Xəbərlər

Rusiya-Ukrayna müharibəsinin iyirmi beşinci günü – XRONİKA

Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə Ukrayna şəhərlərinin, hərbi obyektlərinin dağıdılması və Ukraynanın müdafiə olunması ilə davam edir. Rusiya silahlı qüvvələri Ukraynanın hərbi infrastrukturuna, hava limanlarına, xəstəxanalarına və mülki obyektlərinə hücum edir. Bəzi istiqamətlərdə Ukrayna silahlı qüvvələri əks-hücuma keçir. Ukrayna müqavimət göstərir və dəstək qazanır, dünya Rusiyanı təcrid edir.

“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin iyirmi beşinci gününün xronikasını təqdim edir.

– Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, martin 20-də Kiyevə növbəti dəfə irəliləməyə cəhd edən rus ordusunun 6-cı tank alayının birləşmiş dəstəsi məhv edilib. Brovarski rayonunda bəzi istiqamətlərdə rus bölmələri yanacaq və ərzaq çatışmazlığı yaşayıb.

– Rusiya silahlı qüvvələri Mariupolun Levoberejnıy rayonundakı 12 saylı incəsənət məktəbinə bomba atıb. Həmin vaxt məktəbdə sığınacaqda çoxu uşaq, qadın və yaşlı olmaqla 400-ə yaxın dinc ukraynalı olub. Bombardman nəticəsində bina uçub. Dağıntılar altında hələ də dinc sakinlərin qaldığı bildirilib. Xəsarət alanların sayı dəqiqləşdirilir. a4 4Həmçinin, martın 16-da Rusiya qırıcıları Mariupolda dinc sakinlərin sığındıqları dram teatrının binasını da bombalayıb. Orada da yüzlərlə dinc sakinin olduğu bildirilib.

– Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna Ordusunun HHM qüvvələri Rusiyanın 3 döyüş helikopterini vurub. Bildirilib ki, Rusiya qismən məhv edilən texnikalarını bərpa edib, xarici muzdluları Ukrayna ilə sərhəd rayonlara yerləşdirib. Rusiyanın müvəqqəti olaraq nəzarət etdiyi ərazilərdə sərt inzibati-polis rejimi ilə humanitar böhran yaratdığı qeyd olunub.

– Ukrayna ordusunun əsgərləri Rusiyanın böyük hərbi kolonunu məhv edib. Rəsmi məlumata əsasən, Rusiyanın 3 BMD-3, 4 BTR, 4 MT-LB, komanda-qərargah BTR-i, 2 PDM-2, 2 BMD-8, 1 tank və digər ağır texnikalarının sıradan çıxarılıb.

– Rusiya Silahlı Qüvvələri Kostroma 331-ci Qvardiyasının paraşüt zərbə alayının Kiyev istiqamətində döyüşən hərbçiləri məhv edilib, onlardan yalnız biri sağ qalıb. Yaranmış şərait fonunda Rusiya Qara Dəniz Donanmasının komandanlığı müqavilə əsasında xidmət edən 810-cu piyada dəniz desantlarının 7-ci desant-hücum diviziyasının 130 hərbçisini əvəzləmək üçün təcili tədbirlər gördüyü məlumdur. Ukraynanın Donetsk vilayəti üzrə Rusiyanın kuratoru 1-ci ordu korpusuna yeni qüvvələri cəlb etmək üçün növbəti səfərbərlik elan edib. a3 4Səfərbərlik üçün yaş həddini 65-ə qaldırıblar. Ukrayna tərəfinin açıqlamasına görə, Rusiyanın nəzarəti altında olan Luqansk vilayətində fəaliyyət göstərən 2-ci ordu korpusundan hər gün əsgər meyitləri ilə dolu yük maşınları Luqansk, Sorokina və Dovjansk yaşayış məntəqələrinə gəlir.

– Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi, general-mayor İqor Konaşenkov bildirib ki, Rusiya Silahlı Qüvvələrinin aviasiyası gün ərzində Ukraynanın 89 hərbi obyektini, o cümlədən dörd komanda məntəqəsi və 65 hərbi texnikanın cəmləşdiyi ərazini vurub. Onların arasında 4 komanda məntəqəsi, 2 yaylım atəşli reaktiv sistemi, 9 artilleriya qurğusu, 5 raket və artilleriya silahı və sursat anbarı yer alıb. Eyni zamanda, Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 7 pilotsuz uçuş aparatını (PUA) havada vurub. İqor Konaşenkov əlavə edib ki, Ukraynanın Jitomir vilayətinin Ovruç yaşayış məntəqəsinə yüksəkdəqiqlikli raketlə zərbə endirilməsi nəticəsində Ukraynada döyüşməyə gələn əcnəbi muzdlular bazasının 100-dən çox muzdlu və hərbçi ölüb.

– Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkovun sözlərinə görə, Ukraynanın Krım ərazisindən “Xəncər” (“Kinjal”) hipersəsli aviasiya raket sistemi ilə Nikolayev vilayətinin Konstantikovka yaşayış məntəqəsindəki böyük yanacaq-sürtkü materialları bazası məhv edilib. O bildirib ki, 19 və 20 mart tarixlərində Ukraynanın hərbi infrastrukturlarına yüksəkdəqiqlikli silahlarla zərbə endirilib. Qeyd edək ki, Konaşenkov bu gün “Xəncər”lə yanaşı, “Kalibr” tipli qanadlı raketlərindən də istifadə edildiyini təsdiqləyib.

a2 4– Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, Donetsk silahlı separatçı qruplaşması Stepnoe yaşayış məntəqəsini ələ keçirib. Bu istiqamətdə Ukraynanın 53-cü mexanikiləşdirilmiş briqadasının 25 əsgəri öldürülüb, 2 tank, 2 PDM, 5 hərbi maşını məhv edilib. Bildirilib ki, bütövlükdə gecə ərzində baş verən döyüşlərdə 40-a qədər Ukrayna əsgəri öldürülüb.

– Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 214 PUA-sı, 1483 tank və digər zirehli döyüş maşınları, 150 reaktiv yaylım atəşi sistemi, 1279 xüsusi təyinatlı hərbi texnikası, 584 artilleriya qurğusu və minaatanı məhv edilib.

– Ukrayna Müdafiə Nazirliyi döyüşlərdə Rusiya Silahlı Qüvvələrinin məhv edilən silah və texnikalarının, eləcə də həlak olan hərbi qulluqçularının yeni sayını açıqlayıb. Bildirilib ki, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 96 təyyarəsini, 118 helikopterini, 476 tankını, 1487 zirehli texnikasını, 947 hərbi avtomobilini, 230 artilleriya qurğusunu, 21 PUA-sını, 44 hava hücumundan müdafiə sistemini, 74 yayılım atəşli reaktiv sistemini, 12 xüsusi nəqliyyat vasitəsini, 60 yanacaq sisternini və 3 gəmi/qayığını məhv edib. İndiyədək Rusiya Ordusunun 14 700 nəfərdən çox hərbiçisi öldürülüb.

– Rusiya hərbçilərinin Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan indiyədək Kiyevdə 4-ü uşaq olmaqla 228 nəfər həlak olub. Həmçinin 16-sı uşaq olmaqla 912 nəfər xəsarət alıb.a1 4

– Ukrayna Prezidenti Vladimir Zelenski martın 26-dan Ukraynada hərbi vəziyyətin 30 gün uzadılmasını nəzərdə tutan qanun imzalayıb.

– BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsinin yaydığı məlumata görə, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları nəticəsində 847 dinc sakin ölüb, 1 399-ü isə yaralanıb. Bildirilib ki, real rəqəmlər bundan çox ola bilər. 3 milyon 63 mindən çox ukraynalı hərbi əməliyyatlara görə xaricə, əsasən Polşaya köçüb, yəni, qaçqın düşüb. Qeyd edək ki, yerli hakimiyyət təkcə Ukraynanın Mariupol şəhərində Rusiyanın hərbi müdaxiləsi nəticəsində 2 mindən çox dinc sakinin öldüyünü bildirmişdi.

– BMT-nin miqrasiya agentliyi 6,5 milyona yaxın ukraynalının müharibənin başlaması səbəbindən evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib. Hazırda Ukraynada 12 milyondan çox insan artan təhlükəsizlik riskləri, körpülərin, yolların dağıdılması, sığınacaq tapmaq üçün resursların və ya məlumatın olmaması səbəbindən təsirlənmiş ərazilərdə ilişib qalıb və ya həmin ərazini tərk edə bilmir. BMT-nin Qaçqınlar üzrə Agentliyi müharibənin İkinci Dünya Müharibəsindən sonra Avropada ən ağır qaçqın böhranına səbəb olduğunu bildirib.

Rizvan Fikrətoğlu

Poliqon.az

Back to top button