Rusiya-Ukrayna müharibəsinin altıncı günü – XRONİKA

Fevralın 24-də Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə Ukrayna şəhərlərinin, hərbi obyektlərinin dağıdılması və Ukraynanın müdafiə olunması ilə davam edir. Rusiya silahlı qüvvələri Ukraynanın hərbi infrastrukturuna, hava limanlarına, xəstəxanalarına və mülki obyektlərinə hücum edir. Ukrayna müqavimət göstərir və dəstək qazanır, dünya Rusiyanı təcrid edir.
“Poliqon” Rusiya-Ukrayna müharibəsinin altıncı gününün xronikasını təqdim edir.
– Ukrayna Müdafiə Nazirliyi bildirib ki, martın 1-i səhər saatlarında rus qoşunları ağır silahlarla yenidən hücuma keçib. Mülki və hərbi infrastruktura hücum etmək üçün təxribat və kəşfiyyat qruplarından geniş istifadə olunub. Rusların şimal-şərq istiqamətindən Kiyevə doğru irəliləməsinin qarşısını almaq üçün Siversski rayonunda müdafiə döyüşləri davam edib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, Kiyev ətrafında vəziyyət gərgin olaraq qalır. Rusiya ordusunun atdığı mərmi Kiyevdə “Adonis” özəl doğum evinə düşüb. “Adonis”in baş direktoru Vitali Girin bildirib ki, xəstəxanaya dəyən zərər ciddidir, hamı təxliyə edilib.
– Rusiyanın hərbi aviasiyası martın 1-də səhər saatlarında reaktiv artilleriyadan Xarkov şəhərinin mərkəzi meydanına və bələdiyyə binasına zərbələr endirib. Xarkov şəhəri ətrafında gedən döyüşlərdə bir qrup rus hərbçisi əsir düşüb. Xarkov şəhərində yaşayış evlərini bombalayaraq çoxsaylı insan tələfatına səbəb olan Rusiya təyyarəsi vurulub. Xarkovda atışma nəticəsində insanlar dağıntılar altında qalıb. Bəzi ərazilər işıqsız qalıb. Su təchizatı və istiliklə bağlı problemlər var. Şəhər meri İqor Terekhov bildirib ki, Xarkovda yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində 9 nəfər həlak olub, 37 nəfər yaralanıb, onlardan üçü uşaqdır.
– Martın 1-i səhər saatlarında Rusiya qoşunları “Qrad” yaylım atəşli reaktiv sistemlərlə Çerniqov şəhərini atəşə tutub. Daha sonra, Belarus qoşunları Çerniqov vilayətinə daxil olub. Bu məlumatı Ukraynanın Terrorla Mübarizə Qüvvələrinin “Şimal” regional idarəsinin nümayəndəsi Vitali Kirillov təsdiqləyib.
– Sum vilayətinin dövlət administrasiyasının sədri Dmitri Jiviski bildirib ki, Rusiya qoşunları tərəfindən Ukraynanın Axtırka şəhərində hərbi hissəsinin atəşə tutulması nəticəsində 70-dən çox ölən olub. O, ölənlərin sırasında dinc sakinlərin də olduğunu, həmçinin rusların da xeyli itki verdiyini deyib. Bildirilib ki, güclü müqavimətlə üzləşən rus hərbçiləri Sum vilayətinin kəndlərindən birində çoxlu sayda zirehli texnikanı qoyub qaçıblar.
– Mariupol Ukrayna ordusunun nəzarəti altındadır, lakin hava hücumu nəticəsində yalnız şəhər qalıb. Dövlət Rabitə Xidmətinin məlumatına görə, Rusiya ordusu Xersona hücuma başlayıblar. Ukrayna ordusu Xersonu müdafiə edir.
– Ukrayna Müdafiə Nazirliyinin açıqlamasına görə, Vasilkiv və Brovarı şəhərlərinə qarşı hava hücumu zamanı Ukrayna qırıcıları Rusiyanın 2 döyüş təyyarəsini vurublar. Rusiyaya məxsus daha 3 hərbi təyyarəni Ukraynanın “S-300″ zenit-raket diviziyaları məhv ediblər. Habelə, Kiyev yaxınlığında Ukraynaya məxsus Buk M-1 zenit-raket kompleksi Rusiyanın qanadlı raketini və helikopterini vurub. Ukraynanın Su-25 hücum təyyarələri Rusiyanın zirehli texnika kolonnalarını, Kiyev və Jitomirə hücum edən əsgərlərini raketlərlə vurub. Ukraynanın Su-24M-ləri də Çerniqov vilayətində və Berdyansk yaxınlığında rus qoşunlarının kolonnalarına 4 zərbə endirib.
