Rus sülhməramlılarının yerləşdirildiyi Azərbaycan ərazisində təxribat törədilib

Rus sülhməramlılarının yerləşdirildiyi Azərbaycan ərazisində təxribat törədilib

Avqustun 15-i saat 04:33 və 07:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelər isə avqustun 14-ü saat 19:08-dən 19:17-dək qarşı tərəfin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqeləri tərəfindən atıcı silahlardan atəşə tutulub.

Bildirilib ki, cavab atəşilə qarşı tərəf susdurulub.

Bundan əlavə avqustun 14-ü axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şəhəri ətrafındakı bölmələrə qarşı təxribat törədilib. Belə ki, axşam saat 22:14 radələrində Xəlfəli yaşayış məntəqəsi yaxınlığına iki ədəd mülki avtomobilin yaxınlaşdığı müşahidə edilib. Həmin nəqliyyat vasitələrindən düşən silahlı şəxslər Azərbaycan mövqeləri istiqamətində havaya atəş açaraq dərhal ərazini tərk ediblər. Azərbaycan bölmələri tərəfindən müvafiq tədbir görülüb və bu barədə Rusiya sülhməramlılarının komandanlığına məlumat verilib.

“Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti Azərbaycan bölmələrinin nəzarəti altındadır”, – deyə Nazirlikdən bildirilib.

Poliqon.az

CATEGORIES
TAGS