Xəbərlər

Rusiya-Ukrayna müharibəsinin iyirmi doqquzuncu günü – XRONİKA

Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə Ukrayna şəhərlərinin, hərbi obyektlərinin dağıdılması və Ukraynanın müdafiə olunması ilə davam edir. Rusiya silahlı qüvvələri Ukraynanın hərbi infrastrukturuna, hava limanlarına, xəstəxanalarına və mülki obyektlərinə hücum edir. Bəzi istiqamətlərdə Ukrayna silahlı qüvvələri əks-hücuma keçir. Ukrayna müqavimət göstərir və dəstək qazanır, dünya Rusiyanı təcrid edir.

“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin iyirmi doqquzuncu gününün xronikasını təqdim edir.

– Martın 24-də Ukrayna ordusu Rusiya silahlı qüvvələrini Kiyevdən uzaqlaşdırmağa nail olub. Rusiya hərbçiləri Kiyevdən 25-35 km şərqə geri çəkilib. Ukrayna ordusu Rusiyanın Kiyevdə 3 tankını və 9 PDM-ni məhv edib, 1 MT-LB zirehli maşınını isə qənimət götürüb.u5

– Kiyev vilayətində Ukrayna hərbçiləri Rusiya ordusunun mövqelərinə ağır artilleriya zərbələri endirib. Ötən sutka ərzində Ukrayna müdafiə qüvvələri şərq, cənub-şərq və şimal-şərq istiqamətlərində müdafiə əməliyyatlarını davam etdiriblər.

– Kiyev şəhərində Rusiyanın daha bir diversiya qrupu zərərsizləşdirilib. Ukrayna ordusu son 3 gün ərzində Kiyevdə Rusiyanın 150-dən çox diversantını məhv edib. Daha 50 təxribatçı isə aşkar edilərək saxlanılıb. Məlumata görə, təxribatçılar Kiyevi artileriya zərbələrinə məruz qoymağa çalışıb, blok-postlara hücum təşkil ediblər.

– Son 24 saat ərzində Ukrayna ərazisində Rusiyanın 250-dən çox təyyarə uçuşu qeydə alınıb. Ukrayna ordusu son sutkada Rusiyanın 7 hərbi təyyarəsini, 1 helikopterini, 1 pilotsuz uçuş aparatını, 2 qanadlı raketini məhv edib.

– Ukrayna ordusu Azov dənizinin Berdyansk şəhəri sahillərində Rusiyanın “Orsk” adlı iri desant gəmisini məhv edib. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri Rusiya gəmisinin partladıldığını və yandığını əks etdirən görüntülər yayımlayıb.

– Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib ki, Rusiya ordusunun hücum etdiyi istiqamət İzyum, Marinku və Mariupol, nisbətən də Dneprin şərq sahili və Xerson vilayətidir. Onun sözlərinə görə, gün ərzində Rusiyanın 49-cu ordusunun cənubdakı ön komanda məntəqəsi məhv edilib.

– Fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 108 təyyarəsini, 124 helikopterini, 530 tankını, 1597 zirehli texnikasını, 1033 hərbi avtomobilini, 280 artilleriya qurğusunu, 50 PUA-sını, 47 hava hücumundan müdafiə sistemini, 82 yayılım atəşli reaktiv sistemini, 16 xüsusi nəqliyyat vasitəsini, 72 yanacaq sisternini və 4 gəmi/qayığını məhv edib. İndiyədək Rusiya Ordusunun 15 800 nəfər hərbiçisi öldürülüb.

u4– Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 257 PUA-sı, 1579 tank və digər zirehli döyüş maşınları, 1367 xüsusi nəqliyyat vasitəsi, 160 reaktiv yaylım atəşi sistemi, 202 zenit-raket kompleksi, 633 artilleriya qurğusu və minaatanı məhv edilib.

– Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov bildirib ki, Rusiya hərbi birləşmələri Ukraynanın Xarkov vilayətinin İzyum şəhərini ələ keçirib. Rusiya Müdafiə Nazirliyi Ukraynanın zenit-raket kompleksini məhv etməsinin görüntülərini yayıb.

– Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd edilib ki, gecə ərzində Rusiya dəniz və hava bazalarından yüksəkdəqiqlikli silahlarla Ukraynanın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirilib. Bildirilib ki, zərbələr nəticəsində Kiyevin cənubunda Ukraynanın 9 ədəd S-300 və 4 ədəd “Buk-M1” zenit-raket kompleksləri məhv edilib.

– Rusiya Ukraynanın 10 hərbçisini və 100-ə yaxın vətəndaşını əsir götürüb. Bu gün Ukrayna Prezidenti Volodimir Zelenskinin göstərişi ilə ilk tam hüquqlu hərbi əsir mübadiləsi baş tutub. Belə ki, Ukrayna Rusiyanın əsir götürdüyü 10 hərbçisini eyni sayda əsgərlə dəyişdirib. Mübadilə nəticəsində həmçinin Ukraynanın 19 mülki dənizçisi xilasetmə gəmisindən evlərinə qayıdıb.

– Bu gün NATO Belçikanın paytaxtı Brüsseldə baş tutan fövqəladə iclasında Ukraynaya daha çox dəstək vermək barədə qərar qəbul edib.

– Xerson vilayətində Rusiya işğalçılarına qarşı etiraz aksiyaları keçirilib.

– Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiyanın Ukraynaya hücumunun səhiyyə sisteminə ciddi ziyan vurduğunu açıqlayıb. ÜST-ün açıqlamasında Rusiyanın hücumundan bu yana 64 sağlamlıq mərkəzinə hücum edildiyi, bu hücumlarda ən azı 15 nəfərin öldüyü, 37 nəfərin yaralandığını bildirilib.u3

– Rusiya-Ukrayna müharibəsi başlayandan indiyə kimi Ukraynada 977 dinc sakin həlak olub, 1 594 nəfərdən çox dinc sakin yaralanıb. Məlumata görə, müharibə zamanı 3 milyondan çox insan Ukraynanı tərk edərək qonşu ölkələrə sığınıb. Onların əksəriyyəti Polşaya gedib. Bir ay ərzində Rusiya qoşunları tərəfindən 120-dən çox ukraynalı uşaq öldürülüb

– Ukrayna Azərbaycanlıları Radasının ofisi – Azərbaycan Evində Kiyev sakinləri üçün yardım aksiyası təşkil edilib. Bildirilib ki, təxminən hər gün 250-300 nəfər Azərbaycan Evinə gələrək ehtiyacı olan məhsulları əldə edir. Bundan başqa, təşkilat Kiyev ətrafındakı qəsəbə və kəndlərin sakinlərinin də gündəlik zəruri tələbat məhsulları ilə təminatına dəstək göstərir.

Rizvan Fikrətoğlu

Poliqon.az

Back to top button