
Rumıniya Müdafiə Nazirliyi ilə İsrailin “Rafael” şirkəti arasında SPYDER hava hücumundan müdafiə (HHM) sisteminin tədarükünə dair müqavilə imzalanıb.
“Poliqon” “Rafael”ə istinadən xəbər verir ki, bu müqavilə tərəflər arasında imzalanmış təxmini dəyəri 2 milyard avrodan çox olan strateji çərçivə sazişinin ilkin mərhələsini təşkil edir.
Rafael Rumıniyaya çoxsaylı SPYDER hava müdafiə batareyalarının tədarükü üzrə keçirilən tenderin qalibi olub. Bu, ölkənin hava məkanının müdafiəsinin gücləndirilməsinə yönəlmiş milli SHORAD-VSHORAD proqramı çərçivəsində mühüm addım hesab edilir.
Müqavilə SPYDER-in tədarükünü, o cümlədən buraxıcı qurğular, tutucu raketlər, radar sistemləri, təlim kompleksləri və logistik dəstəkdən ibarət tam həll paketini əhatə edir. Sistemlərin təhvil verilməsinə müqavilənin imzalanmasından sonra 36 ay ərzində başlanılması nəzərdə tutulur.
Rumıniyanın “Rafael”in SPYDER sistemini alması ölkənin NATO standartlarına uyğun qabaqcıl hava hücumundan müdafiə həllərinə üstünlük verdiyini göstərir və eyni zamanda iki ölkə arasında sənaye və strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edir.
SPYDER sistemi “Rafael”in PYTHON və DERBY “hava-hava” raketləri əsasında hazırlanmış mobil hava hücumundan müdafiə sistemidir və çoxqatlı müdafiə konsepsiyasının bir hissəsi kimi fəaliyyət göstərir.
Sistem təyyarələr, helikopterlər, pilotsuz uçuş aparatları və yüksək dəqiqlikli idarəolunan sursatlar daxil olmaqla müxtəlif hava təhdidlərini məhv etmək üçün nəzərdə tutulub. SPYDER-in modul və döyüş şəraitində özünü doğrultmuş quruluşu onun həm sabit, həm də mobil əməliyyatlara uyğunlaşdırılmasına imkan verir. Sistemin arxitekturası və sürətli reaksiyası mürəkkəb hava şəraitində və dəyişən əməliyyat mühitində strateji obyektlərin effektiv müdafiəsini təmin edir.




