hədəfi dəyişə və tapşırığı ləğv edə də bilir.

“Çakır”ın ən diqqətçəkən xüsusiyyətlərindən biri də platformada çoxlu daşınmalara imkan verən dizaynı və sürü konsepsiyasında tapşırıqları yerinə yetirmək qabiliyyətidir. “Çakır” raketi çoxlu sayda döyüş sursatı ilə koordinasiyalı hücuma imkan verən sürü konsepsiyası ilə düşmənin müdafiə sistemlərinin öhdəsindən asanlıqla gələ, eyni zamanda bir və ya bir neçə hədəf üçün yüksək effektivlik təmin edə bilir.

Radaruducu xüsusiyyətli unikal dizayn quruluşu sayəsində “Çakır” yüksək davamlılıq qabiliyyətinə malikdir. “Çakır” raketinin dəniz üzərində su səthinə çox yaxın məsafədən uçuş imkanı, quruda isə masqalanma qabiliyyəti ilə yanaşı, radaruducu gövdə quruluşu, düşmənin hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanması təhlükəsini minimuma endirir.

Yeni raket qarışdırmaya davamlı GNSS və altimetr dəstəkli inertial naviqasiya sistemi ilə güclü elektron qarışdırmanın olduğu hallarda da öz kursunu davam etdirə bilir.

Məlumatda o da qeyd olunub ki, hazırda “Roketsan” tərəfindən “Çakır” raketinin dizayn işləri davam etdirilir. 2022-ci il ərzində “Çakır” raketinin “Akıncı” pilotsuz uçuş aparatından ilk test atışı icra ediləcək. Platforma inteqrasiyası prosesinin isə 2023-cü ildə həyata keçirilməsi planlaşdırılıb.

1 32

2 28

3.

4.

5 15

6 5

Poliqon.az

CATEGORIES
TAGS