Rusiya A-50 AWACS təyyarələrinin istehsalını bərpa etmək niyyətindədir

Rusiya A-50 AWACS təyyarələrinin istehsalını bərpa etmək niyyətindədir

Rusiya aviasiya sənayesi şirkətlərini birləşdirən “Rostex” Dövlət Korporasiyası A-50 “Şmel” uzaq mənzilli radar aşkarlama və idarəetmə təyyarələrinin (airborne warning and control system – AWACS) əvvəlki istehsalını bərpa etməyi planlaşdırır.

“Poliqon” TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə “Rostex” DK-nin rəhbəri Sergey Çemezov bildirib.

“Əlbəttə, bu təyyarə lazımdır. Əlbəttə, biz onu hazırlayacağıq. O təkcə bizim ordumuza lazım deyil, həm də ixraca çox yaxşı gedir”, – deyə Çemezov qeyd edib.

Rusiya KİV-nin 22 sentyabr 2023-cü il tarixində bildirildiyi kimi, qoşunların belə maşınlara yüksək tələbatı fonunda növbəti A-50 AWACS aviasiya kompleksinin A-50U səviyyəsinə modernləşdirilməsi yaxın vaxtlarda başa çatdırılmalıdır. İşlər “Veqa” konserni (Elmi-İstehsalat Birliyi (EİB) “Rostex”-in “Roselektronika” holdinqinin tərkibinə daxildir) tərəfindən G.M.Beriyev adına Taqanroq Aviasiya Elmi-Texniki Kompleksi (TANTK, Birləşmiş Təyyarə Korporasiyasının tərkibinə daxildir) ilə birgə həyata keçirilir.

“Uçan radar” adlandırılan A-50 “Şmel” (NATO təsnifatına görə “Mainstay”) təyyarəsi İl-76 hərbi-nəqliyyat təyyarəsinin bazasında G.M.Beriyev adına TANTK-da “Vega” EİB (Moskva Elmi-Tədqiqat Cihazqayırma İnstitutu) ilə birlikdə o dövrdə köhnəlmiş Tu-126 “Liana” (NATO təsnifatına görə “Moss”) təyyarəsini əvəz etmək üçün yaradılıb. O, 1989-cu ildə keçmiş SSRİ Hərbi Hava Qüvvələrinin silahlanmasına qəbul edilib. Seriyalı istehsalı Daşkənddə (Özbəkistan) V.P.Çkalov adına zavodda həyata keçiriliib.

Üzərində quraşdırılmış “Şmel” radiotexniki kompleksi ilə birlikdə A-50 aviasiya radiolokasiya aşkarlama və tuşlama kompleksini təşkil edir. A-50, A-50M, A-50İ, A-50Eİ və A-50U kimi modifikasiyaları mövcuddur.

A-50 təyyarəsi hava, böyük yerüstü və dəniz hədəflərinin aşkar edilməsi, izlənilməsi və mənsubiyyətinin müəyyən edilməsi, onlar haqqında komanda məntəqələrinə məlumatların verilməsi, qırıcıların hava hədəflərinə, cəbhə aviasiyası təyyarələrinin isə quru və dəniz hədəflərinə tuşlanması üçün təyin edilib.

A-50Eİ təyyarəsi 2019-cu ildə Pakistanla sərhəd münaqişəsi zamanı Hindistan tərəfindən istifadə edilib.

A-50 təyyarələrindən Rusiyanın Ukrayna müharibəsində də istifadə olunur. KİV-in məlumatına görə, 2023-cü il fevralın 26-da Maçulişidəki hərbi aerodromda pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində bir A-50 təyyarəsi ciddi zədələnib, ikincisi 14 yanvar 2024-cü ildə Azov dənizi üzərində, üçüncü təyyarə (A-50U modifikasiyası) isə 23 fevral 2024-cü il tarixində Krasnodar diyarı üzərində vurulub.

Hazırda Rusiya (A-50 və A-50U modifikasiyaları) və Hindistan (A-50Eİ modifikasiyası) Hərbi Hava Qüvvələrinin silahlanmasındadır.

Bəzi mənbələr səhvən A-50 təyyarəsinin başqa bir operatorunu – İranı göstərirlər. Əslində isə bu onların İl-76MD bazasında inkişaf etdirdikləri “Adnan-2” adlı AWACS təyyarəsidir.

Əhəd Vahidoğlu

CATEGORIES