HavaXəbərlər

“Rostex” Su-57D qırıcısının əsas vəzifələrini açıqlayıb

Rusiyanın “Rostex” Dövlət Korporasiyası iki oturacaqlı Su-57D qırıcı təyyarəsinin əsas vəzifələrini açıqlayıb.

“Poliqon”un “Rostex”ə istinadən verdiyi xəbərə görə, Su-57D qırıcısı iki əsas istiqamətdə istifadə olunacaq.

Birinci istiqamət yerüstü simulyatorlarda təkrar yaradılması mümkün olmayan xüsusi pilotaj rejimlərinin təlim məqsədilə işlənib hazırlanmasıdır.

İkinci əsas vəzifə isə altıncı nəsil texnologiyaların sınaqdan keçirilməsi və tətbiqidir. İki oturacaqlı olması Su-57D-dən pilotsuz uçuş aparatlarının (PUA) idarəetmə hava məntəqəsi kimi istifadə etməyə imkan verəcək.

“Suxoy” Konstruktor Bürosunun (“Birləşmiş Aviasiya Korporasiyası”nın (UAC) tərkibinə daxildir) direktoru Mixail Strelets bildirib ki, bu, “Oxotnik” kimi yüksək intellektə malik komplekslərin, eləcə də pilotun və ekipajın diqqətinin əsas döyüş tapşırığının icrasına yönəldiyi zaman dron sürülərinin və qrup sistemlərinin idarə olunması üçün vacibdir.

Bundan əlavə, Su-57D əsasında hazırda UAC mütəxəssislərinin üzərində çalışdığı döyüş süni intellekti sınaqdan keçiriləcək.

Qeyd edək ki, ilk uçuşunu cari ilin may ayında həyata keçirən Su-57D-nin prototipinin uçuş sınaqları davam edir.

Back to top button