Rusiya MAR-a atıcı silahının yeni partiyasını tədarük edib

Rusiya Federasiyasının Müdafiə Nazirliyi özünün ehtiyatlarında olan silahlar sırasından Mərkəzi Afrika Respublikasına (MAR) təmannasız olaraq yüngül atıcı silahının yeni partiyasını tədarük edib.
“Poliqon” Rusiya mediasına istinadən xəbər verir ki, 17 may 2021-ci il tarixində göndərilən atıcı silahının yeni partiyası say olaraq növbəti üçüncü partiya olub.
Bu dəfə MAR-nın Silahlı Qüvvələri yardım olaraq avtomatlar, tapançalar, snayper tüfəngləri, RPQ-7 tank əleyhinə əl qumbaraatanları, həmçinin əl qumbaraları və atıcı silahı üçün döyüş sursatı alıb.
Bu partiya bütün dövrlərin ən böyüyü olmaqla yanaşı, 5000 dəstdən artıq Kalaşnikov avtomatını əhatə edib.
Xatırladaq ki, müharibəyə qərq olmuş Afrika ölkəsinə silahların ilk partiyası 2018-ci ilin əvvəlində, ikinci partiyası isə 2019-cu ilin oktyabr ayında tədarük edilib. Bu tədarüklər də təmannasız həyata keçirilib.
Əvvəlki partiyalarda Kalaşnikovun 7,62 mm-lik əl pulemyotları və avtomatları, həmçinin 1944 nümunəli 7,62 mm-lik Mosin tüfəngləri tədarük olunub.
Qeyd edək ki, Rusiya Federasiyası 2020-ci ilin 15 (10 ədəd) və 21 (10 ədəd) oktyabr tarixlərində Rusiya Hava Kosmik Qüvvələrinin 224-cü uçuş dəstəsinin An-124-100 “Ruslan” hərbi yük təyyarəsi ilə ümumilikdə 20 ədəd BRDM-2 zirehli kəşfiyyat dozor maşınlarının iki partiyasını MAR-a çatdırıb.
Bundan başqa, 2020-ci ilin dekabr ayında Rusiya Müdafiə Nazirliyi 300 (bəzi mənbələrə əsasən 535) nəfər hərbi təlimatçını MAR Silahlı Qüvvələrinin şəxsi heyətinin hazırlığı üçün MAR paytaxtı Bangiyə göndərib.
Üçüncü partiya ilə daxil olan yükün Bangi aeroportunda qəbulu mərasimində Mərkəzi Afrika Respublikasının Prezidenti Fosten-Arkanj Tuadera iştirak edib.
Əhəd Əzizov
Poliqon.az