– Ukrayna silahlı qüvvələri Türkiyə istehsalı olan “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının köməyi ilə Rusiyanın daha iki “Buk” zenit-raket kompleksini məhv edib. Ukrayna ümumilikdə “Bayraktar TB2” pilotsuz uçuş aparatı vasitəsilə Rusiya Silahlı Qüvvələrinin 110-dan çox hərbi texnikasını zərərsizləşdirib.
– Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 29 təyyarəsini, 29 helikopterini, 198 tankını, 846 zirehli texnikasını, 74 topunu, 305 hərbi avtomobilini, 77 artilleriya qurğusunu, 3 pilotsuz uçuş aparatını, 1 “Buk” ZRK-sini, 7 hava hücumundan müdafiə sistemini, 24 yayılım atəşli reaktiv sistemini, 60 yanacaq sisternini və 2 gəmi/qayığını məhv edib. Bildirilib ki, indiyədək Rusiya Ordusunun 5710-dan çox hərbiçisi öldürülüb və 200 nəfər hərbçisi əsir götürülüb.
– Müharibə başlayandan bəri Rusiya Ordusu Ukraynanın dinc əhalisinin yaşadığı şəhər və kəndlərə qurudan və dənizdən ümumilikdə 113 ədəd “İsgəndər” əməliyyat-taktiki raket və “Kalibr” tipli qanadlı raket atıb.
– Rusiya Silahlı Qüvvələri fevralın 24-dən bu günədək ümumilikdə Ukraynanın 975 hərbi obyektini vurub. Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, Ukraynanın 17 hərbi aerodromu, 43 komanda məntəqəsi, 31 S-300, “BuK M-1” və “Osa” ZRK, 48 radar stansiyası, 36 döyüş təyyarəsi, 7 helikopteri, 11 pilotsuz uçuş aparatı, 395 tank və digər zirehli döyüş maşınları, 59 reaktiv yaylım atəşi sistemi, 286 xüsusi təyinatlı hərbi texnikası, 179 artilleriya qurğusu və minaatanı, 2 “Toçka-U” operativ-taktiki raket sistemi, eləcə də 8 döyüş kateri məhv edilib. Martın 1-dən etibarən Ukrayna silahlı qüvvələrinin Azov dənizinə çıxışı tamamilə bağlanıb.
– Rusiya və Ukrayna arasında Ukraynanın Sum vilayətində ilk dəfə əsir mübadiləsi həyata keçirilib. Bildirilib ki, Ukrayna tərəfi 5 hərbçisi qarşılığında 1 rusiyalı zabiti təhvil verib.
– Fevralın 28-də Belarus ərazisində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında qapalı aparılan danışıqlar səmərəli nəticə verməyib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu martın 1-də keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya ordusu Ukraynada qarşısına qoyulan məqsədə çatanadək xüsusi əməliyyatları davam etdirəcək. Ukrayna Prezidenti Volodimir Zelenski öz növbəsində bildirib ki, Moskva ilə tamhüquqlu danışıqların mümkün olması üçün Rusiya Ukrayna şəhərlərini atəşə tutmağı dayandırmalıdır. “Heç olmasa, insanlara atəş açmağı dayandırmaq, sadəcə atəşi dayandırmaq və sonra danışıqlar masasına oturmaq lazımdır. Moskva qoşunlarını 6 gün əvvəl tutduqları mövqelərə çəkməyə razılıq versə, bu, Rusiyanın sülhə hazırlığına işarə olacaq. Əks halda bu, vaxt itkisidir, – deyə V.Zelenski vurğulayıb.
– NATO-nun Baş katibi Yens Stoltenberq söyləyib ki, Putin sülhü məhv etdi, Belarus da işğala yardım etdi. NATO Ukraynanın yanındadır. Bildirilib ki, Belarus qoşunları Rusiyaya yardım etmək üçün Ukraynanın Çerniqov vilayətinə daxil olub. Bu da Belarusun müharibəyə qoşulması anlamına gəlir. Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Belarus Rusiyaya dəstək üçün beş alayını hazır vəziyyətə gətirib. Habelə, Prezidenti Aleksandr Lukaşenko Vladimir Putindən Belarus ərazisinə S-400 ZRK-ləri və digər texnikalarını yerləşdirilməsini xahiş edib.
– Kanadanın baş naziri Castin Tryudo bildirib ki, Kanada hakimiyyəti Ukraynaya 19,6 milyon ABŞ dolları dəyərində tank əleyhinə silahlar tədarük etmək barədə qərar qəbul edib. Bundan əlavə, Kanada Ukraynaya 79 milyon ABŞ dolları miqdarında humanitar yardım ayırıb. Vəsait Ukraynaya və ukraynalı qaçqınları qəbul edən qonşu ölkələrə veriləcək. Bolqarıstan, Polşa və Slovakiya Ukraynaya Polşa aerodromlarında yerləşdiriləcək 70 hərbi təyyarə göndərmək barədə razılığa gəliblər. Fransa Ukrayna ordusuna yanacaq, hərbi texnika, o cümlədən silah dəstəyi göstərəcəyini açıqlayıb.
– Ukrayna Quru Qoşunlarının məlumatına görə, üç tərəfdaş ölkə Ukraynaya 70 ədəd MiQ-29 və Su-25 döyüş təyyarələri verir: Bolqarıstan (MiQ-29) – 16 ədəd; Bolqarıstan (Su-25) – 14 ədəd; Polşa (MiQ-29) – 28 ədəd; Slovakiya (MiQ-29) – 12 ədəd.
– BMT Baş katibi Antoniu Quterreş Ukraynada yaxın aylarda baş verəcək humanitar böhranın qarşısını almaq üçün təşkilatın planlaşdırdığı əsas yardım paketini açıqlayıb. Baş katib bildirib ki, müharibədən təsirlənən və köçkün vəziyyətinə düşmüş 6 milyondan çox insanın ehtiyaclarını qarşılamaq üçün Ukraynaya 1,1 milyard ABŞ dolları, sərhədləri keçərək qonşu ölkələrə köç edən ukraynalılar üçün isə 551 milyon ABŞ dolları məbləğində yardım tələb olunur. A.Quterreş BMT-nin tələb olunan məbləğin toplanması üçün fəaliyyətə başladığını bildirib.
– Rusiyaya qarşı müxtəlif sanksiyalar artan templə davam edib. Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Josep Borrel bildirib ki, Aİ Belarusa, xüsusən də Ukraynaya qarşı hərbi təcavüzdə iştirak edənlərə yeni sanksiyalar tətbiq etmək niyyətindədir. Həmçinin, Yaponiya hökuməti Rusiyanın 49 şirkət və təşkilatına qarşı ixrac sanksiyalarının tətbiqini təsdiqləyib.
– Ukraynadakı vəziyyətlə əlaqədar Rumıniyaya təxliyə olunmuş 176 nəfər Azərbaycan vətəndaşı AZAL-ın təyyarəsi ilə Bakıya gətirilib. Son iki gündə 21 nəfər Azərbaycan vətəndaşı Ukrayna ilə Macarıstan arasındakı sərhəd-keçid məntəqələri vasitəsilə Macarıstan ərazisinə daxil olub. 500 nəfər azərbaycanlı Xarkov şəhərindən Lvov şəhərinə yola salınıb. Azərbaycan vətəndaşları Lvov şəhərindən Ukrayna-Polşa sərhəddinə keçiriləcək. Martın 2-də saat 12:00-da Kiyevin dəmir yol vağzalından Mogilyov-Podolsk şəhərinə qatar yola düşəcək. Qatar Ukraynadakı vəziyyətlə bağlı canlı növbə əsasında ciddi təhlükə ilə üzləşmiş Azərbaycan vətəndaşları üçün planlaşdırılıb.
– Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “Facebook” hesabında yazıb ki, azərbaycanlılar Ukraynaya humanitar yardımla dəstəyin verilməsində fəal iştirak edirlər. Son 24 saat ərzində 3,5 tondan çox yük toplanıb. Səfir Azərbaycan xalqına təşəkkür edib.




